Rəqəmsal texnologiyalar dövründə də müəllim əməyinə ehtiyac var - Mahirə Hüseynova 

28 Noyabr, 2026 - 11:08
Rəqəmsal texnologiyalar dövründə də müəllim əməyinə ehtiyac var

“Xarici dilləri dərindən mənimsəmək üçün ilk növbədə ana dilinin qrammatik quruluşunu, qanunauyğunluqlarını və ifadə imkanlarını mükəmməl bilmək vacibdir. Bu baxımdan dillərin müqayisəli şəkildə öyrənilməsi mühüm əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Dil müəllimləri: aktual problemlər və inkişaf istiqamətləri” mövzusunda keçirilən sammitdə çıxışı zamanı deyib.

Professor bildirib ki, Azərbaycan dili zəngin qrammatik quruluşu, qanunauyğunluqları və ifadə imkanları ilə seçilən dillərdəndir. Bu dilin xüsusiyyətlərini dərindən mənimsəmək digər dillərin öyrənilməsinə də müsbət təsir göstərir.

Onun sözlərinə görə, dil tədrisində müqayisəli yanaşmanın tətbiqi, müxtəlif dillərin qrammatik və leksik xüsusiyyətlərinin qarşılaşdırılması öyrənmə prosesini daha səmərəli edə bilər.

M.Hüseynova qeyd edib ki, xüsusilə “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin dünya ədəbiyyatı nümunələrini orijinaldan oxuması həm dil biliklərinin, həm də ədəbi dünyagörüşünün inkişafı baxımından əhəmiyyətlidir.

Professor vurğulayıb ki, bədii əsərlərin bir dildən digərinə tərcüməsi heç də həmişə orijinalın bütün məna və üslub xüsusiyyətlərini olduğu kimi əks etdirmir. Xüsusilə frazeoloji birləşmələr, ifadələr və dilin özünəməxsus qrammatik xüsusiyyətləri tərcümə prosesində xüsusi diqqət tələb edir.

Süni intellektin dil tədrisindəki roluna da toxunan professor hesab edir ki, bu texnologiya müəllimin fəaliyyətini asanlaşdıran mühüm vasitə olsa da, onu əvəz edə bilməz.

Onun sözlərinə görə, müəllim yalnız mövcud məlumatları öyrədən şəxs deyil, eyni zamanda yaradıcı düşünən, yeni bilik və metodlar axtaran, tələbələrin intellektual inkişafına istiqamət verən şəxsiyyətdir. Buna görə də rəqəmsal texnologiyaların inkişaf etdiyi müasir dövrdə müəllim əməyinə və pedaqoji fəaliyyətə ehtiyac qalmaqdadır.