Ağalı kəndində veloyürüş təşkil edilib
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Yürüşün sonunda qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.
Veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.
Bu cür tədbirlər, eyni zamanda, uşaqlar arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmləndirilməsi, gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə və Zəfər Gününün daşıdığı tarixi əhəmiyyətin daha dərindən dərk olunmasına töhfə verir.




