Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı

10 Mart, 2026 - 13:33
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı

Azərbaycan ədəbiyyatı və maarifçilik tarixinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiq bu il anadan olmasının 145 illiyi ilə yad edilir. Görkəmli ədibin xatirəsini ehtiramla anmaq məqsədilə bu məqaləni yazmaq qərarına gəldim. Məqaləni hazırlayarkən Xalq Təhsili Muzeyinin arxiv sənədləri, fotoşəkillər və nadir eksponatlarla zəngin ekspozisiya və fond materiallarından istifadə etmişəm. 

Azərbaycan ədəbiyyatı və maarifçilik tarixinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiq bu il anadan olmasının 145 illiyi ilə yad edilir. Görkəmli ədibin xatirəsini ehtiramla anmaq məqsədilə bu məqaləni yazmaq qərarına gəldim. Məqaləni hazırlayarkən Xalq Təhsili Muzeyinin arxiv sənədləri, fotoşəkillər və nadir eksponatlarla zəngin ekspozisiya və fond materiallarından istifadə etmişəm. 

Abdulla Şaiq (Axund Mustafa oğlu Talıbzadə) 1881-ci il fevralın 24-də Tiflis şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun uşaqlıq və gənclik illəri zəngin mədəni mühitdə, savadlı və qabaqcıl düşüncəli ziyalıların əhatəsində keçmişdir.

Atası Axund Mustafa Süleyman oğlu dövrünün tanınmış və savadlı ruhani ziyalılarından idi. O, bir müddət Tiflisdə qazının müavini kimi  çalışmış, daha sonra isə Qafqaz şeyxülislamının müavini vəzifəsini icra etmişdir. Belə bir ziyalı mühitində böyüyən Abdulla Şaiqin elmə və maarifə marağı erkən yaşlarından formalaşmışdır.

Abdulla Şaiq ilk təhsilini Tiflisdə müsəlman uşaqları üçün fəaliyyət göstərən altısinifli ruhani məktəbində almışdır. Bu məktəbdə yalnız dini biliklər deyil, həm də dövrün rus-tatar məktəblərinə uyğun ümumi fənlər tədris edilirdi. 1889–1893-cü illərdə həmin məktəbdə təhsil alan Abdulla Şaiq anası ilə birlikdə Xorasana səfərə yollanmış, bu səyahət onun dünyagörüşünü daha da genişləndirmişdir. Təhsilini davam etdirərkən  Abdulla məntiq, poetika və ərəb poeziyasının tarixi kimi elmləri də öyrənmişdir.
1901-ci ildən etibarən Abdulla Şaiqin həyatı Baku şəhəri ilə bağlanmışdır. O, Bakıya köçdükdən sonra burada yaşayıb-yaratmış, pedaqoji və ədəbi fəaliyyətini davam etdirərək Azərbaycan maarifinin və ədəbiyyatının inkişafına mühüm töhfələr vermişdir. 
Gənc Abdulla Bakıda müəllim kimi fəaliyyətə başlamaq üçün imtahan verərək, ömrünün sonuna qədər davam edəcək müqəddəs bir yola qədəm qoymuşdur. 1901-ci il aprelin 22-də keçirilən imtahandan sonra Abdulla Talıbzadəyə 608 nömrəli şəhadətnamə verilir və bununla ana dili müəllimi adını alır, rus-tatar məktəblərində ehtiyat müəllim kimi pedaqoji fəaliyyətə başlayır. Həmin sənədi imzalayan komissiya üzvlərindən biri də görkəmli ictimai xadim və maarifçi Nəriman Nərimanov idi. Bu hadisə Abdulla Talıbzadənin müəllimlik fəaliyyətinə rəsmi şəkildə başlamasında mühüm rol oynamışdır. Abdulla Şaiq bundan sonra ömrünün  34 ilini Azərbaycan maarifinin inkişafına həsr edir. 

