Məleykə Abbaszadə: Plan yerlərinin boş qalması həmin ixtisasa ehtiyacın olmaması kimi qiymətləndirməməlidir

2 Sentyabr, 2026 - 16:09
Məleykə Abbaszadə: Plan yerlərinin boş qalması həmin ixtisasa ehtiyacın olmaması kimi qiymətləndirməməlidir

“Ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələr üzrə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında qeyd edib.

O əlavə edib ki, magistraturaya qəbulda boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.