Kurikulum layihə deyil, tədris prosesinin təşkili üçün plan və bələdçidir

1 Oktyabr, 2026 - 13:20
Kurikulum layihə deyil, tədris prosesinin təşkili üçün plan və bələdçidir

Təhsil sistemində aparılan islahatların real nəticələri yalnız yeni dərsliklərin, proqramların və ya sənədlərin meydana çıxması, qəbul olunması ilə ölçülmür. Əsl dəyişikliklər məktəblərdə, sinif otaqlarında baş verir: müəllim dərsi necə qurur, şagird necə öyrənir, bilik necə qiymətləndirilir və məktəb şagirdi gələcəyə necə hazırlayır? 

"Azərbaycan müəllimi" xəbər verir ki, ölkəmizdə 2000-ci ilin ortalarından tətbiqinə başlanılan kurikulum islahatı məhz bu suallara yeni yanaşma gətirdi. Bu islahat təhsilin məzmununa, təlimin təşkilinə, müəllimin roluna, şagirdin dərsdəki mövqeyinə, qiymətləndirməyə və tədris resurslarına münasibətin dəyişməsini nəzərdə tuturdu. Ən mühüm yenilik isə təhsilin diqqət mərkəzinin “müəllim nə öyrədir?” sualından “şagird nə öyrənir və nəyi bacarır?” sualına doğru dəyişməsi idi. 

Bu gün artıq ötən dövrə nəzər salıb kurikulumun təhsilimizə gətirdiyi yenilikləri təhlil və qiymətləndirə bilərik.

Şagird dərsin dinləyicisinə deyil, iştirakçısına çevrilir

Əvvəlki ənənəvi təlim modelində müəllim əsas bilik mənbəyi, şagird isə həmin bilikləri qəbul edən tərəf kimi çıxış edirdi. Müəllim danışır, izah edir, şagird dinləyir, yadda saxlayır və sonradan öyrəndiklərini nümayiş etdirirdi.

Kurikulum yanaşması isə bu münasibətə yeni baxış gətirdi, artıq əsas diqqət şagirdin təlim prosesində fəal iştirakına yönəldi. Şagird yalnız hazır məlumatı qəbul edən deyil, araşdıran, sual verən, müqayisə edən, müzakirə aparan, nəticə çıxaran və öz fikrini əsaslandıran tərəf kimi nəzərdə tutuldu. Bu yanaşma təhsilalanın prosesdə fəal iştirakını ehtiva edir. 

Nəticədə “müəllim danışır – şagird dinləyir” modeli tədricən “müəllim istiqamətləndirir – şagird öyrənir və fəaliyyət göstərir” modelinə keçid etməyə başladı. Bu, ilk baxışdan sadə metodiki dəyişiklik kimi görünsə də, əslində söhbət təlim fəlsəfəsinin dəyişməsindən gedirdi.

Şagird nəyi bilməlidir və nəyi bacarmalıdır?

Kurikulum islahatının mühüm istiqamətlərindən biri nəticəyönümlülük oldu. Əvvəlki yanaşmada əsas hədəf tədrisin məzmununun şagirdlərə mənimsədilməsi idisə, yeni yanaşmada dərsin sonunda şagirdin hansı nəticəyə çatacağı daha aydın müəyyənləşdirilməli idi. Yəni məsələ yalnız “bu mövzunu keçdikmi?” sualından ibarət deyildi. Daha vacib sual belə qoyulurdu: Şagird bu mövzunu öyrəndikdən sonra nəyi bilməlidir, nəyi başa düşməlidir və nəyi tətbiq edə bilməlidir?

Kurikulum təşəbbüsünün ana xətlərindən olan bu yanaşma təlim məqsədlərinin, standartların və gözlənilən nəticələrin daha konkret müəyyənləşdirilməsinə imkan yaratdı. Nəticədə dərsin planlaşdırılması da dəyişdi. Müəllim üçün yalnız mövzunun adını müəyyənləşdirmək kifayət etmədi. Öyrənmə nəticəsi, fəaliyyət, istifadə ediləcək üsullar və nəticənin necə qiymətləndiriləcəyi arasında əlaqə qurmaq zərurəti yarandı.

