İngiltərədə şagirdlərə daha geniş fənn seçimi imkanı veriləcək

29 Noyabr, 2026 - 19:03
İngiltərədə şagirdlərə daha geniş fənn seçimi imkanı veriləcək

İngiltərədə orta məktəblərin kurikulumu yenilənəcək. Yeni dəyişikliklərə əsasən, şagirdlərə GCSE (orta təhsil haqqında ümumi sertifikat) səviyyəsində yaradıcılıq və texniki-peşə fənlərini seçmək üçün daha geniş imkanlar yaradılacaq.

“Azərbaycan müəllimi” BBC-yə istinadən xəbər verir ki, İngiltərənin təhsil naziri Lüsi Pauell yeni kurikulumun gənclərə fərdi maraq və bacarıqlarına uyğun təhsil istiqaməti seçməyə, öz potensiallarını üzə çıxarmağa kömək edəcəyini bildirib. Onun sözlərinə görə, yeni kurikulumla bağlı təkliflər bazar ertəsi ictimaiyyətə təqdim olunacaq.

Dəyişikliklərə əsasən, riyaziyyat və ingilis dili fənlərinin tədrisi məcburi olaraq qalacaq, elm fənlərinə isə daha geniş yer ayrılacaq. Bununla yanaşı, şagirdlər dörd istiqamətdən ən azı ikisi üzrə fənlər seçməli olacaqlar. Bu istiqamətlərə humanitar və sosial elmlər, yaradıcılıq fənləri, texniki-peşə təhsili və xarici dillər daxildir. Beləliklə, yaradıcılıq və ya texniki fənləri seçən şagirdlər tarix, coğrafiya və xarici dil kimi bəzi fənləri öyrənməmək imkanına da malik olacaqlar.

Lüsi Pauell hesab edir ki, əvvəlki təhsil proqramı həddindən artıq dar çərçivəyə salınıb. Nazir yaradıcılıq və peşə yönümlü fənlərin tədrisində müşahidə olunan geriləməni aradan qaldırmaq, eyni zamanda şagirdlərin fundamental bilik və bacarıqlarını gücləndirmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, təhsil siyasəti Birləşmiş Krallıqda ayrı-ayrı ərazilərin səlahiyyətinə aid olduğundan, nəzərdə tutulan dəyişikliklər yalnız İngiltərədəki məktəblərə şamil ediləcək. Onlar Şotlandiya, Uels və Şimali İrlandiyanın təhsil sistemlərinə təsir göstərməyəcək.