Məcburi köçkün tələbələrin təhsil güzəşti nə vaxtadək davam edəcək?
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Təhsil haqqında” qanuna yeni təklif edilən dəyişikliklərdə məcburi köçkün statusu olan tələbələrin də təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi məsələsi yer alıb.
Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmin şəxslər sırasında dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları da var.
Yeni dəyişiklik layihəsində məcburi köçkünlərə verilmiş bu güzəşt də saxlanılıb.
Xatırladaq ki, qanunvericiliyə görə, vətəndaş aşağıdakı hallarda məcburi köçkün statusunu itirir:
– əvvəl daimi yaşadığı yerə qayıtdıqda və ya həmin ərazidə müəyyən edilmiş ölçüdə yaşayış sahəsi ilə əvəzsiz təmin edildikdə;
– bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
Məcburi köçkün statusu itirildikdən sonra müvafiq sosial təminatlar, o cümlədən təhsil haqqının dövlət hesabına ödənilməsi tətbiq edilmir.
Beləliklə, məcburi köçkün olan tələbələrin təhsil haqqı mövcud qanunvericiliyə əsasən, status qüvvədə qaldığı müddətdə dövlət tərəfindən ödənilir.