Bilikdən bacarığa

Kurikulum islahatının başqa bir mühüm xüsusiyyəti səriştə və bacarıqlara göstərilən diqqətin əhəmiyyətli şəkildə artması idi. Müasir dünyada məktəbdə əldə edilən biliklərin həcmi qədər həmin biliklərdən istifadə etmək bacarığı da böyük əhəmiyyət daşıyır. Şagird riyazi düsturu bilməklə yanaşı, onu real problemin həllində tətbiqini, müəyyən məlumatı yadda saxlamaqla onun etibarlılığını təhlil etməyi, öz fikrini ifadə etməklə yanaşı, başqasının fikrini dinləməyi və onunla əməkdaşlıq etməyi bacarmalıdır. 

Bu baxımdan kurikulum yanaşmasında problem həlli, tənqidi düşünmə, yaradıcı düşünmə, kommunikasiya, əməkdaşlıq, tətbiqetmə və müstəqil fəaliyyət kimi bacarıqların inkişafı daha böyük əhəmiyyət qazandı. 

Beləliklə, məktəbin vəzifəsi yalnız “çox bilən” şagird yetişdirmək deyil, bildiklərindən istifadə edə bilən şagird formalaşdırmaq istiqamətində genişləndi. Bu yanaşma kurikulum islahatında mühüm məqamlardan biridir. 

Fənn kurikulumları: təhsilin yeni xəritəsi

Kurikulum islahatı məktəbdə tədris olunan fənlərin məzmununa da yeni yanaşma gətirdi. Fənlər üzrə kurikulumlar yenidən hazırlandı, məzmun, standartlar və gözlənilən nəticələr sistemləşdirildi. Bu proses əslində təhsilin məzmununun yenidən qurulması demək idi.

Çünki kurikulum sadəcə hansı mövzuların keçirilməsi siyahısı deyil. O, şagirdin müəyyən yaş və təhsil mərhələsində hansı bilik, bacarıq və kompetensiyalara yiyələnməli olduğunu müəyyənləşdirən çərçivədir. Bu yanaşma müxtəlif fənlər arasında müəyyən məntiqi əlaqələrin qurulmasına, məzmunun mərhələli şəkildə inkişaf etdirilməsinə və təlim nəticələrinin daha aydın müəyyənləşdirilməsinə şərait yaratdı.

Qiymətləndirmə: yalnız nəticəyə deyil, öyrənmə prosesinə baxış

Kurikulum islahatında hiss olunan dəyişikliklərdən biri də qiymətləndirməyə münasibətin dəyişməsi oldu. Əgər qiymətləndirmənin əsas məqsədi yalnız şagirdin müəyyən mərhələnin sonunda nə qədər bildiyini müəyyən etməkdirsə, bu zaman öyrənmə prosesindəki problemləri vaxtında aşkar etmək çətinləşə bilər. 

Formativ qiymətləndirmə yanaşması isə müəllimə şagirdin öyrənmə prosesini izləmək, çətinliklərini müəyyənləşdirmək və təlimi buna uyğun tənzimləmək imkanı verir. 

Beləliklə, qiymətləndirmə yalnız “şagird neçə bal aldı?” sualına cavab verən mexanizm olmaqdan çıxaraq, “şagird hansı mərhələdədir və onun inkişafı üçün növbəti addım nə olmalıdır?” sualına da cavab verməyə başladı. Bu dəyişiklik qiymətləndirməni təlimdən ayrı bir proses deyil, təlimin tərkib hissəsi kimi nəzərdən keçirməyə imkan verdi.

Müəllim: məlumat mənbəyindən təlimin təşkilatçısına

Kurikulum islahatının müəllim qarşısında yaratdığı yeni tələblər də xüsusi əhəmiyyət daşıyır. Müəllimin rolu artıq yalnız dərs materialını izah etmək və şagirdin onu mənimsəməsinə nəzarət etməkdən ibarət deyildi. Müəllim öyrənmə mühitini formalaşdıran, şagird fəaliyyətini təşkil edən, istiqamətləndirən, suallar vasitəsilə düşünməyə sövq edən və nəticəni izləyən şəxs kimi çıxış etməli idi. Bu isə müəllimdən yalnız fənn biliyi deyil, həm də müasir pedaqoji yanaşmaları, müxtəlif təlim metodlarını və qiymətləndirmə üsullarını bilməyi tələb edir. 

Başqa sözlə, kurikulum islahatı şagirdin rolunu dəyişdirdiyi kimi, müəllimin peşə fəaliyyətinə də yeni məzmun gətirdi.
Müəllim artıq yalnız “nəyi öyrətmək” barədə düşünməməli, həm də “şagird bunu necə daha yaxşı öyrənə bilər?” sualına cavab axtarmalı idi.

Dərsliklər dəyişən təlimin bir hissəsinə çevrildi

Yeni kurikulum yanaşması tədris resurslarına, ilk növbədə, dərsliklərə də yeni tələblər irəli sürdü. Əgər təlimin məqsədi şagirdin yalnız məlumatı yadda saxlaması deyil, onu təhlil etməsi, tətbiq etməsi və müxtəlif situasiyalarda istifadə etməsidirsə, dərslik də yalnız məlumat mənbəyi ola bilməz. Yeni yanaşma dərslik və digər tədris resurslarının şagirdin müstəqil fəaliyyətinə, düşünməsinə, araşdırmasına və tətbiqetmə bacarığının inkişafına xidmət etməsini tələb edirdi. Beləliklə, kurikulum dəyişdikcə dərslikdən gözlənti də dəyişdi.

Əsl dəyişiklik sinif otağında baş verir

Kurikulum islahatı nəticəsində: 
- Təlimin mərkəzinə şagird gətirildi.
- Nəticə əsas hədəfə çevrildi.
- Biliklə yanaşı bacarıqlar ön plana çıxdı.
- Qiymətləndirmə öyrənmə prosesinin bir hissəsi kimi nəzərdən keçirildi.
- Müəllimin rolu dəyişdi.
- Fənn kurikulumları və tədris resursları yenidən quruldu.

İstənilən təhsil islahatında olduğu kimi, sənədlərdə nəzərdə tutulan dəyişikliklərlə onların məktəbdə gündəlik praktikaya çevrilməsi arasında fərq ola bilər. Kurikulumun həqiqi nəticəsi yalnız normativ sənədlərdə deyil, dərsin necə keçirilməsində, şagirdin necə düşündüyündə, müəllimin necə öyrətdiyində və qiymətləndirmənin necə aparıldığında görünür. Bu baxımdan kurikulum islahatı müəyyən bir tarixdə başlayıb başa çatan proses kimi deyil, məktəbin təlim fəlsəfəsini dəyişdirməyə yönəlmiş uzunmüddətli transformasiya kimi qiymətləndirilə bilər.

Yeni mərhələ: kurikulumdan kompetensiyaya

Bu gün isə qarşıda daha mürəkkəb bir sual dayanır: kurikulum yanaşmasının əsas prinsipləri məktəbdə nə dərəcədə reallaşıb və növbəti mərhələdə nələri yeniləmək lazımdır?

Çünki müasir məktəbin qarşısında duran vəzifələr əvvəlki dövrlə müqayisədə daha da mürəkkəbləşib. Süni intellekt, rəqəmsal texnologiyalar, sürətlə dəyişən əmək bazarı, informasiya bolluğu və yeni peşələrin meydana çıxması şagirdin yalnız hazır biliklərlə təmin olunmasını kifayət etmir. Məktəb getdikcə daha çox öyrənməyi öyrədən, dəyişən şəraitə uyğunlaşa bilən, məlumatı təhlil, problemləri həll edən, əməkdaşlıq edən və müstəqil qərar verə bilən insan yetişdirməlidir. 

