“Ən böyük istəyim sağalmaqdır” - Sağlamlığını itirən Ümid məzun oldu

13 İyun, 2026 - 10:31
“Ən böyük istəyim sağalmaqdır”

Məzunluq hər bir şagirdin həyatında unudulmaz bir gündür. Bu gün illərlə bir sinifdə oxuyan, eyni sevinci və həyəcanı paylaşan dostların məktəblə vidalaşdığı, gələcəyə doğru ilk böyük addımı atdığı gündür. Gəncə şəhəri M.Hadi adına 10 nömrəli tam orta məktəbin XI “A” sinif şagirdi Ümid Pənahov üçün isə bu məzunluq günü daha fərqli hisslərlə yadda qalacaq.

Aprel ayında ağır avtomobil qəzası keçirən Ümid Pənahov bu gün sinif yoldaşları ilə birlikdə məzun olmağın sevincini yaşayır. O, yaşadığı çətinliklərə baxmayaraq, dostlarından uzaq düşmədiyini və onların dəstəyinin ona güc verdiyini deyir.

“Bu il mənim üçün asan olmadı. Qəza keçirdim, çətin günlər yaşadım. Amma bütün bunlara baxmayaraq, dostlarımın sevgisini və qayğısını hiss etdim. Bu məzun günündə onların yanında olmaq mənim üçün ən böyük sevincdir”.
Ümid məktəb illərini xatırlayarkən kövrəlir. O deyir ki, sinif otaqlarında keçən günlər, müəllimlərinin öyrətdikləri, dostları ilə paylaşdığı xatirələr ömrünün ən dəyərli səhifələri olaraq qalacaq.
“Ayrılacağımız üçün özümü çox pis hiss edirəm. Uşaqlarla keçirdiyim günləri heç vaxt unutmayacağam. Hər bir xatirə mənim üçün çox qiymətlidir. Bu gün həm sevincliyəm, həm də kövrəyəm”.
Bu gün keçiriləcək məzun rəqsi də onun üçün xüsusi məna daşıyır. Çünki Ümid üçün bu rəqs sadəcə bir tədbir deyil, həm də yaşadığı çətin günlərdən sonra həyata yenidən ümidlə baxmağın rəmzidir.

Məzunluq həyəcanı ilə yanaşı, gələcək arzuları da onu ruhlandırır. İkinci ixtisas qrupu üzrə imtahan verən gənc məzun gələcəkdə coğrafiya müəllimi olmaq istəyir.
“Çox istərdim ki, ali məktəbə qəbul olum. Mənim arzum coğrafiya müəllimi olmaqdır. Uşaqlara bilik öyrətmək, onlara faydalı olmaq istəyirəm”.
Bu gün Ümidin ən böyük arzusu isə sağlamlığına tam qovuşmaqdır.
“Hazırda ən böyük istəyim sağalmaqdır. İnanıram ki, hər şey yaxşı olacaq. Həyatın qarşıma çıxardığı çətinlikləri geridə qoyub arzularıma doğru addımlayacağam”.