Kimyaçı alimlər karbohidrogenlərin oksidləşməsinin qarşısını alan daha təsirli inhibitor alıblar
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və ABŞ-ın Virginia Commonwealth Universitinin aparıcı alimlərinin müştərək tədqiqatlarının nəticələri Web of Science bazasında indekslənən Journal of the Indian Chemical Society IF 3,2, (CiteScore -3.5, kvartil-Q3) jurnalında nəşr olunub.
İnstitutdan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, kompleks tədqiqat işi karbohidrogenlərin oksidləşməsinin qarşısını alan yeni inhibitorun alınması və müfəssəl tədqiqindən bəhs olunur. Alınan yeni birləşmənin monokristalı yetişdirilib və onun əsas xarakteristikaları öyrənilib. X-şüalarının difraksiya analizindən istifadə etməklə sintez edilmiş maddənin strukturu öyrənilib və kristal hüceyrənin parametrləri təyin edilib və xüsusi elektrik keçiriciliyi hesablanıb.
Kinetik üsulla model reaksiyalarda sintez olunan birləşmələrin antioksidant xassələri öyrənilərək müəyyən edilib ki, müvafiq kompleks karbohidrogen oksidləşməsinin təsirli inhibitorlarıdır və antioksidant təsir mexanizmi oksidləşmə zəncirlərinin qırılması nəticəsində yaranır.


