Mehriban Vəliyeva: Təhsildə keyfiyyətin təmin olunmasında müəllim amili əsasdır

20 Sentyabr, 2026 - 17:42
Mehriban Vəliyeva: Təhsildə keyfiyyətin təmin olunmasında müəllim amili əsasdır

"Elm və Təhsil Nazirliyi, AGMA və digər qurumlarla bərabər "Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” mövzusunda təşkil olunan konfrans təhsil işçilərimiz üçün  çox böyük əhəmiyyət daşıyır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Mehriban Vəliyeva Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə keçirilən "Yeni tədris ili: Məktəbdə keyfiyytətli başlanğıc"mövzusunda keçirilən konfransda deyib.

Millət vəkili qeyd edib ki, hər bir təhsil ilinin başlanğıcı necə qurulursa, növbəti proseslər də  ona uyğun olaraq davam etdirilir: "Burada keyfiyyət məsələsində nail olacağımız nəticələr, problemlər və gələcək perspektivlər barədə danışmaq, fikir mübadiləsi aparmaq çox önəmlidir. Biz bilirik ki, bu istiqamətdə beynəlxalq və milli öhdəliklərimiz var. Beynəlxalq öhdəliklər baxımından biz BMT-nin Dayanıqlı  İnkişaf Məqsədlərində təhsildə keyfiyyətin təmin olunması məsələsinə diqqət yetirməyi  xüsusi olaraq nəzərimizdə saxlamalıyıq. Amma ölkə baxımından bizim təhsilimizdə olan yeniliklər, islahatlar və bu islahatlardan doğan tələblər, bununla bağlı olan məsələlər də diqqət mərkəzində olmalıdır. Bunlar ümumi məsələdir. "Məktəb daxilində keyfiyyətli təhsili təmin etmək üçün nədən başlamalıyıq?" sualının əsas cavabı, mənə elə gəlir ki, statistik təhlillərdən, data ilə işləməyi bacarmaqdan ibarətdir. Çünki keyfiyyəti təmin edən amillər çoxdur. Lakin keyfiyyət haqqında biz rəqəmlərlə danışa bilərik. Bu baxımdan hər bir idarəçinin xüsusilə məktəb direktorunun, direktor müavinlərinin və müəllimlərin üzərinə  mühüm vəzifələr düşür".

Mehriban Vəliyevanın sözlərinə görə, təhsildə 
keyfiyyətin təmin olunmasında müəllim amili əsasdır.
Çünki müəllim bir başa şagirdlə, valideynlə ünsiyyətdə olan şəxsdir. Və şagirdin nailiyyətini əldə etmək üçün müəllim ilk növbədə öz işinə peşəkarcasına,   məsuliyyətlə  yanaşmalıdır: "Biz bu məsələlərə toxunduq, geniş müzakirə apardıq. Düşünürəm ki, digər spikerlər də praktik təlimlərlə daha maraqlı məqamlara toxunacaqlar və bunun gələcək keyfiyyətin təmin olunmasında müəllimlərimizə  çox böyük töhfəsi olacaq. Biz hər zaman müəllimlərin yanında olmalıyıq və təhsil işçilərimiz   bunu hiss etməlidir. Müəllim Azərbaycanın gələcəyini quran vacib, dəyərli şəxslərdən biridir və o dəyəri biz həmişə qoruyub saxlamalıyıq".