Kreativlik həyat boyu necə dəyişir?

1 Dekabr, 2025 - 16:48
Kreativlik həyat boyu necə dəyişir?

"Şübhəsiz ki, yaradıcılıq ən vacib insan resursudur. Yaradıcılıq olmasaydı, irəliləyiş olmazdı və biz həmişə eyni nümunələri təkrarlayardıq" - Edvard De Bon

Kreativlik, yeni və orijinal fikirlər yaratma, problemləri fərqli yanaşmalarla həll etmə və mövcud məlumatlardan yenilikçi yollarla istifadə etmə bacarığıdır. Bu, yaradıcı təfəkkür və fəaliyyətin bir parçasıdır.
Kreativlik vacibdir, çünki o, problemlərin həllinə, innovasiyaya və şəxsi inkişafa təkan verir, zehni və fiziki rifahı yaxşılaşdırır. Bu, fərdlərin dəyişikliyə uyğunlaşmasına, özlərini ifadə etməsinə və başqaları ilə əlaqələr qurmasına imkan verir. Biznesdə, təhsildə kreativlik uğur və qeyri-müəyyən gələcəyə hazırlaşmaq üçün çox vacibdir.

Bu, hazırda 21-ci əsrin ən vacib bacarığı kimi qəbul olunur. Amma beynəlxalq səviyyədə aparılan bəzi araşdırmalar çox maraqlı bir nəticə ortaya qoyur: bizim təhsil sistemlərimiz bu həyati bacarığın inkişafına deyil, itirilməsinə səbəb ola bilər.

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) araşdırması 

Bu mövzu ilə bağlı ən diqqətçəkən tədqiqatlardan biri Corc Land və Bet Carman tərəfindən aparılıb. Onlar  NASA mühəndislərinin yaradıcılığını ölçmək üçün hazırlanmış bir testi uşaqlar üzərində tətbiq ediblər. Bu test divergent düşünməni, yəni bir problemə fərqli, çoxsaylı və orijinal həll yolları tapmaq qabiliyyətini ölçür. 
Araşdırmanın nəticələrinə əsasən,  uşaqların kreativlik testindən keçmə faizi aşağıdakı kimi idi: 

* 5 yaşlı uşaqların 98%-i yüksək kreativliyə malik olub. Yəni demək olar ki, bütün uşaqlar testdə yaradıcı düşüncə bacarıqlarını nümayiş etdiriblər
* 10 yaşında bu göstərici 30%-ə düşür.  Bu o deməkdir ki, uşaqların əksəriyyəti artıq “qeyri-kreativ” davranışlar öyrənib və yaradıcı düşüncə bacarıqları azalıb.
* 15 yaşında isə yalnız 12% uşaq yüksək kreativliyini saxlayıb.
* Yetkinlərdə isə yalnız 2% bu testi uğurla keçə bilib. 

Beləliklə, bu faizlər göstərir ki, uşaqlıqda kreativlik çox yüksəkdir, amma yaş artdıqca və təhsil/sosial qaydalar öyrədildikcə azalır. Corc Land buna görə deyirdi ki, “qeyri-kreativ davranış öyrənilir.”

Keativlik niyə itir?

Tədqiqatlar adətən yaradıcı düşüncəni iki fərqli prosesə ayırır: divergent və konvergent düşüncə. 
Divergent təfəkkür çoxlu yeni həllərin mümkün olduğu, konvergent təfəkkür isə dəqiq müəyyən edilmiş problemin konkret həllini tapmaq prosesidir.

Kreativliyin itməsinin əsas səbəbi kimi təhsil sistemlərinin, adətən, yalnız bir doğru cavab tələb edən konvergent düşünməni önə çəkməsi göstərilir. Şagirdlər tənqid olunmamaq üçün sual verməkdən çəkinir və yalnız "düzgün" hesab edilən yolu izləməyə öyrəşirlər. Belə bir mühitdə isə orijinal ideyalar və fərqli yanaşmalar yoxa çıxır.

Lakin qlobal biznes dünyası artıq fərqli tələblər irəli sürür. 2010-cu ildə IBM-in apardığı sorğuya görə, biznes liderləri üçün ən vacib keyfiyyət kreativlik idi. Bununla yanaşı, adaptasiya, problem həll etmə və təşəbbüskarlıq bacarıqları da yüksək qiymətləndirilirdi. Bu da gələcəyin iqtisadiyyatının qeyri-standart düşünməyə və çevikliyə ehtiyac duyduğunu göstərir.

Təhsil sistemlərində dəyişiklik zərurəti

Bu tələbləri görən bəzi ölkələr, məsələn, Sinqapur və Çin hələ 1990-cı illərin sonunda öz kurikulumlarında ciddi dəyişikliklər ediblər. Onlar təhsilə "21-ci əsrin bacarıqları"nı inteqrasiya edərək qurublar. 

Əvvəllər dərslər əsasən faktların əzbərlənməsinə və imtahan nəticələrinə yönəlmişdi. Dəyişiklikdən sonra şagirdlərdən kritik düşünmə, yaradıcılıq, problem həll etmə və müstəqil qərar vermə bacarıqları tələb olunur.
Məktəb fənləri yalnız məlumat ötürmək üçün deyil, təcrübə və layihə əsaslı öyrənmə üçün quruldu. Şagirdlər müxtəlif tapşırıqlarda təhlil etmə, müzakirə və yeni ideyalar yaratma bacarıqlarını inkişaf etdirirlər.
Əməkdaşlıq, komanda işi, kommunikasiya, texnologiyadan istifadə, kritik və yaradıcı düşüncə kimi bacarıqlar ön plana çıxır. Məqsəd məktəbi şagirdlərin passiv öyrənməsi üçün deyil, aktiv düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməsi üçün bir yerə çevirməkdir.

Yaradıcılıq tədqiqatçısı E. Paul Torrance məktəblərə "əgər belə olsaydı?" tipli stimullaşdırıcı suallar daxil etməyi tövsiyə edib. O deyirdi ki, müəllim "Çaldıran döyüşü nə zaman baş verib?" kimi əzbər suallar vermək əvəzinə, "Əgər Osmanlı dövləti bu döyüşdə qalib gəlməsəydi, nə baş verərdi?" deyə soruşmalıdır. Bu yanaşma şagirdlərdə fərqli ssenarilər yaratmaq, yəni divergent düşünməni inkişaf etdirmək üçün çox vacibdir.

Kreativlik yaşla bitmir

Kreativliklə bağlı yayğın bir yanlış fikir var: kreativlik yaşla bitir. Halbuki, müasir tədqiqatlar göstərir ki, yaradıcılıq potensialı yaşla azalmaq əvəzinə sadəcə təzahür formasını dəyişir. Bəzi mənbələr kreativliyin 40-50 yaşlarda pik həddə çatdığını irəli sürür. Daha sonra isə toplanmış təcrübə və dərin bilik ilə birləşərək daha təkmil bir mərhələyə keçdiyi bildirilir.

Unutmayaq ki, kreativlik yaşla bitən bir hobbi deyil, o, insanın daim inkişaf edən təcrübəsi və dərin biliklə təkminləşən həyat bacarığıdır. 

Əgər öz kreativlik səviyyənizi bilmək istəyirsinisə, linkə keçid edərək öyrənə bilərsiniz.

Nərmin Məmmədzadə