Məktəb qaydalarına hörmətlə yanaşmaq uşağa ailədə aşılanmalıdır

16 Oktyabr, 2026 - 13:38
Məktəb qaydalarına hörmətlə yanaşmaq uşağa ailədə aşılanmalıdır

“Məktəbli forması ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunmasında valideynlərin üzərinə mühüm məsuliyyət düşür. Valideynlər övladlarına məktəbdaxili qaydalara hörmətlə yanaşmağı aşılamalı, yaranan anlaşılmazlıqları qarşılıqlı dialoq yolu ilə həll etməyə çalışmalıdırlar. Xüsusilə sosial şəbəkələrdə məktəblərə və müəllimlərə qarşı yönələn əsassız ittihamlar, emosional və aqressiv münasibətlər problemin həllinə deyil, daha da dərinləşməsinə səbəb ola bilər. Unutmamalıyıq ki, valideynin məktəbə münasibəti birbaşa uşağın müəllimə, təhsil mühitinə və ümumilikdə təhsilə baxışına təsir göstərir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) nəzdində fəaliyyət göstərən Gənc İnformatika Müəllimləri Birliyinin təsisçisi Pərvanə Çopsiyeva bildirib.

Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi yalnız geyimlə bağlı tələb deyil, həm də şagirdlərdə məsuliyyət hissinin, nizam-intizamın və məktəb mədəniyyətinin formalaşdırılmasına xidmət edən pedaqoji amildir:

“Mən bir müəllim olaraq hesab edirəm ki, vahid məktəbli formasının tətbiqi sadəcə geyim məsələsi deyil, həm də məktəb mədəniyyətinin formalaşmasının bir hissəsidir. Məktəb uşaqların yalnız akademik bilik qazandığı deyil, eyni zamanda cəmiyyətin müəyyən qaydalarına uyğunlaşmağı, məsuliyyət daşımağı və kollektivin bir üzvü olmağı öyrəndiyi mühitdir. Bu baxımdan vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin zahiri görünüşdə daha az nəzərə çarpmasına kömək edə bilər. Bildiyimiz kimi, uşaqlar xüsusilə yeniyetməlik dövründə, bir-birlərinin geyiminə və xarici görünüşünə həssas yanaşırlar. Bəzən geyim üzərindən aparılan müqayisələr şagirdlərdə özünəinamsızlıq və ya sosial təzyiq yarada bilir. Vahid forma bu cür halların azalmasına müəyyən töhfə verə bilər”.

P.Çopsiyeva qeyd edib ki, məktəbdə bərabərliyin təmin olunması yalnız geyim qaydaları ilə məhdudlaşmamalı, müəllimlərin şagirdlərə münasibətində və təhsil imkanlarında da öz əksini tapmalıdır:

“Lakin düşünürəm ki, sosial bərabərliyi yalnız eyni geyimlə təmin etmək mümkün deyil. Əsl bərabərlik müəllimin hər bir şagirdə münasibətində, uşaqlara yaradılan imkanlarda və məktəbdə formalaşan qarşılıqlı hörmət mühitində özünü göstərməlidir. Nizam-intizam məsələsinə gəldikdə, şagirdin məktəb qaydalarına əməl etməsi onda məsuliyyət hissinin formalaşmasına xidmət edir. Ancaq burada vacib bir məqam da var. Uşaq qaydaya yalnız çəkindiyi üçün deyil, onun mahiyyətini anladığı üçün əməl etməlidir. Məncə, pedaqoji yanaşmanın əsas məqsədi də məhz bu olmalıdır”.

“Məktəb qaydaları ilə bağlı fikir ayrılıqları uşağın şəxsiyyətinə və ləyaqətinə yönəlməməlidir”

Birlik təsisçisi məktəbli forması ilə bağlı ümumi tələblərin yalnız bir geyim elementi üzərindən müzakirə olunmasının məsələnin mahiyyətinin yanlış anlaşılmasına səbəb ola biləcəyini də diqqətə çatdırıb:

“Düşünürəm ki, məktəbli forması ilə bağlı məsələlərə yalnız bir geyim elementi üzərindən yanaşmaq mövzunun mahiyyətini daraldır və cəmiyyətdə yanlış anlaşılmalara səbəb ola bilər. Məktəbdə geyim və xarici görünüşlə bağlı müəyyən edilmiş tələblər müzakirə olunarkən məsələyə bütöv yanaşmaq lazımdır. Bu qaydaların hansı məqsədlə tətbiq edildiyi, kimlərə şamil olunduğu və hüquqi əsasları valideynlərə aydın şəkildə izah edilməlidir. Eyni zamanda, hər bir ailənin dini və mənəvi dəyərlərinə hörmətlə yanaşılması olduqca vacibdir. Mənim üçün burada əsas prinsip budur: məktəb qaydaları ilə bağlı fikir ayrılıqları heç bir halda uşağın şəxsiyyətinə, inancına və ya ləyaqətinə yönəlməməlidir”.

P.Çopsiyeva vurğulayıb ki, geyim qaydalarının tətbiqi zamanı uşaqların yaş xüsusiyyətləri və emosional vəziyyəti nəzərə alınmalı, heç bir şagird özünü məktəb mühitindən kənarlaşdırılmış hiss etməməlidir:

“Bəzən böyüklər arasında yaranan fikir ayrılıqlarının mərkəzində istəmədən uşaqlar qalırlar. Halbuki şagird məktəbə gələndə özünü mübahisənin tərəfi kimi deyil, təhsil alan, öyrənən və inkişaf edən bir fərd kimi hiss etməlidir. Müəllim olaraq hesab edirəm ki, heç bir şagird geyiminə görə sinif yoldaşlarının qarşısında utandırılmamalı, danlanmamalı və ya özünü digərlərindən fərqli, kənarlaşdırılmış hiss etməməlidir. Qaydaların tətbiqində uşağın yaş xüsusiyyətləri, emosional vəziyyəti və fərdi həssaslıqları mütləq nəzərə alınmalıdır”.

“Məktəb və ailə bir-birini tamamlayan iki mühüm tərəfdir”

P.Çopsiyevanın sözlərinə görə, məktəbli forması ilə bağlı məsələlərin həllində valideynlərlə təhsil müəssisələri arasında sağlam əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır:

“Mən hər zaman düşünmüşəm ki, uşağın təlim-tərbiyəsində məktəb və ailə bir-birinə qarşı duran deyil, bir-birini tamamlayan iki mühüm tərəfdir. Bu əməkdaşlıq nə qədər sağlam qurularsa, şagirdin məktəbə münasibəti və özünü həmin mühitdə hiss etməsi də bir o qədər müsbət olar. Geyim qaydaları ilə bağlı məsələlərdə də valideynlərin mövqeyini dinləmək, onlara qaydaların məqsədini izah etmək və qarşılıqlı anlaşma yaratmaq vacibdir. Çünki ailədə bir, məktəbdə isə tamamilə fərqli və bir-birinə zidd mesajlar eşidən uşaq daxili ziddiyyət yaşaya bilər”.

O, valideynlərin məktəblə bağlı narazılıqlarını uşaqların yanında kəskin mübahisəyə çevirməməsinin vacibliyini də vurğulayıb:

“Valideynlər də öz növbəsində məktəblə bağlı narazılıqlarını uşağın yanında kəskin mübahisəyə çevirməkdən çəkinməlidirlər. Çünki böyüklər üçün adi görünən bir fikir ayrılığı uşağın məktəbə olan inamına və emosional vəziyyətinə təsir göstərə bilər. Məncə, burada ən mühüm məsələ uşağın özünü iki tərəf arasında seçim etməyə məcbur hiss etməməsidir. O bilməlidir ki, həm ailəsi, həm də müəllimləri onun yaxşılığını istəyir”.

P.Çopsiyeva eyni zamanda məktəb qaydalarının tətbiqində pedaqoji yanaşmanın və uşaqların şəxsiyyət kimi inkişafının əsas götürülməsinin önəmini də qeyd edib:

“Məktəbdə qaydalar vacibdir, lakin həmin qaydaların necə tətbiq olunması da ən azı qaydaların özü qədər əhəmiyyətlidir. Çünki biz yalnız nizam-intizamlı şagird deyil, eyni zamanda özünə güvənən, başqalarına hörmət edən və sağlam düşüncəli şəxsiyyət yetişdirməyə çalışırıq”.