Məktəb təmirinə görə pul yığılması iddiasına RƏSMİ CAVAB 

29 Avqust, 2025 - 11:13
Məktəb təmirinə görə pul yığılması iddiasına RƏSMİ CAVAB 
Məktəb təmirinə görə pul yığılması iddiasına RƏSMİ CAVAB 

Bakı şəhəri Məktəb-Lisey Kompleksi korpusun təmiri üçün valideynlərdən vəsaitin tələb olunması ilə bağlı iddialara cavab verib. 

Bakı şəhəri Məktəb-Lisey Kompleksindən “Azərbaycan müəllimi”nə bildiriblər ki, təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib. Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər:

“Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.

Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır.

Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Azərbaycan müəllimi”nə verilən açıqlamada qeyd edilib ki, Məktəb-Lisey Kompleksinin fəaliyyəti nəzarətdə saxlanılır. 

İdarənin məlumatına görə, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır.