Kəlbəcər və Kəngərli məktəblərində ilk dəfə buraxılış imtahanları keçirilib

5 Aprel, 2026 - 21:05
Kəlbəcər və Kəngərli məktəblərində ilk dəfə buraxılış imtahanları keçirilib

İşğaldan azad olunan ərazilərdə – Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu gün Xankəndi, Şuşa, Xocalı, Kəlbəcər şəhər və rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.

İmtahanlar Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində keçirilib.

İşğaldan azad olunan ərazilərdə 5 imtahan binasında təşkil edilən imtahanlarda ümumilikdə 202 şagirdin iştirak edib. İmtahanların idarə olunmasına 5 bina nümayəndəsi, 5 imtahan rəhbəri və 18 zal nəzarətçisi cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün məntəqələrdə proses təlimata uyğun şəkildə aparılıb, şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.