Könüllülük tələbələrin karyera imkanlarına necə təsir göstərir?
Tələbəlik illəri yalnız akademik biliklərin əldə edildiyi dövr deyil, həm də gələcək karyera üçün zəruri bacarıqların formalaşdığı mühüm mərhələdir. Bu baxımdan tələbəlik dövründəki könüllülük fəaliyyəti tələbələrin həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynayır.
Bəs könüllülük təcrübəsi işə qəbul zamanı nə dərəcədə nəzərə alınır və bu fəaliyyət tələbələrin karyera imkanlarına necə təsir göstərir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Könüllü Təşkilatları İttifaqının İctimaiyyətlə əlaqələr üzrə meneceri Turə Rəcəbova bildirib ki, könüllülük fəaliyyəti tələbələrin yalnız asudə vaxtlarını səmərəli keçirməsi deyil, eyni zamanda onların gələcək karyerasına mühüm töhfə verən inkişaf platformasıdır:
“Könüllülük zamanı gənclər komanda ilə işləmək, ünsiyyət qurmaq, məsuliyyət götürmək, vaxtı düzgün idarə etmək, müxtəlif layihələrdə iştirak etmək və real iş mühitində təcrübə qazanmaq imkanları əldə edirlər.
Bu fəaliyyət xüsusilə tələbələr üçün ona görə əhəmiyyətlidir ki, onlar hələ universitet illərində öz maraq və bacarıqlarını sınaya, hansı istiqamətdə inkişaf etmək istədiklərini müəyyənləşdirə bilirlər. Eyni zamanda, könüllülük onların əmək bazarında digər namizədlərdən fərqlənmələrinə kömək edir.
Biz Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq bunun real nəticələrini də müşahidə edirik. Elə könüllülərimiz var ki, hər hansı bir dövlət qurumda könüllü kimi fəaliyyətə başlayıb, öz bacarıq və məsuliyyətləri ilə fərqlənib, daha sonra həmin qurumda əməkdaş kimi fəaliyyətlərini davam etdiriblər. Bu, könüllülüyün gənclər üçün bir növ karyera başlanğıcı və peşəkar inkişaf məktəbi rolunu oynaya bildiyini göstərir”.
T.Rəcəbovanın sözlərinə görə, burada ən vacib məqam odur ki, könüllülük fəaliyyətinə yalnız “təcrübə toplamaq” kimi yanaşılmasın:
“Könüllü real məsuliyyət daşımalı, təşəbbüs göstərməli və gördüyü işə dəyər qatmalıdır. Çünki bu prosesdə qazanılan bilik və bacarıqlarla yanaşı, formalaşan işgüzar münasibətlər və etimad da gələcək karyera üçün böyük əhəmiyyət daşıyır.
İnanırıq ki, universitet illərində könüllülük fəaliyyətinə qoşulan gənclər həm cəmiyyətə fayda verir, həm də öz gələcək karyeralarına sərmayə qoyurlar. Bu baxımdan könüllülük gənclər üçün sadəcə bir fəaliyyət deyil, özünü kəşf etmək, təcrübə qazanmaq və gələcək peşəkar həyata hazırlaşmaq üçün mühüm fürsətdir”.




