bp şirkətinin regional prezidenti ADNSU-nu ziyarət edib
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə regional prezidenti Ciovanni Kristofoli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub, rektor Rüfət Əzizov, universitetin rəhbərliyi və professor-müəllim heyəti, eləcə də gənc alim və tədqiqatçılarla görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı universitetin elmi-tədqiqat və innovasiya imkanları, enerji sənayesinin gələcəyi, kibertəhlükəsizlik, süni intellektin elmi araşdırmalarda və təhlükəsizlik baxımından kritik əməliyyatlarda tətbiqi, həmçinin ali təhsil müəssisələri ilə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qonaq universitetin bp-nin dəstəyi ilə yaradılmış bərpaolunan enerji laboratoriyası və nəşriyyatı, eləcə də Mineralogiya Muzeyi ilə tanış olub. ADNSU-da tədris, elmi araşdırma və innovasiya istiqamətlərində görülən işlərlə tanışlıq zamanı universitetdə formalaşmış elmi mühit yüksək qiymətləndirilib.
Gənc tədqiqatçılarla söhbət zamanı onların peşəkar inkişaf perspektivləri və karyera hədəfləri barədə də fikir mübadiləsi aparılıb.
C.Kristofoli qeyd edib ki, elm və mühəndislik qarşıdakı dövrdə bir çox çağırışların həllində mühüm rol oynayacaq. Onun sözlərinə görə, Azərbaycanın güclü texniki potensialı var və ADNSU kimi universitetlər bu potensialın inkişafına, ölkə daxilində və beynəlxalq miqyasda tətbiqinə mühüm töhfə verir.