XX əsrin əvvəlləri Azərbaycan tarixində milli özünüdərk və mənəvi dirçəliş mərhələsi kimi yadda qalmışdır. Bu illərdə xalqın taleyində mühüm rol oynayan əsas qüvvə ziyalı təbəqə idi. Onlar qələm və fikir gücü ilə cəmiyyətin maariflənməsinə, ana dilinin qorunmasına və milli şüurun formalaşmasına xidmət edirdilər. Bu nəcib missiyanı şərəflə yerinə yetirən simalardan biri də Abdulla Şaiq olmuşdur. Məhz belə bir tarixi şəraitdə görkəmli ədib və maarifçi Abdulla Şaiq milli məktəb ideyasını həyata keçirmək üçün ciddi addımlar atdı. O, xalqın gələcəyini təhsildə görür, milli məktəbin formalaşmasını tərəqqinin əsas şərti hesab edirdi. 
XX əsrin əvvəllərində Azərbaycanda təhsil sistemi əsasən rus dilində aparılır, milli ruhun və ana dilinin qorunması məsələsi ciddi problem kimi qalırdı. 

 Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Azərbaycanda ana dilində orta məktəb mövcud deyildi. Orta təhsilin milliləşməsi ilk dəfə AXC hakimiyyəti illərində həyata keçirilmişdir. Pedaqogika tariximizdəki bu böyük hadisə Abdulla Şaiqin adı ilə bağlıdır. Məhz belə bir mürəkkəb dövrdə Abdulla Şaiq təhsilin ana dilində təşkil olunmasını vacib hesab edirdi. Onun təşəbbüsü ilə milli məktəb ideyasının həyata keçirilməsi istiqamətində mühüm addım atıldı və Nümunə məktəbinin əsası qoyuldu.

Azərbaycan təhsil tarixində mühüm yer tutan Abdulla Şaiq Nümunə Məktəbi 1919-cu ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Məktəb ilk dəfə “milliləşdirilmiş sinif” kimi yaradılmış və bütün fənnlər Azərbaycan dilində tədris olunmuşdur. Bütün fənlərin rus dilində tədris edildiyi 49 rus sinfi olan Bakı I realnı məktəbin nəzdində Abdulla Şaiqin təşəbbüsü ilə Azərbaycan dili üzrə üç aylıq kurs açılmışdı. Bu kursu bitirən şagirdlər üçün həmin məktəbdə bütün fənlərin Azərbaycan dilində tədris edildiyi bir sinif (üçüncü sinif) açıldı. Bu sinifdə 25 şagird təhsil alırdı. “Nümunə məktəbi” şagirdlərinin xüsusi seçilən geyimləri, döş nişanları, çiyinlərinə taxılmış xüsusi paqonları var idi ki, bu da o dövr üçün böyük yenilik idi. Məktəbdə zəngin kitabxana yaradılmışdı; bura “Molla Nəsrəddin” jurnalının külliyyatı və Nəriman Nərimanovun əsərləri kimi qiymətli nəşrlər toplanmışdı.

Məktəbi bitirən  şagirdlərə şəhadətnamə verilirdi. Abdulla Şaiq hər bir şagirdi ilə fərdi maraqlanır, onlara bir müəllimdən çox, mənəvi ata qayğısı ilə yanaşırdı. 

Qısa fəaliyyəti dövründə məktəb bir çox müsabiqələrdə, imtahanlarda uğurlar qazanmış və Azərbaycan təhsil sistemində nümunəvi rol oynamışdır. 

