Məktəblərdə bullinqlə mübarizə çərçivəsində hansı işlər görülür?- AÇIQLAMA
Ümumi təhsil müəssisələrində bullinqə qarşı müvafiq qurumlar və tərəfdaşlarla birgə maarifləndirici işlər aparılır, profilaktik tədbirlər icra edilir. Bullinqə məruz qalan şagirdlərlə bağlı məktəbin rəhbərliyi və psixoloqu tərəfindən daim nəzarət və dəstək tədbirləri həyata keçirilir.
Bəs hazırda şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə hansı mexanizmlərdən istifadə edilir?
Mövzu ilə bağlı sorğumuza cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində işlər aparılmaqdadır:
“Bu layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı videomüşahidə sistemi ilə, həmçinin dəhlizlərdə seçilmiş müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Ölkə üzrə “Şagird davranış qaydaları”nın tətbiq edildiyi 300-dən çox məktəbdə həmin qaydaların tələblərinə əsasən, bu məsələ həssaslıqla diqqət mərkəzində saxlanılır”.
Qeyd edilib ki, uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olunması məqsədilə Elm və Təhsil Nazirliyi ilə UNICEF-in birgə fəaliyyət planına əsasən, Təhsil İnstitutu “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirir. Layihə çərçivəsində bir sıra şəhər və rayonlarda məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi tətbiq edilir.
Bundan başqa, ümumtəhsil müəssisələrinə təhlükəsizlik və nizam intizamla bağlı təlimatlar göndərilib. Pedaqoji şuralarda müzakirə olunub, nəzarətin gücləndirilməsi ilə bağlı qərarlar verilib. Bullinq halı qeydə alındığı təqdirdə məsələ ətraflı araşdırılır və müvafiq tədbirlər görülür.



