Lütfi Zadə adına olimpiadaya və Məktəblilərarası fənn müsabiqələrinə qeydiyyat BAŞLAYIR
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələri üzrə qeydiyyat prosesinə başlanılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki müsabiqədə iştirak üçün elektron qeydiyyat prosesi 15 yanvar – 29 yanvar tarixlərini əhatə edir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 15 yanvar saat 15:00-dan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsinə daxil olaraq, müvafiq müsabiqə istiqamətini seçməklə elektron müraciət etməlidirlər.
Təlimat videosu ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=0cOqPiGaHBw
Müsabiqələrin keçirilmə qaydası:
• Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası – V sinif şagirdləri üçün;
• Məktəblilərarası fənn müsabiqələri – VI–VII sinif şagirdləri üçün nəzərdə tutulub.
Fənlər üzrə iştirak imkanları:
• VI sinif: riyaziyyat, informatika, təbiət;
• VII sinif: riyaziyyat, fizika, kimya, biologiya
Qeydiyyatını tamamlamış şagirdlər 6-15 fevral tairxlərində ümumtəhsil müəssisələri tərəfindən təşkil olunacaq məktəb turlarında iştirak etməlidirlər. Məktəb turlarında uğurlu nəticə göstərən şagirdlər rayon(şəhər) mərhələsində iştirak hüququ əldə edəcəklər. Şagirdlər məktəb turlarının dəqiq tarixini və keçirilmə formasını təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Müsabiqələrin təşkilinin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, məntiqi təfəkkürün inkişaf etdirilməsi, yaradıcı və fərqli düşünmə qabiliyyəti ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, Məktəblilərarası fənn müsabiqələrinin qalibləri ARTİ-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur.
Qeydiyyat zamanı yaranan çətinliklərlə bağlı +994 51 206 78 48 nömrəsinə “WhatsApp” platforması üzərindən problemi ətraflı şəkildə yalnız yazılı formada göndərə bilərsiniz.



