Kitabı uşaqların gündəminə gətirən layihə Sumqayıt məktəbində

8 İyun, 2026 - 14:14
Kitabı uşaqların gündəminə gətirən layihə Sumqayıt məktəbində

Mayın 3-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəb, elm və ədəbiyyat” layihəsinin növbəti görüşü keçirildi.  

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəblilərin rəsm əsərlərindən ibarət sərgi qonaqlarda xoş təəssürat yaratdı. Sərgi ilə tanışlıq zamanı şagirdlərin yaradıcılıq potensialı və incəsənətə marağı xüsusi diqqət çəkdi.

Daha sonra alimlər və yazarlar məktəb kitabxanasına kitablar hədiyyə etdilər. Bu təşəbbüs layihənin əsas məqsədinə - məktəblərdə mütaliə mühitinin gücləndirilməsinə xidmət edən praktik addım kimi dəyərləndirildi.

Görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları Elnarə Akimova və Mehriban Vəliyeva, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları,  uşaq yazarlarımız Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, şairlərdən İbrahim İlyaslı və Elvin Əlizadə iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev belə görüşlərin uşaqların mütaliəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, kitabın məktəb həyatında yenidən əsas mövqeyə qayıtması üçün müəllimlərin, valideynlərin və ictimaiyyətin birgə səylərinə ehtiyac var.

Daha sonra söz alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında uşaqlıq xatirələrinə qayıdaraq ilk dəfə dörd yaşında “Göyərçin” jurnalını oxuduğunu və həmin jurnalın onda mütaliəyə böyük maraq yaratdığını bildirdi. 

İsa Həbibbəyli Azərbaycan maarifçilik tarixinin mühüm mərhələlərindən danışaraq XIX əsrin ikinci yarısını milli düşüncənin formalaşdığı, təhsilin və mədəniyyətin inkişaf etdiyi dövr kimi xarakterizə etdi.

Akademik Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və digər maarifçi ziyalıların Azərbaycan cəmiyyətinin inkişafındakı xidmətlərini xüsusi vurğuladı. O qeyd etdi ki, bu şəxsiyyətlərin irsi bu gün də məktəb, elm və ədəbiyyat sahəsində aparılan işlərin ideya əsaslarından biri olaraq qalır.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqətdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsindən bəhs edildi.

Layihənin rəhbəri, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında “Məktəb, elm və ədəbiyyat” layihəsinin yaranma məqsədindən və onun əsas ideya xəttindən geniş bəhs etdi. O bildirdi ki, layihənin başlıca hədəfi region məktəblərində mütaliə mühitini gücləndirmək, uşaqları yazıçı və alimlərlə birbaşa ünsiyyətə gətirmək və kitabı yenidən gündəlik həyatın vacib bir hissəsinə çevirməkdir.

Elnarə Akimova qeyd etdi ki, müasir dövrdə informasiya bolluğu içində böyüyən uşaqlar üçün kitab oxuma vərdişinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: “Biz istəyirik ki, uşaq kitabı təkcə dərs vəsaiti kimi deyil, həyatının bir parçası kimi qəbul etsin. Kitab oxuyan uşaq düşünən uşaqdır, düşünən uşaq isə sabahın məsuliyyətli vətəndaşıdır. Bu baxımdan regionlarda mütaliə mühitinin gücləndirilməsi bizim üçün strateji əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında tədbirdə iştirak edən məktəblilərin fəallığını yüksək qiymətləndirdi. O qeyd etdi ki, uşaqların gözlərində kitaba olan marağı və sevinc hissini görmək son dərəcə təsirlidir: “Bu gün burada səslənən şeirlər, uşaqların hazırladığı proqram göstərdi ki, onlar bu görüşü səbirsizliklə gözləyiblər və böyük həvəslə hazırlaşıblar”.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə isə çıxışında kitabın və mütaliənin təbliğinin dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirdi. 

Rəsmi çıxışlardan sonra yazarlar Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, İbrahim İlyaslı və Elvin Əlizadə uşaqlarla səmimi söhbət apararaq oxumağın, yazmağın və mütaliənin insan həyatındakı rolundan danışdılar.

Məktəblilər tanınmış yazarların şeirlərini səsləndirdilər, mahnılar oxudular, rəqs nömrələri nümayiş etdirdilər.
 
Tədbirin sonunda məktəbin direktoru Qönçə Səftərova çıxış edərək qonaqlara və təşkilatçılara minnətdarlığını bildirdi. 

Beləliklə, Sumqayıtda keçirilən növbəti görüş bir daha göstərdi ki, məktəb, elm və ədəbiyyatın vəhdəti təkcə maarifçilik missiyası daşımır, həm də uşaqlarda oxumaq, düşünmək və öyrənmək həvəsini gücləndirən mühüm ictimai platformadır. Layihənin əsas uğuru da məhz budur: kitabı yenidən uşaqların gündəminə gətirmək və onu həyatın vacib dəyərlərindən birinə çevirmək! 

Kitabı uşaqların gündəminə gətirən layihə Sumqayıt məktəbində