Məktəblilərarası I Xor Festivalının seçim mərhələsi baş tutub
Mədəniyyət Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ”Səslərimiz birləşsin” məktəblilərarası I Xor Festivalının seçim mərhələsi baş tutub. Festival Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, ölkənin müxtəlif bölgələrini təmsil edən ümumilikdə 51 məktəbin xor kollektivi seçim mərhələsində iştirak edib. Bakı şəhəri, Abşeron rayonu, Şirvan, Quba, Astara və Füzuli rayonlarından festivala qoşulan məktəblilər xor sənətinə olan maraq və bacarıqlarını nümayiş etdiriblər.
Qiymətləndirmə mərhələsində iştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyətində layihə rəhbəri, bəstəkar Bəbir Bəbirli, Prezident mükafatçısı, solist Taleh Yəhyayev, dirijor Ellada Məmmədova, solist İlhamə Qasımova, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli və xormeystr Zülfiyyə Mövsümova yer alıblar.
Seçim turunu uğurla başa vurmuş 15 xor kollektivi festivalın yekununda keçiriləcək Qala Konsertdə səhnə alaraq qalibiyyət uğrunda mübarizə aparmaq imkanı əldə edib.
İyun ayında baş tutacaq Qala Konsertdə iştirak edən xor kollektivləri arasından 10 kollektiv qalib adını qazanacaq.
Qeyd edək ki, layihə çərçivəsində ümumtəhsil məktəblərinin musiqi müəllimləri üçün xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunmuşdur.
Festivalın məqsədi məktəblilər arasında xor mədəniyyətini inkişaf etdirmək, milli musiqi dəyərlərimizi təbliğ etmək və kollektiv ifa bacarıqlarını gücləndirməkdir.
Layihə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində təşkil olunur.



