Keniyada məktəbi yandıran şagirdlər saxlanılıb
Keniyada qızlar məktəbində 16 şagirdin ölümü ilə nəticələnən yataqxana yanğını ilə bağlı saxlanılan 9 şagirdin 21 gün müddətinə nəzarətdə saxlanılmasına qərar verilib.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Naivaşa şəhər məhkəməsi istintaqın tamamlanması və ittihamların müəyyənləşdirilməsi üçün şagirdlərin uşaq evində saxlanılmasına icazə verib.
Mayın 28-də baş verən yanğın Mərkəzi Keniyada yerləşən Utumişi Qızlar Məktəbinin 202 şagirdin qaldığı yataqxanasını bürüyüb və nəticədə 16 uşaq həlak olub.
Müstəntiqlərin məlumatına görə, yataqxananın nəzarətçisi fövqəladə çıxış qapısını açmayıb və şagirdlər binanı yalnız bir qapıdan tərk etməyə məcbur olublar.
İstintaq zamanı müəyyən edilib ki, yanğın yataqxananın çıxış hissəsində yerləşən döşəyin kibrit və kerosinlə yandırılması nəticəsində baş verib.
Polis şagirdlərin dindirilməsi və müşahidə kameralarının görüntülərinin araşdırılmasından sonra 9 qızı saxlayıb.
Hüquq-mühafizə orqanları bildiriblər ki, videolarda bəzi şagirdlərin yataqxanada qəsdən yanğın törətdiyi görünür.
Hadisə ölkədə geniş rezonans doğurub və məktəblərdə təhlükəsizlik tədbirlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.



