Məktəb rəhbərlərinin 93%-i monitorinq hesabatından razı qalıb – Sorğu nəticəsi  

9 Dekabr, 2025 - 13:16
Məktəb rəhbərlərinin 93%-i monitorinq hesabatından razı qalıb – Sorğu nəticəsi  

“Azərbaycanda aparılan keyfiyyət monitorinqlərinin əsas funksiyası məktəbdəki real vəziyyəti dəyərləndirməkdir. Buna bir mexanizm kimi də baxmaq olar. Bunun üçün 5 mexanizm müəyyən edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəb inspeksiyasında akademik rəhbər Aysel Əzimova bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.

O bildirib ki, ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi rəhbərlərin lider kimi hansı davranış və prioritetlərə diqqət yetirməli olduğunu müəyyən edir və sistem daxilində liderlik gözləntilərini strukturlaşdırmağı nəzərdə tutur:

“Monitorinqin sonunda yekun görüşdə hər sahə üzrə ilkin nəticələr – güclü tərəflər, inkişaf ehtiyacları və müvafiq tövsiyələr təqdim olunur. Monitorinqdən sonra yazılı yekun hesabat hazırlanır. Bu hesabatla bağlı belə ifadələr qeyd olunub: "Hesabat sayəsində illik planımızı qura bildik", "Hesabat məktəbin ümumi vəziyyəti ilə tanış olmağıma və işləri təşkil etməyimə çox kömək etdi".  2023-cü ildə 124 məktəb direktoru və müavini arasında keçirilən məmnuniyyət sorğusuna əsasən, respondentlərin 87%-i tövsiyələrin aydın təqdim olunduğunu, 93%-i isə monitorinq hesabatının müəllimlər üçün məktəbin inkişaf etdirilməli sahələrini göstərən faydalı vasitə olduğunu bildiriblər.