Bu baxımdan Azərbaycanda kurikulum islahatının ən mühüm ideyalarından biri bu gün də aktuallığını qoruyur: Təhsilin məqsədi yalnız şagirdə bilik vermək deyil; həmin biliyi həyata keçirə bilən bacarıq və kompetensiyalar formalaşdırmaqdır. Kurikulum islahatının mahiyyətini də məhz bu dəyişiklik ifadə edir: təhsil “nə öyrədilir?” sualından “şagird nə öyrənir, nəyi bacarır və öyrəndiyini harada tətbiq edə bilir?” sualına doğru hərəkət edir.

Azərbaycanda kurikulum islahatı nəyi dəyişdi?

Qeyd edək ki, Azərbaycanda kurikulum islahatının əsas mərhələsi 2000-ci illərin ortalarından başlayıb. Ümumi təhsil üzrə yeni kurikulumların tətbiqi mərhələli şəkildə həyata keçirilib və sonrakı illərdə kurikulumların təkmilləşdirilməsi davam edib. Bu gün kurikulum islahatlarının həyata keçirilməsindən keçən son 25 il ərzində ölkəmizin təhsil sistemində əldə olunan nəticələr barədə danışmaq olar.  

Beləliklə, kurikulum islahatının nəticəsi nə oldu?

– Təhsilin məzmununa sistemli yanaşma formalaşdı. Fənn kurikulumları, məzmun standartları, təlim nəticələri və qiymətləndirmə arasında əlaqə quruldu.
– Şagirdmərkəzli təlim təhsil siyasətinin və pedaqoji yanaşmanın əsas anlayışlarından birinə çevrildi. 
– Nəticəyönümlülük təlimin planlaşdırılmasında əsas prinsiplərdən biri oldu.
– Bilik və bacarıq arasında əlaqə daha çox önə çəkildi.
– Beşinci nəticə – müəllimin roluna yeni yanaşma formalaşdı.
– Qiymətləndirmə yalnız yekun qiymət məsələsi kimi deyil, öyrənmə prosesinin izlənməsi vasitəsi kimi nəzərdən keçirilməyə başladı. 
– Dərslik və tədris resurslarının məzmunu yeni kurikulum tələblərinə uyğunlaşdırılmağa başladı. 
Bütün bunlar kurikulumun tətbiqindən keçən müddət ərzində məktəb sistemimizdə baş verən real institusional dəyişikliklərdir.

Kurikulum nədir və nə üçün vacibdir? 

Onu da qeyd etməyi lazım bilirik ki, kurikulum (curriculum) hər hansı layihə deyil. UNESCO-nun tərifinə görə, kurikulum tədris məqsədlərini, fənlərin məzmununu, tədris metodlarını və biliklərin qiymətləndirilməsi yollarını müəyyən edən tədris prosesinin təşkili üçün hərtərəfli plan və bələdçidir. 

Kurikulum təhsil prosesinin inkişafı, təşkili və planlaşdırılması ilə əlaqəli tədbirlərin siyahısıdır. O, təlim məqsədlərini, məzmununu, metodlarını, qiymətləndirməsini və materiallarını, müəllim və təlimatçı hazırlığı fəaliyyətlərini müəyyənləşdirir. Kurikulum yerli, milli və qlobal ehtiyac və istəkləri tarazlaşdıraraq cəmiyyətin ümumi baxışını əks etdirən siyasi və sosial müqavilə kimi xidmət edir. Cəmiyyətin təhsil sistemi ilə inkişaf etdirməyə çalışdığı təhsil məqsədlərini və əsas dəyərlərini əks etdirir. 

Yeni kurikulum proqramı təhsilin bütün sahələrini – formal, qeyri-formal sahələri əhatə edir və müxtəlif tədris yollarını nəzərdə tutur. Onun inkişafında müxtəlif maraqlı tərəflər iştirak edir və təhsilin əsas prinsiplərinə əsaslanaraq cəmiyyətin dəyişən ehtiyaclarını əks etdirir.