Mənim unudulmaz müəllimim
Deyənlər haqlıymış, çox həqiqətlər baş verdiyi zamanda yox, müəyyən bir dövr keçəndən sonra dəyərini göstərir. Ali məktəb illəri. Bir-birindən parlaq və maraqlı keçən günlər. Qəribə görünsə də, həyatımıza bu rəngarəngliyi, parlaqlığı qatan müəllimlər oldular. Ali məktəbə qədərki təsəvvürümüz bir az başqaydı. Elə bilirdik ki, ali məktəb müəllimləri orta məktəb müəllimləri kimi deyil. Ali məktəb müəlliminin işi öyrətmək, yenə öyrətmək - bilik verməkdir. Qalan məsələlər - tələbə həyatının mənalı keçməsinin, dərsdənkənar vaxtlarının səmərəli olmasının onlara heç bir aidiyyəti yoxdur. Bu işlərlə məşğul olmaq orta məktəb müəllimlərinin üzərinə düşür. Deyim ki, təhsil aldığımız və bizə dərs deyən, o vaxtlarda sadəcə Lenin adına APİ adlanan ali məktəbin müəllimləri özümüzlə Azərbaycanın müxtəlif rayon və kəndlərindəki orta məktəblərdən gətirdiyimiz o təəssüratı çox tez “alt-üst” etdilər. Səmimiyyətlə bildirirəm: Filologiya elmləri doktoru Nəmidə Abbasova bu prosesdə daha böyük rol oynadı. İndi özüm də ali məktəb müəllimi olaraq düşünürəm ki, bizə şəxsi nümunəsi ilə “Müəllim, daha çox da ali məktəb müəllimi necə olmalıdır?” kimi ciddi suala cavab tapmaqda kömək etdi.
Nəmidə xanım bizim qrupda “Azərbaycan dili” fənnini tədris edirdi. Birinci dərsə daxil olanda hamımız ayağa qalxıb, salamını aldıq. Sonra sual-cavab eləməyə başladı. Bildik ki, orta təhsil mərhələsində aldığımız biliklərin səviyyəsini müəyyənləşdirmək istəyir.
Sual-cavabın nəticəsindən nə dərəcədə razı qaldığını, yaxud, qalmadığını bilə bilmədik. Amma görürdük ki, bəzi tələbələrin cavablarından üzü daha da işıqlanır. İlk görüş biz tələbələrin yadında belə də qaldı-nurlu müəllim.
Beləliklə, ali məktəb həyatı ilə tanış olduqca Nəmidə xanımın necə böyük insan, yaradıcı müəllim, tələbələrdən qayğısını əsirgəməyən mehriban ana olduğunu daha çox hiss edirdik. Yəqin, institutun rəhbərliyi, müvafiq təşkilatlar da biz görənləri, yəni Nəmidə xanımın müsbət cəhətlərini, ünsiyyətdə olduğu insanlara, xüsusən də tələbələrə münasibətini, elmi yaradıcılıqdakı uğurlarını, çox da uzun olmayan bir vaxtda həm namizədlik, həm də elmlər doktorluğu dərəcələrini almasını, professor adına yüksəlməsini görür, bunları dəyərləndirirdilər. Biz bunu Nəmidə Abbasova institutun fakültələrindən birinə, iki ixtisası birləşdirən pedaqoji fakültəyə dekan təyin ediləndə bir daha gördük.
Bəlkə də elmi şuranın üzvlərindən sonra Nəmidə xanımın dekan seçilməsi xəbərindən ən tez xəbər tutan 531-ci qrupun tələbələri oldular. Sevinirdik. Qərara aldıq ki, sevincimizi bildirmək üçün Nəmidə xanımı təbrik edək. Dekanlığa gec gəldi. Amma gözlədik. Gəldi. Hiss olunurdu ki, təbrikimizdən məmnun qalıb, bəlkə də elə dekan seçiləndə sevindiyindən daha artıq sevinib. Dekanın kabinetinə girməzdən bizimlə xeyli söhbət etdi. Ətrafımıza toplaşanların sayı getdikcə artırdı.
Biz tələbələr ilk dəfə onda gördük ki, fəaliyyəti dövründə görəcəyi işlərlə bağlı dekan tələbələrə bu qədər geniş məlumat verir. Daha maraqlısı isə bu idi ki, o, dekanlıqda uğurların taleyinin müəllimlərlə, digər işçilərlə yanaşı tələbələrdən də asılı olduğu barədə bizdə inam yaratdı. İndi o illərdən uzaq bir məqamda dayanaraq düşünürəm ki, Nəmidə xanım təkcə yaxşı insan, dəyərli alim, dilini, bu dilə qayğı göstərənləri, onun qorunmasında, formalaşmasında zəhməti olanları sevən bir şəxsiyyət olmayıb, həm də pedaqoji işi yaxşı bilən, peşəkar bir müəllim imiş.
Tezliklə fakültədə tələbə həyatı daha da canlanmağa başladı. Tələbələrin indiki müstəvidən baxdıqda heç də cəlbedici görünməyən təşəbbüsləri belə dekanlıq tərəfindən diqqətlə dinlənilir, onun həyata keçirilməsi üçün tədbirlər görülürdü. Akademik qruplararası yarışlar genişlənməyə başladı. Yarışların nəticəsi semestr imtahanlarından sonra müəyyənləşdirilirdi. Ən çox əlaçısı olan qruplara üstünlük verilirdi. Amma əlaçı olmaq birinciliyin taleyini tam həll etmirdi. İnstitutun ictimai həyatında fəal iştirak, tələbə elmi cəmiyyəti xətti ilə çıxışlar, nisbətən zəif oxuyan tələbələrə göstərilən kömək də nəzərə alınırdı. Dekanımız professor N.Abbasovanın gizli və açıq təsiri, təşəbbüsü ilə həyata vəsiqə alan bu tədbirlər, əslində, fakültədə pedaqoji prosesin keyfiyyətcə daha da yaxşılaşmasında gözlə görünəcək dərəcədə mühüm rol oynayırdı.
O vaxtdan illər keçib. İndi ötən günləri yada salıram. Mənə dərs demiş müəllimlərim, o cümlədən, Nəmidə Kavı qızı Abbasova gözlərimin önündə canlanır. Həqiqətdir ki, onlar mənim kimi yüzlərlə insanıın yoluna işıq salan, dünyanı daha gözəl edən nur kimi xatırlanır, yada salınır. Fikirləşirəm: Nəmidə xanım tələbələrin öz həyatlarını düzgün qura bilmələri üçün, gözəl insanlar, peşəkar mütəxəssislər olmalarından ötrü nələr etmirdi? Suala çoxsaylı faktlar əsasında cavab vermək mümkündür. Dövrün görkəmli şəxsiyyətləri, incəsənət xadiməri, yazıçıları ilə bilavasitə onun rəhbərliyi ilə keçirilən görüşləri, onların bizim formalaşmağımıza təsirini yəqin ki, həmin vaxtlarda lazımi səviyyədə başa düşmək çətindir. Biz tələbələr Tofiq Bayramla məhz Nəmidə xanımın təşəbbüsü ilə keçirilən görüşlərdə maraqla iştirak edirdik. Heç bir çağırış, məcburiyyət yox idi. Tədbirin keçirildiyi zal dolu olardı. Bəzən Tibb İnstitutunun bizim fakültə ilə qonşu olan binasından da tələbələr görüşlərə qatılardılar. Hiss edirdik ki, belə görüşlərdən bir qədər başqa cür, daxilən dəyişilmiş şəkildə çıxırıq. Şeirə, yaradıcılığa marağımız daha da artırdı. Kimi görüşə dəvət olunmuş şairə yaxınlaşıb avtoqraf alır, kimi çəkinə-çəkinə olsa da yazdığı şeirləri göstərirdi.
Bir haşiyə: T.Bayram yaxşı natiq idi. Bəlkə də elə buna görə ucadan danışmağı sevirdi. Güclü, bir qədər xırıltılı səsi vardı. Şeir deyəndə görürdük ki, tamamilə başqa “dünyadadır”, səsinin tonu bir az da çoxalırdı. Yaxşı yadımdadır, belə görüşlərin keçirildiyi zal təmirsiz idi. Divarlarında, tavanında çatlar vardı. Rəhmətlik Nəmidə xanım Tofiq Bayramın diqqətinin divardakı bir çata yönəldiyini görüb (bəlkə də xəyala gedibmiş, heç çatı görmürmüş ) zarafatla dedi: Tofiq müəllim, divarlar sizinlə görüşdə çıxışınızda, səsinizin gurluğundan bu hala düşüb. Zalda bir səmimi gülüş yarandı. Hiss olunurdu ki, zarafat T.Bayramın da xoşuna gəldi. Səhv etmirəmsə, şairin bu məzmunda bir şeiri də var. Güman edirəm bu şeir həmin görüşdən bir xatirə kimi, onun təsiri ilə yaranıb.
Həmin dövrün diqqət mərkəzində olan, maraqlı şəxsiyyətlərindən biri də məşhur rəssam Səttar Bəhlulzadə idi. Yadımdadır, S.Bəhlulzadə ilə görüşümüz tələbələrin arzusu ilə keçirildi. Nəmidə xanıma bu böyük rəssamla görüşmək istədiyimizi dedik. Növbəti həftənin ilk günlərindən birində görüş baş tutdu. Bu cür görüşlərin təsirini konkret bir faktla vermək istəyirəm. Ağacəfər Həsənli indi tanınmış şairdir. O vaxtlar tələbə idi. Dəqiq bilirəm, Ağacəfərin tezliklə məşhurlaşan “Səttar Bəhlulzadə nağılı” məhz böyük sənətkar S.Bəhlulzadə ilə görüşdən sonra yaranmışdır.
Hər halda, bilirəm ki, fitrətən müəllim doğulmuş N.Abbasova belə tədbirlərin gənclərin həyatındakı rolunu yaxşı bildiyindən onların təşkilinə bu qədər önəm verirdi. Bunu da bilirəm ki, dekan vəzifəsi həmişə gərgin əmək tələb edən bir vəzifə olub. Nəmidə xanımı yaddaşlarda yaşadan xüsusiyyətlərdən biri də məhz budur: işin çoxluğuna baxmayaraq tələbələrdən qayğısını əsirgəməmək, onların xahiş və istəklərini maksimum şəkildə həll etmək - müasir dildə “tələbəyönümlü” (mərkəzdə tələbə olan) pedaqoji proses adlanır. Sən demə, bizim nəcib və gözəl dekanımız Nəmidə xanım tələbələrlə fəaliyyətini çox sonralar yenilik kimi təqdim edilən prinsiplərə əsaslanmaqla qururmuş. Nəmidə xanımdan bizi ayıran zaman böyüdükcə daha dərindən dərk edirəm ki, insanı əbədi edən, sonrakı nəsillərin yaddaşına köçürən xüsusiyyətlər hansılardır. Övladlarım Nəmidə xanım haqqında xatirələrimi şirin bir nağıl kimi dinləyirlər. Hiss edirəm ki, Nəmidə xanım onların da doğmasına çevrilib.
Professor N.Abbasova müəllimliklə yanaşı, həm də elm adamı, elmlə pedaqoji prosesin vəhdətini fəaliyyətində ciddi nəzərə alan alim olub. Qarşımdakı bir kitabını vərəqləyirəm. Azərbaycan mədəniyyətinin milli dəyərlər üzərində formalaşmasında əvəzsiz xidmətləri olmuş Cəfər Cabbarlının yaradıcılığında sözün qüdrəti ilə bağlıdır: “Cəfər Cabbarlı dramaturgiyasında söz”. 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap olunub. C.Cabbarlı barədə, onun yaradıcılığının müxtəlif cəhətləri haqda çox yazılıb, ətraflı müzakirələr aparılıb. Onların hər biri dəyərlidir. Həmin tədqiqatlar yüksək qiymətə layiqdir. Bununla yanaşı, qətiyyətlə demək olar ki, N.K.Abbasovanın adını çəkdiyimiz əsəri indi də C.Cabbarlı yaradıcılığı ilə bağlı parlaq tədqiqatlardan biri olaraq qalır. Faktoloji zənginlik, dilçiliyin tədqiqat metodlarından yaradıcılıqla istifadə, alınan nəticələr əsərin həm nəzəri, həm də praktik qiymətini artırır. Tədqiqatın dil və üslub xüsusiyyətləri, başadüşülənliyi həmin əsərdən gələcəkdə də geniş şəkildə istifadə olunacağına bir işarədir. Professor N.Abbasovanın dilçiliyin müxtəlif istiqamətləri üzrə apardığı tədqiqatları, çap olunmuş digər əsərləri də birmənalı şəkildə onun dəyərli bir alim olduğunu sübut edir. Aydın olur ki, o, elmi, müəllimlik fəaliyyətini və təhsilin idarə olunmasını məharətlə əlaqələndirməyi bacaran, onların mayasında insanı, insanpərvərliyi görən bir ziyalı olub. Yəqin ki, yoluna işıq salan tələbələrindən biri kimi onun haqqında uzun illərdən sonra ürəkdən gələn yazı yazmağımın səbəblərindən biri də budur. Allah rəhmət eləsin, yeriniz behiştlik olsun, Nəmidə xanım!
Oqtay ABBASOV,
ADU-nun dosenti



