İdeyadan layihəyə: startapçı tələbələr gələcəyin texnologiyalarını yaradır

7 Noyabr, 2026 - 19:18
İdeyadan layihəyə: startapçı tələbələr gələcəyin texnologiyalarını yaradır

Universitetlərdə tələbə uğuru yalnız akademik göstəricilərlə deyil, innovativ ideyalar və praktiki bacarıqlarla da ölçülür. Azərbaycan Texnologiya Universitetində (ATU) təsis edilən “Startapçı tələbə” təqaüd proqramı məhz belə təşəbbüskar gənclərin dəstəklənməsinə xidmət edir.

Proqramın ilk mərhələsində dörd tələbə qalib seçilib. Onların layihələri alternativ enerjidən rəqəmsal təhsil platformalarına, universitetin idarəetmə sistemlərindən müəllimlərin fəaliyyətinin rəqəmsallaşdırılmasına qədər müxtəlif istiqamətləri əhatə edir. Bu gənclər üçün təqaüd yalnız maddi dəstək deyil, həm də ideyalarının universitet səviyyəsində tanınması və inkişafı üçün yaradılan imkandır.

“Azərbaycan müəllimi” “Startapçı tələbə” təqaüd proqramının yaradılma məqsədi, tələbələrin innovativ ideyalarının dəstəklənməsi baxımından əhəmiyyəti, gənclərə qazandırdığı imkanlar və üstünlükləri ilə maraqlanıb, startapları qalib olanların  fikir və təəssüratlarını öyrənib.

Uğur yalnız yüksək qiymətlərlə ölçülmür


ATU İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov deyir ki, “Startapçı tələbə” proqramının yaradılması zərurəti universitetdə fərqli bacarıqlara malik gənclərin fəaliyyətinin qiymətləndirilməsi ehtiyacından yaranıb.

Onun sözlərinə görə, universitetdə mövcud təqaüd proqramlarından əsasən akademik göstəriciləri yüksək olan tələbələr yararlana bilirlər. Lakin elə gənclər də var ki, onların əsas uğuru qiymət cədvəlində deyil, hazırladıqları texnoloji məhsullarda, proqram təminatlarında və innovativ ideyalarında özünü göstərir: “Universitetimizdə elə tələbələr var ki, onların əsas uğuru akademik göstəricilərində deyil, ortaya qoyduqları işlərdə, hazırladıqları layihələrdə və texnoloji ideyalarında özünü göstərir. Məsələn, tələbə öz tətbiqini hazırlayır, startap üzərində işləyir, hansısa problemi həll etmək üçün real məhsul ortaya qoymağa çalışır. Bəzən belə tələbənin akademik göstəriciləri yüksək olmur, amma onun ciddi texniki bacarığı, təşəbbüskarlığı və işlək layihəsi olur. Hesab edirik ki, belə tələbələrin əməyi də qiymətləndirilməlidir”.

Məhz bu yanaşma əsasında universitetin rektorunun təşəbbüsü ilə proqram yaradılıb. “Düşündük ki, uğuru niyə yalnız akademik nəticələrlə ölçək? Niyə real iş görən, ideyasını həyata keçirməyə çalışan tələbələr üçün də ayrıca stimul yaratmayaq? İstədik ki, tələbələr gördükləri işin universitet tərəfindən fərq edildiyini və qiymətləndirildiyini hiss etsinlər, layihələri üzərində daha həvəslə çalışsınlar. Bizim üçün əsas məsələ sadəcə təqaüd vermək deyil. İstəyirik ki, tələbə ideyasının dəyər gördüyünü bilsin, başladığı işi yarımçıq qoymasın, onu inkişaf etdirməyə həvəslənsin”.

Proqramın seçim mərhələsində tələbələrin layihələri və praktik bacarıqları əsas götürülsə də, akademik göstəricilər də diqqətdən kənarda qalmayıb. Müsabiqədə iştirak üçün tələbənin heç bir qeyri-müvəffəq qiymətinin olmaması əsas şərtlərdən biri olub. Təqdim edilən layihələr müvafiq komissiya tərəfindən qiymətləndirilib və inkişaf potensialı, praktik əhəmiyyəti ilə seçilən dörd tələbə qalib müəyyənləşdirilib.

E.Əhmədovun sözlərinə görə, qaliblərə təqaüd ayrılması ilə yanaşı, onların layihələrinin inkişafına da dəstək göstərilir: “Bu proqram sadəcə aylıq 150 manatlıq maddi dəstəkdən ibarət deyil. Biz tələbələrin layihələrinə daha ciddi yanaşmalarını, onları inkişaf etdirmələrini və real nəticəyə çatdırmalarını stimullaşdırırıq. Universitetin rektoru proqramın qalibləri və İnnovasiya Mərkəzinin fəal tələbə üzvləri ilə mütəmadi görüşür, layihələrinin inkişaf dinamikasını yaxından izləyir, qarşıya çıxan məsələlərlə maraqlanır, öz tövsiyə və təkliflərini bölüşür”.

Elnur Əhmədov hesab edir ki, belə təşəbbüslərin dəstəklənməsi həm tələbələrin fərdi inkişafı, həm də universitetdə innovasiya mühitinin genişlənməsi baxımından əhəmiyyətlidir: “İstəyirik ki, bu təşəbbüs tələbələrin ideyalarının real nəticələrə, perspektivli layihələrin isə gələcəkdə tətbiq oluna və kommersiyalaşdırıla bilən məhsullara çevrilməsinə zəmin yaratsın”.

İdeyadan reallığa: layihələrin yaranma hekayəsi


İlk qaliblərdən biri universitetin “Qida mühəndisliyi” ixtisasının II kurs tələbəsi Uğur Nağıyevdir. Onun “Step Enerji” layihəsi gündəlik həyatımızda adi hesab etdiyimiz insan addımlarını alternativ enerji mənbəyinə çevirmək ideyasına əsaslanır: “Burada məqsəd gündəlik hərəkət zamanı yaranan enerjidən səmərəli istifadə etməkdir. Xüsusi mexaniki sistem vasitəsilə addımların yaratdığı kinetik enerji elektrik enerjisinə çevrilir”.

Gənc startapçının fikrincə, bu texnologiyanın tətbiq imkanları kifayət qədər genişdir: “Burada hədəfimiz ənənəvi enerji mənbələrindən asılılığı müəyyən qədər azaltmaq və enerjiyə qənaət imkanlarını araşdırmaqdır. Əlbəttə, bunun üçün sistemin texniki göstəricilərinin sınaqdan keçirilməsi, əldə edilən enerjinin miqdarının qiymətləndirilməsi və tətbiq şəraitinin müəyyənləşdirilməsi vacibdir”.

Uğur üçün ideyanı mexaniki sistemə çevirmək, onun səmərəliliyini artırmaq və real şəraitdə tətbiq imkanlarını araşdırmaq layihənin əsas mərhələləridir. Təqaüdün bu istiqamətdə ona əlavə imkanlar yaradacağını düşünür.

Təqaüdü layihələrin texniki imkanlarını genişləndirmək üçün əlavə fürsət hesab edir


“İnformasiya təhlükəsizliyi” ixtisasının II kurs tələbəsi İsmayıl Abbasov isə rəqəmsal həllərlə universitet həyatını asanlaşdırmağa çalışır. Onun hazırladığı “ATU imtahan portalı” tələbələrin imtahanlara hazırlıq prosesini daha əlçatan və sistemli təşkil etmək məqsədi daşıyır: “Bu ideya tələbələrin imtahanlara hazırlıq prosesini daha sistemli və əlçatan etmək ehtiyacından yaranıb. Hazırlıq materiallarının, testlərin və imtahan suallarının vahid platformada toplanması tələbələrə lazım olan məlumatları daha rahat əldə etməyə və biliklərini müstəqil şəkildə yoxlamağa imkan verir”.

Portal vasitəsilə tələbələr sınaq testlərindən istifadə edə, imtahan sualları ilə tanış ola və hazırlıq prosesində universitetin müvafiq qurumlarına müraciət edə bilərlər. Gəncin əsas hədəfi platformanın imkanlarını genişləndirmək və gələcəkdə digər ali təhsil müəssisələrinin də istifadə edə biləcəyi rəqəmsal təhsil alətinə çevirməkdir.

İsmayılın texnologiya ilə bağlı təşəbbüsləri bununla da məhdudlaşmır. O, universitetin rəsmi saytına inteqrasiya edilən “ATU rəqəmsal bələdçisi” adlı süni intellekt köməkçisini də hazırlayıb: “Bu, RAG (Retrieval-Augmented Generation) arxitekturası əsasında işləyən süni intellekt köməkçisidir. Onun məqsədi istifadəçilərin universitetlə bağlı suallarına daha operativ cavab tapmasına kömək etməkdir”.

