Bəhruz Əzimov: Naxçıvanda 4 mindən artıq gənc təhsil tələbə kreditindən yararlanıb
"2021–2026-cı illər ərzində Təhsil Tələbə Krediti (TTK) üzrə 118 min 783 müraciət qeydə alınıb, 97 min 982 kredit müqaviləsi imzalanıb. Ümumilikdə 40 min 730 tələbə təhsil tələbə kreditindən yararlanıb. Bu məqsədlə ayrılan kreditlərin ümumi məbləği təxminən 92,3 milyon manat təşkil edib".
"Azərbaycan müəllimi" xəbər verir, bu barədə Naxçıvanda keçirilən Gələcəyin Peşə Sammitində panel müzakirə zamanı Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov deyib.
O, bildirib ki, kredit müqavilələrinin sayında da ildən-ilə artım müşahidə olunub: "Belə ki, 2021-2022-ci tədris ilində 6 min 814, 2022-2023-cü ildə 12 min 730, 2023-2024-cü ildə 17 min 171, 2024-2025-ci ildə 20 min 695, 2025-2026-cı tədris ilində isə 27 min 739 müqavilə imzalanıb".
TTKF sədri kreditlərin növləri və maliyyələşmə mənbələri üzrə bölgü barədə də məlumat verib: “Müqavilələrin 65 faizi standart, 35 faizi sosial kreditlər üzrədir. Maliyyələşmənin 78 faizi dövlət, 22 faizi isə özəl təhsil müəssisələrinin payına düşür.
Naxçıvanda isə 4 286 gənc təhsil tələbə krediti üzrə müqavilə bağlayıb, 3 409 tələbə isə bu kreditlərdən yararlanaraq təhsilini maliyyələşdirmək imkanı əldə edib".




