Magistr dissertasiyalarının 99 faizinin mövzusu təkrarlanır – Deputat 

28 Yanvar, 2026 - 15:47
Magistr dissertasiyalarının 99 faizinin mövzusu təkrarlanır

Milli Məclisin deputatı Vasif Qafarov üzvü olduğu Elm və təhsil komitəsinin son iclasındakı çıxışı zamanı ali təhsildə mövcud magistratura və doktorantura səviyyələrinin səmərəliliyi, elmi tədqiqatların keyfiyyəti, dissertasiya müdafiəsi mexanizmləri və s. ilə bağlı irəli sürdüyü təkliflər təhsil ictimaiyyətində maraqla qarşılanıb.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan millət vəkili magistratura mərhələsini hazırkı vəziyyətdə daha çox vaxt itkisinə bənzətdiyini deyib. Deputat hesab edir ki, ali təhsildə magistratura və doktorantura mərhələlərinin yenidən qurulması, elmi rəhbərlik institutunun gücləndirilməsi və ikimərhələli doktorantura sistemindən birmərhələli sistemə keçid həm zamanın tələbi, həm də beynəlxalq təcrübəyə uyğun addım olar. 
Müsahibəni təqdim edirik:

– Vasif müəllim, siz magistratura–doktorantura sistemində hansı əsas problemləri görürsünüz?

– Biz bakalavr–magistr təhsil sistemini qəbul etmişik, Boloniya prosesinə qoşulmuşuq. Amma eyni zamanda sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu gün bizdə həm magistratura var, həm də fəlsəfə doktoru və elmlər doktoru proqramları. Bu sistem nə sovet dövrünə uyğundur, nə də beynəlxalq praktikaya. Magistraturanı bitirən bir gənc artıq doktoranturaya gedirsə, demək o, elmə iddialı, tədqiqatçı kimi yetişməli olan şəxsdir.

Keçən 30 ildən artıq müddətdə yüzlərlə magistr dissertasiyası yazılıb, amma onların heç biri kitab kimi nəşr olunmayıb, baza yoxdur ki, tədqiqatçılar istinad etsin. Bu da onu göstərir ki, həmin işlər elmi dəyər yaratmır.

– Magistr dissertasiyalarına niyə istinad olunmur?

– Çünki mövzuların 99 faizi təkrarlanır. Magistr gedib əvvəl yazılmış elmi ədəbiyyatı toplayır, onları bir yerə yığır və dissertasiya ortaya çıxarır. Amma dissertasiya elmə töhfə verməlidir. Yenilik etməlidir. Bizdə isə bu, yoxdur. Ona görə də bu işlərə nə istinad edilir, nə də elmi dəyər kimi qəbul olunur.

“Tədqiqat yönümlü magistratura real tədqiqatçı yetişdirməlidir”

– Bəs magistratura təhsili necə qurulmalıdır?

– Magistratura iki istiqamətdə olmalıdır: peşə və tədqiqat yönümlü. Peşə yönümlü magistrlər dissertasiya yazmaya bilər. Amma tədqiqat yönümlü magistratura elmin metodologiyasını, istinad qaydalarını, araşdırma üsullarını bilməlidir. Təəssüf ki, bu gün doktoranturaya gələn gənclər elmi ədəbiyyatdan istifadə qaydasını belə bilmirlər.

“İkimərhələli doktorantura ləğv olunmalı, əvəzində magistr və fəlsəfə doktoru mərhələləri gücləndirilməlidir”

– Bəs doktorantura ilə bağlı təklifiniz necədir?

– Bu gün dünyada doktorantura birmərhələlidir. Bizdə isə hələ də fəlsəfə doktoru və elmlər doktoru mərhələləri var. Xaricdə hər iki halda da səni “doktor” kimi tanıyırlar. Ona görə hesab edirəm ki, bu iki mərhələ bir mərhələyə endirilməlidir. Bunun əvəzində magistr və fəlsəfə doktoru mərhələləri gücləndirilməlidir.

“Elmi işə ciddi yanaşma üçün maddi motivasiya olmalıdır”

– Magistr və doktorantura mərhələsində elmi rəhbərlik və rəy vermə çox vaxt formal xarakter daşıyır. Bir çox hallarda dissertasiyalar oxunmadan rəy yazılır. Bunun səbəbi də odur ki, alimlər bu işə görə faktiki olaraq heç bir məvacib almırlar. Elmi rəhbərin fəlsəfə doktoru yetişdirməyə görə aylıq aldığı məbləğlə ciddi tədqiqatçı yetişdirmək mümkündürmü?

– Dünyada dissertasiyaların yazılmasına görə elmi rəhbər də məsuliyyət daşıyır. Dissertasiya uğursuz olarsa, rəhbər də cavab verir. Bizdə bu mexanizmlər hələ yoxdur. Eyni zamanda rəyçilərin, seminar iştirakçılarının əməyi də qiymətləndirilməlidir. Əks halda keyfiyyət artmayacaq.