Məktəbin ilk müəllimləri həm təcrübəli pedaqoqlar, həm də maarifçilərdən ibarət idi. Abdulla Şaiq adına Nümunə Məktəb dönəmin qabaqcıl tədris üsullarını tətbiq edərək şagirdlərin bilik, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirdi. Məktəbdə ədəbi, riyazi və təbii fənlərdə xüsusi proqramlar hazırlanmış və tətbiq olunmuşdur. Eyni zamanda, məktəb şagirdləri ictimai fəaliyyət və mədəni tədbirlər vasitəsilə sosial bacarıqlarını da inkişaf etdirirdi. Abdulla Şaiq məktəblərin inkişafı və yeni dərs vəsaitlərinin hazırlanması istiqamətində də fəal çalışmışdır. Abdulla Şaiq yalnız müəllim deyil, həm də dərslik müəllifi idi O, uşaqlar üçün müxtəlif dərsliklər və oxu kitabları hazırlamış, beləliklə də Azərbaycan məktəblərində ana dilinin tədrisinin inkişafına kömək etmişdir.

Məlum olduğu kimi, Abdulla Şaiq dövrünün ən nümunəvi pedoqoq və ən məhsuldar dərslik müəlliflərindən idi. Onun qələmə aldığı “Gülzar”(1912) və “Uşaq gözlüyü” (1910) adlı kitabları uşaqlar üçün nəzərdə tutulmuş mühüm tədris vəsaitləri kimi tanınır.  On altı səhifəlik “Uşaq çeşməyi” (1907)  kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanmışdı. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca  “Türk ədəbiyyatı”, “Gülşəni-ədəbiyyat”, “Türk ədəbiyyatına ilk qədəm” (1914, M.Mahmudbəyovla birgə), “Milli qiraət” (1919), “Müntəxəbat”, “Türk çələngi” (1919), “Ədəbiyyat dərsləri” (1919, H.Cavidlə birgə) “İkinci il”, “Türk dili”(1908) adlı dərsliklər və proqramlar hazırlamışdır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar verilmiş, əsərlərindən parçalar təqdim olunmuşdur. Bu kitablar uşaqların yaş səviyyəsinə uyğun hazırlanmış, onların dünyagörüşünün formalaşmasına, oxu vərdişlərinin inkişafına və milli dəyərlərlə tanış olmasına xidmət etmişdir. Bu cür əsərlər Abdulla Şaiqin Azərbaycan məktəbi və uşaq ədəbiyyatının inkişafına verdiyi dəyərli töhfələrdən biridir. 

O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürmüş, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ etmişdir. 

Nümunə məktəbi qısa müddətdə valideynlərin və ictimaiyyətin rəğbətini qazanmışdır. Bu təhsil ocağı milli kadrların yetişdirilməsində mühüm rol oynamış və sonrakı dövrdə Azərbaycan məktəbləri üçün örnəyə çevrilmişdir.

1924-cü ildə Abdulla Şaiq Nümunə məktəbinin ilk buraxılışı keçirilmişdir. Həmin ildə ana dilində orta məktəbi bitirən 25 şagird ilk məzunlar kimi tarixə düşmüşdür. Buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi məktəbin fəaliyyətini yüksək qiymətləndirərək ona “Şaiq Nümunə Məktəbi” adını vermişdir.

İlk milli orta məktəbin buraxılışına  həsr edilmiş  təntənəli tədbirdə Nəriman Nərimanov da iştirak edirdi. O, üzünü məzunlara tutub demişdi: “Sizə birinci vəsiyyətim budur ki, həyatda çalışqan olun, qorxaq olmayın, həmişə xalqımızın irəli getməsinə çalışın”. Məktəbi bitirən şagirdlər ali məktəblərə imtahansız qəbul olunurdular ki, bu da öz növbəsində sonralar gənc sovet respublikasında kadr məsələsinin həllinə böyük kömək göstərmişdi.

1920-ci ildə ölkədə baş verən siyasi dəyişikliklər nəticəsində məktəbin fəaliyyəti 1928-ci ildə dayandırıdı. Qısa, lakin səmərəli fəaliyyəti dövründə Abdulla Şaiq Nümunə Məktəbi Azərbaycanın ana dilli təhsilinin inkişafında əvəzsiz rol oynamışdır.

Bu gün də Abdulla Şaiqin adı milli təhsil tariximizdə böyük ehtiramla çəkilir. Onun yaratdığı Nümunə məktəbi isə yalnız bir təhsil müəssisəsi deyil, həm də milli özünüdərk və maarifçilik ideyasının rəmzi kimi dəyərləndirilir.

Abdulla Şaiqin zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 

Abdulla Şaiq 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, ədəbi və maarifçi fəaliyyəti ilə xalqın sevgisini qazanmışdır. 1940-cı ildə ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilmiş, 1946-cı ildə isə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Uzun illər boyunca maarif və mədəniyyət sahəsindəki fəaliyyətinə görə müxtəlif dövlət təşəkkürləri və mükafatlarla qiymətləndirilmişdir. Görkəmli ədib həm yazıçı kimi yaratdığı əsərlərlə, həm də müəllim kimi fəaliyyəti ilə bir neçə nəslin formalaşmasına böyük təsir göstərmişdir.

Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. 
Onun xatirəsi bu gün də böyük ehtiramla yad edilir. Bakıda küçələrdən biri, Nəsimi rayonunda yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb böyük maarifçinin adını daşıyır. Bundan başqa, Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi yazıçının həyat və yaradıcılığını əks etdirən zəngin materialları qoruyub saxlayır və gələn ziyarətçilərə təqdim edir.

Azərbaycan dilinin inkişafı və milli ədəbiyyatın daha geniş yayılması məqsədilə İlham Əliyev tərəfindən 12 yanvar 2004-cü ildə imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama əsasən Abdulla Şaiqin əsərləri üç cild halında nəşr olunmuşdur. Həmin kitablar ölkənin müxtəlif kitabxanalarına göndərilərək oxucuların istifadəsinə verilmişdir.

Beləliklə, Abdulla Şaiqin 145 illik yubileyi böyük ədibin xatirəsini yad etmək, onun Azərbaycan maarifi və ədəbiyyatı qarşısındakı xidmətlərini bir daha xatırlamaq baxımından əlamətdar hadisədir.

Abdulla Şaiqin yaratdığı zəngin ədəbi və pedaqoji irs Azərbaycan təhsil və ədəbiyyat tarixində mühüm yer tutur. Onun maarifçilik ideyaları, uşaqlar üçün yazdığı əsərlər və pedaqoji fəaliyyəti bu gün də öz aktuallığını qoruyur və gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır. 

Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynamış pedaqoq-alimlər, maarifçilər və müxtəlif elm sahələrində fəaliyyət göstərmiş görkəmli ziyalılar haqqında zəngin materiallar, sənədlər və eksponatlar qorunub saxlanılır. Muzeydə görkəmli maarifçi və yazıçı Abdulla Şaiqin yaratdığı Nümunə Məktəb haqqında da xüsusi stend təşkil olunmuşdur. Həmin stenddə məktəbin fəaliyyəti, onun Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr barədə məlumatlar, eləcə də müxtəlif sənədlər və fotoşəkillər təqdim edilir. Bu materiallar vasitəsilə ziyarətçilər həmin dövrün təhsil mühiti, məktəbin təşkili və fəaliyyəti haqqında daha ətraflı təsəvvür əldə edirlər.

Xalq Təhsili Muzeyini ziyarət edən qonaqlara muzey əməkdaşları tərəfindən bu eksponatlar haqqında ətraflı məlumat verilir, maarifçilik tariximizin mühüm səhifələri və görkəmli şəxsiyyətlərin Azərbaycan təhsilinə göstərdikləri xidmətlər barədə geniş məlumat verilir. Bu da ziyarətçilərin ölkəmizin təhsil tarixini daha yaxından tanımasına və qiymətləndirməsinə imkan yaradır.    

Səidə Arif qizi Bəşirova,
Xalq Təhsili Muzeyinin Fond və kitabxana şöbəsinin 
böyük elmi işçisi