TKTA tərəfindən peşə sənədləri təqdim edilib

9 Sentyabr, 2026 - 12:00
TKTA tərəfindən peşə sənədləri təqdim edilib

8 sentyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində növbəti təltifetmə tədbiri keçirilib.

TKTA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, sözügedən tədbirdə “Mebel ustası” ixtisası üzrə keçirilən qiymətləndirmə prosesində uğur qazanan ərizəçilərə müvafiq peşə sənədləri təqdim edilib.

TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Vüsalə Mütəllibova qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların tanınmasının vətəndaşların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Məlumat üçün bildiririk ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələdə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslərə yekunda müvafiq peşə sənədi təqdim edilir.

Bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının genişləndirilməsinə və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırırıq ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat davam edir (https://tinyurl.com/53jmtf8z).

Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. Eyni zamanda sözügedən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.

TKTA tərəfindən peşə sənədləri təqdim edilib
TKTA tərəfindən peşə sənədləri təqdim edilib