Məktəbdə direktor faktoru: Uğurlu idarəetmə necə olmalıdır?

5 İyun, 2026 - 10:12
Məktəbdə direktor faktoru:

Məktəblərin uğurlu fəaliyyəti yalnız müəllim və şagirdlərin nəticələri ilə deyil, həm də səmərəli idarəetmə ilə sıx bağlıdır. Bu idarəetmənin əsas yükünü isə birbaşa direktorlar daşıyırlar. Təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, nizam-intizamın qorunması və sağlam məktəb mühitinin formalaşdırılmasında direktorların rolu mühüm əhəmiyyət kəsb edir.

Lakin nadir hallarda da olsa, bu işin öhdəsindən lazımi qaydada gələ bilməyən direktorlar olur. Aparılan araşdırmalardan sonra belə hallara yol verən rəhbər işçilər ya işdən azad edilir, ya da barəsində müxtəlif intizam tənbehi tədbirləri tətbiq olunur.

Ölkəmizdə məktəb direktorlarının fəaliyyətində daha çox rast gəlinən sistemli boşluqlar nələrdir? Bu sahədə idarəetmənin səmərəliliyinin artırılması üçün hansı məqamlara xüsusi diqqət yetirilməlidir?

“Müəllimlər özlərini təzyiq altında deyil, peşəkar inkişaf mühitində hiss etməlidirlər”

“Azərbaycan müəllimi”nə açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova qeyd edib ki, Azərbaycanda məktəblərin idarə olunmasındakı əsas problem yalnız ayrı-ayrı direktorların fərdi nöqsanları ilə məhdudlaşmır: 

“Daha geniş baxdıqda, bəzi hallarda problem idarəetmə mədəniyyəti, hesabatlılıq, şəffaflıq və məktəbdaxili münasibətlərin düzgün qurulmaması ilə bağlıdır. Məktəb yalnız inzibati göstərişlərin icra olunduğu bir müəssisə deyil, həm də uşaqların təhlükəsiz, sağlam və inkişafyönümlü mühitdə formalaşdığı sosial institutdur. Ona görə də direktorun rolu təkcə təsərrüfat və sənəd idarəçiliyi ilə bitmir; direktor məktəbin pedaqoji, etik və sosial mühitinə liderlik etməlidir.

Bu gün məktəb direktorları ilk növbədə şəffaf idarəetməyə, müəllimlərlə sağlam kommunikasiya qurmağa, valideynlərlə düzgün əməkdaşlığa və şagirdlərin rifahına diqqət etməlidirlər. Məktəbdə qərarlar şəxsi münasibətlər, qeyri-rəsmi təsirlər və ya formal yanaşmalar əsasında deyil, qanunvericilik, peşə etikası və uşaqların maraqları əsasında qəbul olunmalıdır. Xüsusilə müəllimlər arasında ədalətli iş bölgüsü, şagirdlərə münasibətdə ayrı-seçkiliyin qarşısının alınması, zorakılıq və bullinq hallarına vaxtında reaksiya verilməsi direktorların əsas məsuliyyət sahələrindən olmalıdır.

Digər vacib məsələ məktəbdə nəzarət və dəstək balansının düzgün qurulmasıdır. Direktor yalnız yoxlayan və cəzalandıran şəxs kimi deyil, həm də müəllim heyətini inkişaf etdirən, problemləri vaxtında görən, komandanı motivasiya edən lider kimi çıxış etməlidir. Müəllimlər özlərini təzyiq altında deyil, peşəkar inkişaf mühitində hiss etməlidirlər. Bu həm tədrisin keyfiyyətinə, həm də məktəbin ümumi ab-havasına birbaşa təsir edir”.

“Direktorlar həm də konfliktlərin idarə olunması və kommunikasiya bacarıqlarına görə qiymətləndirilməlidir”

P.Məmmədova bildirib ki, direktorlar həmçinin maliyyə və inzibati məsələlərdə maksimum şəffaf olmalı, valideyn-məktəb münasibətlərində qeyri-rəsmi ödənişlərə, məcburi yığımlara və digər neqativ hallara yol verməməlidirlər:

“Məktəbdə etimad mühiti pozulduqda bu, təkcə direktorun nüfuzuna deyil, bütövlükdə təhsil sisteminə olan inama mənfi təsir göstərir. Hesab edirəm ki, direktorların seçimi, qiymətləndirilməsi və davamlı peşəkar inkişafı daha sistemli olmalıdır. Direktor yalnız inzibati bacarıqlarına görə deyil, həm də liderlik, etik davranış, uşaq hüquqları, inklüziv yanaşma, gender həssaslığı, konfliktlərin idarə olunması və kommunikasiya bacarıqlarına görə qiymətləndirilməlidir. Məktəb rəhbərliyi insanlarla işləməyi, müxtəlif tərəflərin maraqlarını balanslaşdırmağı və uşaqlar üçün təhlükəsiz mühit yaratmağı bacarmalıdır.

Nəticə etibarilə, məktəblərin idarə olunmasında əsas diqqət cəza mexanizmlərindən daha çox preventiv nəzarətə, peşəkar dəstəyə və hesabatlı idarəetmə mədəniyyətinin formalaşdırılmasına yönəlməlidir. Direktorlar bilməlidirlər ki, məktəbdə hər bir qərarın mərkəzində uşaq, onun təhlükəsizliyi, ləyaqəti və keyfiyyətli təhsil almaq hüququ dayanmalıdır”.

“Ən uğurlu məktəblərdə direktor özünü sadəcə vəzifə sahibi kimi deyil, cəmiyyət qarşısında məsuliyyət daşıyan bir şəxs kimi aparır”

İctimai Şuranın digər üzvü Elçin Əzimli isə bildirib ki, ölkəmizdə öz işini vicdanla və peşəkarlıqla görən, məktəblərinin inkişafına böyük töhfələr verən çox sayda direktor fəaliyyət göstərir:

“Mən müxtəlif bölgələrdə məktəblərlə, müəllimlərlə və təhsil rəhbərləri ilə ünsiyyətdə olmuş bir insan kimi deyə bilərəm ki, bir çox uğurlu məktəblərin arxasında güclü, məsuliyyətli və məktəbin taleyinə sahib çıxan direktor dayanır. Buna görə də ayrı-ayrı neqativ hallara əsaslanaraq bütün direktorları eyni şəkildə qiymətləndirmək düzgün olmazdı.

Bununla yanaşı, illər ərzində apardığım müşahidələr məni bir qənaətə gətirib: məktəbin uğurunu müəyyən edən əsas amillərdən biri rəhbərliyin hesabatlılığa münasibətidir. Mən ən uğurlu məktəblərdə bir ortaq cəhət görmüşəm - orada direktor özünü sadəcə vəzifə sahibi kimi deyil, məktəb və cəmiyyət qarşısında məsuliyyət daşıyan bir şəxs kimi aparır. Çünki məktəb yalnız təhsil verilən bir müəssisə deyil, gələcək nəsillərin formalaşdığı, bütöv cəmiyyətin taleyinə təsir edən bir məkandır. Bu səbəbdən belə rəhbərlər təkcə yuxarı qurumlara deyil, müəllimlərə, valideynlərə, şagirdlərə və bütövlükdə cəmiyyətə qarşı da hesabatlı olduqlarını dərk edirlər. Uğurları kollektivlə bölüşür, problemləri isə gizlətmədən onların həlli üçün təşəbbüs göstərirlər”.

“Yaxşı pedaqoq olmaq yaxşı idarəçi olmaq demək deyil”

E.Əzimli təhsil məsələlərini yaxından izləyən bir mütəxəssis kimi hesab edir ki, müasir direktorun əsas vəzifəsi təkcə inzibati işləri idarə etmək deyil:

“Yaxşı pedaqoq olmaq avtomatik olaraq yaxşı idarəçi olmaq demək deyil. Müasir dövrün tələblərinə uyğun olaraq idarəçilik bacarıqlarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, məktəbin inkişaf istiqamətini müəyyən edən, müəllimləri ruhlandıran, şagirdlər üçün sağlam və təhlükəsiz mühit yaradan bir lider olmalıdır. Tədrisin keyfiyyəti, müəllimlərin peşəkar inkişafı, valideynlərlə əməkdaşlıq və məktəbdə formalaşan ümumi mühit daim onun diqqət mərkəzində olmalıdır. Eyni zamanda hesabatlılıq anlayışı yalnız sənədləşmə və yuxarı orqanlar qarşısında formal öhdəliklərlə məhdudlaşmamalı, daha çox mənəvi və ictimai məsuliyyət kimi dərk olunmalıdır.

Bu ümumi çərçivəyə baxdıqda, bir məsələni də xüsusi vurğulamaq istərdim: məktəb direktorlarının liderlik bacarıqlarının inkişafı. Müasir məktəb rəhbərliyi artıq yalnız inzibati təcrübə ilə məhdudlaşmır; bu, eyni zamanda strateji düşünmə, komanda idarəetməsi, kommunikasiya və dəyişiklikləri idarə etmək bacarığı tələb edən bir liderlik roludur”.

“Təcrübəli direktorlarla yeni rəhbərlər arasında mentorluq əlaqələrinin qurulması idarəetmənin sağlamlaşmasına şərait yaradar”

Mütəxəssisin fikrincə, bu baxımdan müvafiq təhsil və idarəetmə orqanları direktorların davamlı inkişafını dəstəkləyən sistemli yanaşmalar formalaşdırmalıdırlar. Təlim proqramları, mentorluq mexanizmləri və kouçinq (coaching) əsaslı dəstək modelləri rəhbərlərin həm peşəkar, həm də şəxsi liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə verə bilər. Xüsusilə təcrübəli direktorlarla yeni rəhbərlər arasında mentorluq əlaqələrinin qurulması idarəetmə mədəniyyətinin daha sağlam formalaşmasına şərait yaradar:

“Məncə, bu cür dəstək mexanizmləri gücləndikcə məktəb rəhbərlərinin qərarvermə keyfiyyəti yüksələr, idarəetmədə daha çox şəffaflıq və hesabatlılıq mədəniyyəti formalaşar və nəticədə bütövlükdə təhsil sisteminin inkişafına müsbət təsir göstərər. Çünki yaxşı məktəb rəhbərliyi təkcə qaydaların icrası deyil, eyni zamanda insanların güvənə, əməkdaşlığa və ortaq məqsədə inamını formalaşdırmaq deməkdir”.