Məktəblərdə “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində müsabiqələr keçirilib
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində şagirdlərin və ailələrin iştirakı ilə müsabiqələr keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində Bakı şəhəri 156 və 199 nömrəli tam orta məktəblərdə, Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə, Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli və S.Vurğun adına 16 nömrəli tam orta məktəblərdə, həmçinin Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində “Milli irsə sədaqət” mövzusunda esse müsabiqəsi, “Azərbaycan şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi və “Milli mətbəximiz” adlı ailələrarası kulinariya müsabiqəsi təşkil olunub.
Müsabiqələr zamanı iştirakçılar milli-mənəvi dəyərlər, adət-ənənələr, mədəni irs və milli mətbəx nümunələri ilə bağlı bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Müsabiqələrin yekununda fərqlənən iştirakçılar qiymətləndirilərək mükafatlandırılıblar. Qeyd edək ki, layihənin məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək və bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaqdır.




