“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Mehriban Vəliyeva, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, QHT nümayəndələri, məktəb direktorları, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsinin inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və "Məktəbli avtoşəhərciyi" layihələri ilə tanış olub, Azərbaycanın tarixi şəxsiyyətlərinin obrazlarını canlandıran şagirdlərin çıxışlarını izləyiblər.
Məktəbin direktoru Sitarə Abbasova görüş iştirakçılarını salamlayıb, keçirilən ictimai müzakirələrin məktəb, valideyn və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, belə görüşlər mövcud məsələlərin müzakirəsi, fikir mübadiləsinin aparılması və birgə həll yollarının tapılması baxımından faydalıdır. Direktor daha sonra tədris prosesində həyata keçirilən yeniliklər və şagird nailiyyətlərinə həsr olunmuş təqdimatla çıxış edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı cəmiyyət, məktəb və media arasında açıq dialoqun genişləndirilməsi, ictimai fikrin formalaşması baxımından görüşün mühüm məna daşıdığını vurğulayıb. E.Eyvazlı, həmçinin məktəblilərin media savadlılığının artırılmasının, onların düzgün informasiya mühitində yetişməsinin vacibliyini qeyd edərək effektiv maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb.
Millət vəkilləri Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, QHT nümayəndələri, müəllimlər, valideynlər və digər çıxış edənlər təhsil ocağının fəaliyyətini, həyata keçirilən layihələri müsbət qiymətləndirib, belə müzakirələrin təhsil mühitində müvafiq məsələlərin həllinə töhfə verdiyini söyləyiblər. Eyni zamanda maarifləndirici layihələrin genişləndirilməsinin və ictimai institutların bu prosesə daha fəal qoşulmasının əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.



