ADPU-da Dil Müəllimləri Sammiti keçirilib

28 Noyabr, 2026 - 15:02
ADPU-da Dil Müəllimləri Sammiti keçirilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Dil Müəllimləri Sammiti 2026: aktual problemlər və inkişaf istiqamətləri” mövzusunda sammit keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ADPU-nun Filologiya fakültəsi və İGP – Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dil müəllimləri, ali məktəb nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Sammit iştirakçılarını salamlayan Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov dilin milli kimliyi, tarixi yaddaşı və mənəvi dəyərləri yaşatdığını vurğulayıb. O, ana dilimizin zənginliyini və saflığını qoruyaraq gələcək nəsillərə ötürməyin hər kəsin vəzifəsi olduğunu, xarici dilləri öyrənməyin isə mədəniyyətlərarası dialoqa və beynəlxalq əməkdaşlığa yol açdığını qeyd edib.

Cəfər Cəfərov müasir dil müəlliminin öyrənənlərə fikirlərini sərbəst ifadə etmək, yaradıcı və tənqidi düşünmək, fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyət qurmaq bacarıqları aşılamalı olduğunu bildirib. Rektor müəllimlərin davamlı peşəkar inkişafının, yeni tədris üsullarına yiyələnməsinin, rəqəmsal texnologiyalardan və süni intellektdən tədrisdə səmərəli istifadənin əhəmiyyətini vurğulayıb. O, sammitdə aparılan müzakirələrin müəllimlər arasında təcrübə mübadiləsinə və yeni birgə təşəbbüslərə təkan verəcəyinə əminliyini ifadə edib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında gənc nəslin sözə və milli-mədəni irsə münasibətinin formalaşmasında dil müəllimlərinin roluna diqqət çəkib. O, müxtəlif dilləri tədris edən müəllimlərin dərslərdə qarşılaşdıqları ortaq məsələləri birlikdə müzakirə etməsinin, təcrübələrində uğurlu nəticə verən üsulları həmkarları ilə bölüşməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, dil müəllimlərinin hazırlanması və dil tədrisinin müxtəlif aspektlərinin tədqiqi istiqamətində Pedaqoji Universitetin Filologiya fakültəsində son illər bir sıra nailiyyətlər əldə olunub və bu fəaliyyətlər məqsədyönlü şəkildə davam etdirilir.

“British Council”ın Azərbaycan nümayəndəliyinin təmsilçisi Nərgiz Əkbərovanın aparıcılığı ilə keçirilən sammitdə İGP-nin təsisçisi, Azərbaycan-Fransız Universitetinin akademik yazı və ingilis dili müəllimi Aynurə İskəndərova, Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva, Fransa Prezidenti və hökumətinin rəsmi tərcüməçisi Elvin Abbasbəyli əsas məruzələrlə çıxış ediblər.

ADA Universitetinin akademik heyətinin üzvü Sevil Ağayevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Bakı Dövlət Universitetinin dosenti, təhsil psixoloqu Elmina Kazımzadə, Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri Azad Məmmədov və Türkiyə-Azərbaycan Universitetinin ingilis dili proqramının rəhbəri Mutlu Çalışkan iştirakçıların suallarını cavablandırıblar.

Panel müzakirəsindən sonra ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova yekun nitqi ilə çıxış edib.

Daha sonra praktik sessiyalar keçirilib.

ADPU-da Dil Müəllimləri Sammiti keçirilib
ADPU-da Dil Müəllimləri Sammiti keçirilib
ADPU-da Dil Müəllimləri Sammiti keçirilib
ADPU-da Dil Müəllimləri Sammiti keçirilib