Xarici dil üzrə tədris yanaşmaları təkmilləşdirilməlidir - Prorektor
“Dil tədrisinin keyfiyyətinin artırılması üçün ali və orta təhsil müəssisələrində çalışan müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübənin öyrənilməsi və müasir texnologiyaların tədris prosesində tətbiqi də bu istiqamətdə yeni imkanlar açır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru Eldar Aslanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dilinin tədrisi və ictimai həyatda düzgün istifadəsi dövlət səviyyəsində diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Eyni zamanda, qloballaşma və beynəlxalq əlaqələrin genişlənməsi xarici dillərin öyrənilməsini də zəruri edir.
Prorektor qeyd edib ki, şagirdlərin uzun müddət xarici dil təhsili öyrənmələrinə baxmayaraq, həmin dildə sərbəst danışmaqda və fikirlərini ifadə etməkdə çətinlik çəkmələri mövcud tədris yanaşmalarına yenidən baxılmasını aktuallaşdırır. Belə ki, bəzi hallarda dilin qrammatik qaydalarının öyrədilməsinə danışıq və kommunikasiya bacarıqlarının inkişafından daha çox diqqət ayrılır.
E.Aslanov vurğulayıb ki, dil tədrisinin əsas məqsədlərindən biri nəzəri biliklərlə praktik ünsiyyət bacarıqları arasında düzgün əlaqənin qurulmasıdır. Bu baxımdan süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından yararlanmaq təlim prosesinin daha səmərəli təşkilinə töhfə verə bilər.




