Bu il ən yüksək müsabiqə vəziyyəti hansı ixtisasdadır?

13 Avqust, 2026 - 12:24
Bu il ən yüksək müsabiqə vəziyyəti hansı ixtisasdadır?

“Elə şəxslər tanıyıram ki, 7 il ərzində bir ixtisasa qəbul olmaq üçün imtahanlarda dəfələrlə iştirak ediblər və sonda uğur qazanıblar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.

M.Abbaszadə bildirib ki, bu il ən yüksək müsabiqə vəziyyəti IV ixtisas qrupunda “Tibb” ixtisasındadır:

"İllərdir ki, bu ixtisas üzrə 600-dən yüksək keçid balı formalaşır. Belə ixtisaslara qəbul üçün balınız çatmırsa, 1 il öz üzərinizdə işləyib onu artıra bilərsinizsə, hazırlaşın. Amma təxminən 1 il ərzində real nəticənizi əzmlə, ciddi işləsəniz, 200 bala qaldıra bilərsiniz. İstədiyiniz ixtisasın keçidi 650, sizin balınız 250-dirsə, sizə bir yox, bir neçə il lazım olacaq”.

Onun sözlərinə görə, əgər gənclər həmin istiqamətdə fəaliyyətlərini davam etdirmək istəyirlərsə, o zaman həmin sahə üzrə kollecləri seçə bilərlər:

“Verdiyiniz qərar sizin məsuliyyətinizə aiddir, sizə məsləhət verənlər daha sonra sizin yanınızda olmayacaq. Çox xahiş edirəm ki, düşünün, seçim zamanı, doğrudan da, istədiyiniz ixtisasları müəyyən edin. Yalnız diploma görə ixtisas seçməyin, sevdiyiniz, istədiyiniz ixtisası seçin".