Müasir dil müəllimi yalnız dil biliklərini ötürən mütəxəssis deyil - Rektor

28 Noyabr, 2026 - 11:48
Müasir dil müəllimi yalnız dil biliklərini ötürən mütəxəssis deyil

“Müasir dövrdə dil tədris edən müəllimlərini peşəkar inkişafı, innovativ tədris metodlarına və rəqəmsal texnologiyalara yiyələnməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Dil müəllimləri: aktual problemlər və inkişaf istiqamətləri” mövzusunda keçirilən sammitdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib.

Rektor bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin daşıyıcısıdır. Onun sözlərinə görə, ana dilinin qorunması, zənginləşdirilməsi və saflığının gələcək nəsillərə ötürülməsi hər kəsin mühüm vəzifəsidir.

C.Cəfərov qeyd edib ki, xarici dillərin öyrənilməsi mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. O bildirib ki, müasir insanı bir və ya bir neçə xarici dil bilmədən təsəvvür etmək çətindir.

Rektorun sözlərinə görə, müasir dil müəllimi yalnız dil biliklərini ötürən mütəxəssis deyil, həm də öyrənənlərdə kommunikativ, yaradıcı və tənqidi düşünmə, eləcə də mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirən pedaqoq olmalıdır.

C.Cəfərov hazırda rəqəmsal texnologiyaların və süni intellektin tədrisdə tətbiqinin, innovativ yanaşmaların mənimsənilməsinin və müəllimlərin davamlı peşəkar inkişafının aktual məsələlər olduğunu vurğulayıb.

O, sammitin bu istiqamətlərdə təcrübə mübadiləsinə, yeni təşəbbüslərin formalaşmasına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Rektor sammit çərçivəsində aparılacaq müzakirələrin və təqdim olunacaq qabaqcıl təcrübələrin dil tədrisinin inkişafına, müəllimlərin peşəkar fəaliyyətinin təkmilləşməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini qeyd edib.