"Keyfiyyətli təhsilə çıxış dövlət siyasətinin əsas istiqamətlərindəndir" – Bahar Muradova
"Uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial şəbəkə hesabında paylaşdığı yazıda bildirib.
Paylaşımda qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Bu siyasətin əsas məqsədlərindən biri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının təmin edilməsi, təhlükəsiz və sağlam mühitdə böyüməsi, sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyət həyatında fəal iştirakına şərait yaradılmasıdır.
B.Muradova bildirib ki, son illərdə qəbul edilən qanun və qərarlar uşaqların təhsil hüququnun genişləndirilməsi, inklüziv təhsil imkanlarının artırılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə yaşayan və peşə təhsili alan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər sosial ədalət prinsipinin möhkəmləndirilməsinə xidmət edir.
Paylaşımda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, xüsusi təhsil və reabilitasiya xidmətləri üzrə standartların yenilənməsi, eləcə də inklüziv təhsil imkanlarının artırılması istiqamətində görülən işlərə də toxunulub.
Komitə sədri vurğulayıb ki, son illər ölkədə onlarla yeni təhsil müəssisəsi inşa olunub, bir sıra məktəblərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, əlavə korpuslar tikilib. Minlərlə gəncin peşə təhsilinə cəlb edilməsi əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması baxımından mühüm nəticə kimi qiymətləndirilib.
Bildirilib ki, təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yüzlərlə şagird yenidən təhsilə cəlb olunub. Eyni zamanda, əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinin genişləndirilməsi, xüsusi təhsil proqramlarının inkişafı və reabilitasiya xidmətlərinin əlçatanlığının artırılması dövlətin inklüziv təhsil siyasətinin mühüm tərkib hissəsidir.
B.Muradova vurğulayıb ki, uşaqların hüquqlarının qorunması yalnız sosial məsələ deyil, həm də insan kapitalının inkişafı və ölkənin dayanıqlı gələcəyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Uşaqlara göstərilən qayğı Azərbaycanın gələcəyinə göstərilən qayğıdır.