İsmayıl üçün əsas məsələ hazırladığı sistemlərin sadəcə texniki məhsul kimi qalması deyil, real istifadəçilərin ehtiyaclarına cavab verməsidir. O, təqaüdü layihələrin texniki imkanlarını genişləndirmək və onların funksionallığını artırmaq üçün əlavə fürsət hesab edir.

Diqqətçəkən imkanlarından biri inventarların QR kod vasitəsilə izlənilməsidir


Digər qalib “İnformasiya təhlükəsizliyi” ixtisasının II kurs tələbəsi Turan Quliyev “ATU İnventar” platforması üzərində çalışır. Layihənin əsas məqsədi universitetin maddi-texniki resurslarının vahid rəqəmsal sistem vasitəsilə qeydiyyatını və idarə olunmasını təmin etməkdir:“Universitetdə kompüter, mebel, laboratoriya avadanlıqları və digər inventarların mövcudluğu, yerləşdiyi yer, vəziyyəti və kimə təhkim edildiyi barədə məlumatların sistemli şəkildə idarə olunması vacibdir. Bu məlumatların vahid bazada toplanması resursların uçotunu asanlaşdıra, inventar barədə məlumatların axtarışına sərf olunan vaxtı azalda və idarəetmədə şəffaflığı artıra bilər”.

Platformanın diqqətçəkən imkanlarından biri inventarların QR kod və ya ştrix-kod vasitəsilə izlənilməsidir. Bu texnologiya avadanlığın yerləşdiyi məkanı, vəziyyətini və kimə təhkim olunduğunu müəyyənləşdirməyə, onun bir yerdən digərinə köçürülməsini sistemli şəkildə həyata keçirməyə imkan verir.

Turan hesab edir ki, belə bir sistemin faydalı olması üçün yalnız proqramlaşdırma bacarığı kifayət etmir: “Bu iş mənə texniki həllərin yalnız proqramlaşdırmadan ibarət olmadığını, onların tətbiq olunacağı mühiti və istifadəçilərin ehtiyaclarını da nəzərə almağın vacibliyini göstərib. Veb-saytların hazırlanması və müxtəlif təşkilatlarla əməkdaşlıq təcrübəm də bu sahədə qazandığım bilikləri inkişaf etdirməyə kömək edir”.

Tələbə layihənin artıq universitetdə istifadəyə başladığını bildirir. Onun sözlərinə görə, ayrılan təqaüd proqram təminatının təkmilləşdirilməsi, texniki ehtiyacların qarşılanması və platformanın imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

İdeyanın dəyəri real ehtiyaca cavab verməsi ilə ölçülür 


“Marketinq” ixtisasının III kurs tələbəsi Ayxan Məmmədovun layihəsi isə müəllimlərin gündəlik fəaliyyətinin asanlaşdırılmasına yönəlib. Onun hazırladığı “Müəllim portalı” elmi və tədris fəaliyyəti ilə bağlı məlumatların vahid sistemdə toplanmasını, hesabatların hazırlanmasının sadələşdirilməsini nəzərdə tutur.

Ayxan hesab edir ki, texnoloji həllin uğurlu olması üçün ilk növbədə mövcud ehtiyac düzgün müəyyənləşdirilməlidir: “Layihə üzərində işləyərkən əsas diqqətimi mövcud ehtiyacları müəyyənləşdirməyə və onların həllinə yönəlmiş praktik imkanlar yaratmağa verirəm. Düşünürəm ki, ideyanın dəyəri onun real ehtiyaca nə dərəcədə cavab verməsi ilə ölçülür”.

Gənc layihə müəllifi növbəti mərhələdə portalın funksionallığını genişləndirməyi, tətbiq imkanlarını araşdırmağı və müəllimlərin ehtiyaclarına uyğun yeni imkanlar yaratmağı planlaşdırır: “Universitetin tələbə təşəbbüslərinə dəstək göstərməsi ideyalarımı reallaşdırmaq və onları inkişaf etdirmək həvəsimi artırır. Təqaüdü layihənin təkmilləşdirilməsi, yeni imkanların araşdırılması və gələcək inkişafı üçün istifadə etməyi düşünürəm”.