Çinli məzunlar kor-koranə ali təhsil almaq niyyətində deyil - Peşəni seçirlər
Çində universitetlərə qəbul imtahanlarında iştirak edən tələbələrin sayı azalır, çünki yeniyetmələr məzunların iş tapmaqda çətinlik çəkdiyi bir vaxtda təhsil almaqdan imtina edirlər. Bu tendensiya iyunun 7-də Çində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları zamanı da müşahidə olunub. İş yerlərinin çatışmazlığı bir çox yeniyetmənin akademik dərəcə almaqdan imtina etməsinə səbəb olduğu üçün ölkənin milli universitetlərinə qəbul imtahanlarında iştirak edən tələbələrin sayında ardıcıl azalma müşahidə olunub.
Təhsil Nazirliyinin məlumatlara görə, bu il Çində qaokao kimi tanınan Milli Ali Təhsil Qəbul İmtahanına 12,9 milyon tələbə qeydiyyatdan keçib. Bu, bir il əvvəlkindən 450.000 nəfər azdır. 2025-ci ildə qeydiyyatdan keçənlərin sayı əvvəlki illə müqayisədə 70.000 azalıb. Onilliklərdir ki, qaokao amansız kəskin rəqabəti ilə tanınır və ailələr tez-tez bu imtahanı gənclərin öz gələcəyini qurmaq və ya məhv etmək potensialına malik olduğunu qeyd edirlər.
Lakin bazar müşahidəçilərinin fikrincə, Çinin iqtisadi inkişafın zəifləməsi laması fonunda milyonlarla universitet məzunu iş tapmaq üçün mübarizə apardıqca münasibətlər dəyişməyə başlayır. Çində gənclər arasında işsizlik səviyyəsi aprel ayında hələ də 16 faizdən yuxarı olub və rekord sayda 12,7 milyon yeni məzun əmək bazarına daxil olduqda bu yay rəqabət daha da güclənəcək. İşə qəbul agentlərinin sözlərinə görə, bu qədər istedadlı işçinin olması səbəbindən işəgötürənlər tez-tez ən yaxşı universitetlərdən namizədləri seçirlər, bu da o deməkdir ki, daha az nüfuzlu ali məktəblərin məzunları tez-tez diqqətdən kənarda qalırlar.
Pekində yerləşən təhsil tədqiqat təşkilatı olan Çin Təhsil İnkişafı Strategiyası Cəmiyyətinin üzvü Çen Çjiven bildirib ki, "getdikcə daha çox məktəb məzunu universitetlə müqayisədə peşə hazırlığı müəssisələriə üstünlük verir”.
Onun sözlərinə görə, son illərdə peşə təhsilinin inkişafı və sənaye ehtiyaclarına daha yaxından uyğunlaşması səbəbindən tələbələrin məşğulluq üstünlükləri artmaqdadır. Onlardan bəziləri artıq kor-koranə ali təhsil almaq niyyətində deyil, birbaşa əmək bazarına daxil olmağı seçirlər. Lakin Milli Ali Təhsil Qəbul İmtahanı hələ də sosial mobillik üçün bir fürsət kimi qəbul edilir və aşağı gəlirli təbəqədən olan gənclər Çinin ən yaxşı universitetlərindən birində yer qazanmağa çalışırlar.
Pekində yerləşən “21-ci əsr” Təhsil Tədqiqat İnstitutunun direktoru Xiong Bingqi bildirib ki, "İndi imtahan verənin kollecə qəbul olması nisbətən asanlaşıb. Lakin ən yaxşı universitetlərə qəbul olmaq üçün rəqabət getdikcə şiddətlənir".
Bu il Çində gənclərin imtahanlarda saxtakarlıq etmək üçün ağıllı eynəklərdən istifadə etmələri ilə bağlı narahatlıqlar da artmaqdadır. Şanxay, Quanqdonq və Fujian da daxil olmaqla bir neçə əyalət hökuməti bu cihazları, eləcə də ağıllı saatları və mobil telefonları qadağan edib. Müəllimlər imtahan otaqlarına daxil olarkən şagirdlərin eynəklərini yoxlamalıdırlar. Təhsil Nazirliyi çərşənbə axşamı xəbərdarlıq edib ki, ağıllı eynəklərin imtahan məkanına gətirilməsi avtomatik olaraq fırıldaqçılıq kimi hesab olunacaq. Çində ağıllı eynəklər getdikcə daha əlverişli hala gəlir. Mərkəzi hökumətin subsidiyaları sayəsində əksər cihazların onlayn satışı 3000 yuandan (440 ABŞ dolları) aşağıdır. Bu ilin əvvəlində Honkonq Elm və Texnologiya Universitetinin iki professoru universitet kompüter imtahanında böyük dil modeli ilə işləyən ağıllı eynək taxaraq diqqət çəkib. Onlar cəmi 30 dəqiqə ərzində 100 baldan 92,5 bal toplayıblar.


