Peşə təhsili müəssisələrinə işə qəbul olanların qeydiyyatı başlayır

4 Sentyabr, 2026 - 16:55
Peşə təhsili müəssisələrinə işə qəbul olanların qeydiyyatı başlayır

3 sentyabr tarixində 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub. Müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölməsində yerləşdirilib.

Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edirik ki, müsabiqənin nəticələrinə uyğun olaraq, müsabiqədən müvəffəqiyyətlə keçmiş 227 namizəd müvafiq vakant ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələri üzrə işə qəbul olunub. Müsabiqənin nəticələrinə uyğun olaraq namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı nəzərə alınmaqla, topladıqları bal əsasında həyata keçirilib.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları 4-11 sentyabr tarixlərində saat 18:00-dək aşağıda qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Şəxsiyyət vəsiqəsi;
Peşə, orta ixtisas və ya ali təhsili haqqında dövlət sənədi;
Dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy.