Mahirə Nağıqızının poetik dili

13 Noyabr, 2025 - 15:19
Mahirə Nağıqızının poetik dili

Əlinə qələn alanların hamısı, bir tərəfdən ədəbiyyat yaradırsa, digər tərəfdən də dilimizə xidmət edir. Bu iş məqsədli və ya məqsədsiz, bilərəkdən, ya bilməyərəkdən, az və ya çox dərəcədə olur. Mahirə Nağıqızında dilə xidmət bilərəkdəndir və qandan, candan gəlir, çünki o, şairəlikdən başqa, elm adamlarındandır, dilçi alimdir. Sözsüz ki, yazanların əsas qüdrət və hikmətini onların dilində axtarmaq lazımdır. Ona görə ki, dil poeziyanın açarıdır.

Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilir. Təsadüfi deyildir ki, mütəxəssislər dili təbii və səmimi olan şairləri “xoşbəxt sənətkar” hesab edirlər. Məzmun gözəlliyi kimi forma gözəlliyini də təmin edən şairlərin əsərləri uzun müddət yadda qalır, onlarla oxucu ürəyi arasında bir ülfət yaranır və bu,  dilin, şeirin qanunları ilə bir səviyyədə dayanır. 

Mahirə Nağıqızı şeirlərinin nəbzində həssas və zərif bir vətəndaş ürəyi döyünür. Yəqin buna görədir ki, şairə vətəndən həmişə zövq və şövqlə danışır:

Qürbətin mehi üşüdər,
Vətənin qışı üşütmür.

Mahirə Nağıqızı dilə, sözə hormət edir, ehtiram göstərir. Bəzən bu hörməti dəbdəbəli söz və ifadələrlə qarışdırırlar. Lakin sözə dəyər vermək dili bəlağətli epitetlərlə doldurmaqdan ibarət deyil, əksinə, dili dərindən bilmək, onun xalq ruhunu qorumaq əsl sənətkarların vəzifə borcudur. Bu anlamda, Mahirə Nağıqızı çağdaş ədəbi-bədii dilimizi onun xalq ruhuna söykənən faktları ilə zənginləşdirən söz adamlarındandır. 

Mehr elədin kimə, könlüm,
Tikdi səndə kömə könlüm.
Bu dünya sənnik deyilmiş,
Çıx get, tərəkəmə könlüm. 

“Tərəkəmə” türk dillərində, o cümlədən Azərbaycan dilində  “köçəri”, “sadə” mənalarını daşıyan sözdür. Bu örnəkdə “koma” sözünün xalq danışıq dili variantında verilməsi əsərin dilinə bir şirinlik, duzluluq gətirir. 

Dərdin simsar bilər məni, 
Qəm ilə sürmələr məni.
Anası itmiş quzuyam,
Tap, qalmayım mələr məni.

Əsərin dilindəki “qəm ilə sürmələnmək” təravətli poetik ifadələrdəndir. Bundan başqa buradakı “simsar” sözü də diqqəti çəkir. İzahlı lüğətimizdə alınma mənşəli söz kimi qeydə alınan bu sözün mənalarından biri “yaxın”, “daha yaxın” deməkdir. Naxçıvan xalq danışığında bu söz “qohum” mənasında da işlənir. Bəzən dildə milli söz əvəzinə alınmaların işlənməsi təsirli ovqat yaradır. Bu mənada, “yaxın” və ya “qohum” sözlərinin yerində “simsar” sözünün işlənməsi xoşagələndir. 

Niyə baxdın yanı-yanı,
Mənə qurdun haqq divanı.
Nə dedim ki, tənə etdin,
Ay ruhumun mizrabanı.

Məlumdur ki, mizrabdan bəzi simli musiqi alətlərinin simlərini ehtizaza gətirmək üçün istifadə olunur. Bu mənada, “ruhun mizrabanı”, doğrudan da möhtəşəm bir ünvan, seçkin bənzətmə və uğurlu poetik sintaksis örnəyidir. Fikrimizcə, buradakı -ban “bağban” sözündə olduğu kimi şəkilçidir və “mizrab vuran”, “ruhu dilləndirən” anlamındadır və bu faktı Mahirə Nağıqızının dilində müşahidə etmək olur. Burada muəllifin dil sənətkarlığından da danışmaq mumkundur. Hər bir əsərdə dil müһümdür, əsasdır. Haqqında az danışılan, lakin Azərbaycan dilcilik elmi tarixində fəxri yerlərdən birinə layiq saydığımız mərhum professor Musa Adilov, yəqin ki, bədii əsərin dilinin ictimai səviyyəsini nəzərə alaraq söz sənətkarlarının bədii əsərin dili üzərindəki işinin xususi, şəxsi iş olmadığını qeyd edərək bunu “ümumxalq işi” hesab etmişdir.  

Oxucunun ürəyini isidən, onu düşüncələrə qərq edən aşağıdakı şeirin poetik gücü və ləyaqəti adamı heyrətdə qoyur:

Of, o yosun gözlərin,
Mənə ovsun gözlərin.
Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu şeir bizə aşıq yaradıcılığındakı iki əsəri xatırladır. Onlardan biri Aşıq Ələsgərindir:

Ələsgərəm, yandım еşq ataşında, 
Gözüm qaldı kirpiyində, qaşında. 
Qazdır məzarımı çеşmə başında, 
Sal sinəm üstündən yol, incimərəm.

Aşığın (və aşiqin) dilindən qopan arzu - hər gün çeşməyə su gətirməyə gedən gözəlin onun məzarından keçməsi, yəni sinəsi üstündən yol salması elə bir bədii təsəvvürə yol acır ki, onu olduğu kimi ifadə etmək mümkün deyil. Burada  duyğuların sözlə ifadəsindəki gözəllik ölçüyəgəlməz dərəcədədir. Aşıq Bəhmənin yaradıcılığından alınmış aşağıdakı örnək də insanda Aşıq Ələsgərin əsərindəki  duyğuların oxşarını təqdim edir:

Bəhmən qoyub canın yolunda niyaz,
O gizlin dərdini sən də mənə yaz.
Ölsəm, məzarımı sən özün gəl qaz,
Ayaq bas sinəmə yol əvəzində.

 Göründüyü kimi, Aşıq Bəhmən Göyçəlinin dilində aşiqin öz sevgilisindən onun məzarını qazmaq təmənnası var ki, yol əvəzinə sinəyə ayaq basılsın. Düşünürsən ki, məhəbbətin dərinliyini bundan daha kəskin tərənnüm etmək mümkün deyil. Mahirə xanım bu ideyanı fərqli bir prizmadan daha incəliklə, yeniliklə təqdim edir:

Ölüm, göz yaşın axsın,
Məni yusun gözlərin.

Bu cəhətdən Mahirə Nağıqızının aşağıdakı misraları da maraqlıdır:

Təsəllimdi güman da,
Əlim andda, amanda.
Gündə ayağın dəyə,
Daş olum astananda.

Vəfa, etibar istəyən Mahirə Nağıqızının dilində bu qoşmalarda olduğu qədər dərin dil duyumu vardır. Dili duymaq üçün yazı-pozu vacib və yetərli deyil. Və bu fikri universitet tanımayan böyük Füzuli, yazı-pozu bilməyən Dədə Ələsgər təsdiq elədilər. Dili duymaq şeirə Mahirə xanım kimi ürək qoymaq deməkdir, bu, dilə namusla, vicdanla yanaşmaq məsələsidir ki, onun yaradıcılığı duyğuların əvəzsiz tərənnümünü ortaya qoyan poetik örnəklərlə zəngindir. Mahirə Nağıqızının dili poeziyamızın inkişaf və zənginliyinin davam etdiyini, bir tərəfdən də,  şeir dilinin ənənə ilə sıx bağlı olduğunu göstərir. 

Azərbaycan dilinin lüğət tərkibində “gəzmək” feili var.  İzahlı lüğətimizdə altı mənası verilmişdir ki, onların çoxu “yerimək, dolaşmaq, hərəkət etmək” mənasındadır, bir mənası isə “axtarmaq”dır. Bu feil çağdaş dilimizdə “yerimək” mənasında işlənsə də, tarixən olun “axtarmaq” anlamı daşıdığı məqamlar da çox olub. Lakin hazırda bu məna bir qədər sıxışdırılmış vəziyyətdədir, əsasən, xalq dilinə aiddir və işlənmə dairəsi daralıb, lakin bədii üslubda qorunub saxlanır.  Bu baxımdan, Mahirə Nağıqızının yaradıcılığı səciyyəvidir:

Yola çıxma görən var,
Dərd əkən yox, dərən var.
Qismət gəzməknən deyil,
Yazan var, göndərən var.

Mahirə Nağıqızının əsərləri intonasiyaya xüsusi diqqət tələb edir:

Boynu bükük güləm mən,
Şadlanamam, güləmməm.
Bircə səni görəydim,
Dərd-bəlasız, güləm mən.

Buradakı əsas fikri iki cür təhlil etmək mümkündür: səni görsəydim, dərdsiz-bəlasız gülərdim və ya səni dərdsiz-bəlasız görsəydim, mən də hamı kimi gülərdim. Durğu işarəsi ilə reallaşan intonasiyaya görə ikinci fikir əsasdır. 

Yardan yanadı könlüm,
Onsuz qanadı könlüm.
Qəmnən xalı toxuyar,
Belə hanadı könlüm.

“Qəmdən xalı toxumaq” şairənin öz qələminə xas olan ifadədir. Şeirdə sözləri düzmək əsas deyil, mühüm məsələ dil faktlarının effektivliyi, hissi cəhətidir ki, bu hisslərin ifadəsini Mahiqə Nağıqızı yetərincə verə bilir: 

Çəmən kimi sər məni,
Çiçək kimi dər məni.
Məndən bir dəstə bağla,
Özünə göndər məni.

Mahirə Nağıqızının dili müasir bədii dilimizdə əsas qusurlardan biri olan sözcülükdən uzaqdır. Onun əsərlərində adamı yoran fikir təkrarları ilə qarşılaşmırıq. Hər dəfə fikrin sözlərlə bəzənməsi faktlarına rast gəlirik:

Qıymıram bircə gülün,
Xətrinə dəyən olsun.
İstəmərəm bu yaylaq,
Məzarlığa çevrilsin.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Poeziyamızda vətən sevgisinin istiliyini hiss və dərk etdirən, sevgilər içərisindəki fərqini bütün özəllik və gözəlliyi ilə tanıdan əsərlərdən biri kimi bu şeir dəyərlidir, səmimiyyəti ilə diqqəti çəkəndir:

Gümüş deyil, qızıldı,
Bircə-bircə düzüldü.
Göydən yerə düzüldü,
Əl-ələ verməz göllər.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

 Ədəbiyyatın əbədi mövzularından olan “Vətən məhəbbəti” şeirin dilindən keçib ürəklərə dolur, insanın qəlbini ehtizaza gətirir, rəvanlıq, duyğu və düşüncələrin axarı sözlərin məziyyətini təmin edir:

Zorbulaq dərdə dərman,
Dağa aşiqdir duman.
İstəmərəm bu çəmən,
Tapdalansın, talansın.
Yoxsa deyəcəm məni,
Batabatda basdırın.

Bədii ədəbiyyatın taleyini dilin vəziyyəti ilə izah edənlər, doğrudan da, haqlıdırlar. 

Dərd oxuyan neyəm mən,
Bilmədim ki, nəyəm mən.
Əcəl, bəsdir, gəl apar,
Dərddən hövlənəyəm mən.

Dilin tarixi inkişaf özəlliklərini anlamaqda, ədəbi dilə material verməkdə, xalqın tarixini və dilini uzlaşdırmaqda əhəmiyyəti olan dialektlər ədəbi dil faktoru olmasa da, bədii üslubda müəyyən qədər mövqeli olduğunu düşünərək şeirin dilindəki “hövlənə” sözünü əvvəlcə dialektizm kimi qəbul etdik. Lakin “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə “hövlənə” adlı söz qeydə alınmamışdır. Bu söz ya dialekt deyil, ya da dialektdir, lakin kitablara düşməyib. “Azərbaycan dilinin izahlı lüğəti”ndə isə bu sözün eyni fonetik tərkibi ilə qarşılaşmadıq. Burada “hövl” köklü, mənasının əsasında “qorxu”, “vahimə”, “dəhşət” anlamları dayanan bir sıra leksik-qrammatik vahidlər vardır. Düşünürük ki, Mahirə Nağıqızının bu fikri “dərddən səksəkəli”, “dərddən qorxmaq” və ya “dərddən usanmaq” mənasına uyğun gəlir. 

Gündüzlər uç quşlar kimi,
Yuxun olsun daşlar kimi.
Qayıt vətən ürəyimə,
Yavru qaranquşlar kimi.

Əsasən “körpə”, “bala” mənasında olan “yavru” sözünün şağdaş dilimizdə işlənmə dairəsi daralmışdır. Ümumtürk leksikasına aid olan “yavru” XX yüzilin əvvəlində aktiv mövqeli olmuş, əsrin ikinci yarısından zəif mövqeli leksik vahidə çevrilmişdir. Hazırda bu maraqlı milli dil vahidi Türkiyə türkcəsi üçün fəallığı  ilə seçilir. Unudulmaqda olan sözlərin poetik dilə gətirilməsi təqdirəlayiq işlərdəndir ki, Mahirə Nağıqızının bu sahədə də müəyyən qədər rolu vardır. Bu baxımdan, aşağıdakı misralar da diqqətədəyərdir:

Hava sızaqdı, gəlmə,
Yolun uzaqdı, gəlmə.
Görüb dərdə düşərsən,
Dörd yan tuzaqdı, gəlmə.

“Tuzaq” sözü də lüğətlərimizdə yer almayan, lakin qədim abidələrimizin, xüsusilə də “Kitabi-Dədə Qorqud” dastanının mətnində və çağdaş türk dilində işləkliyi ilə seçilən sözlərdəndir. Nağıqızının yaradıcılığı  tarixi dil yadigarlarını yaşadan qaynaqlardan biri kimi də qiymətlidir. 

Mahirə Nağıqızının dilində çox sayda aforizm səciyyəli fikirlər vardır:

Xatasız qul olurmu,
Ətasız da hökmran? 

Özünü öyən yarımaz,
Qəribi söyən yarımaz.
Ürəyi daş olan kəsin,
Qapısın döyən yarımaz. 

Mahirə Nağıqızının dilində bədiiləşdirilmiş qarğış örnəkləri də vardır: 

Haqsız yara vuranın,
Dünya olsun haramı.

 Mahirə Nağıqızı sözlü-kəlamlı, dinli-imanlı bir ömür yaşayır. Bu ömrü onun özü belə izah edir:

Bircə anda gəldi keçdi bu ömür,
Bilmədim ki, nəyi necə yaşadım.
Düzənləyib düzəmmədim günümü,
Mən bu ömrü elə belə yaşadım.
Gah baharı payız gördü gözlərim,
Alaq basdı itdi, batdı izlərim.
Ürəyimdə dərd bağladı sözlərim,
Dözüb durdum, yana-yana yaşadım.
Öz əlimlə möhür vurdum, ağladım,
Sevgi adlı məbədimi bağladım.
Ürəyimdə matəmini saxladım,
Ömrü verdim əsən yelə, yaşadım.
Təpə gördüm, deyir, dağdan ucayam.
Nadan deyir, bu dünyadan qocayam.
Biləmmədim, şux cavanam, qocayam?
Uşaq oldum, uşaq ömrü yaşadım.

Belə bir ömrü yaşayan Mahirə Nağıqızının bundan sonra da Azərbaycan poetik dilinə yeni töhfələr verəcəyinə inanırıq. 

Sədaqət HƏSƏNOVA,
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü