Mərhum alimə həsr olunan kitab təqdim edilib

7 İyun, 2026 - 16:29
Mərhum alimə həsr olunan kitab təqdim edilib

Azərbaycan Yazıçılar Birliyində Bakı Dövlət Universitetinin müəllimi, yazıçı Sona Çərkəzin mərhum həyat yoldaşı, tanınmış folklorşünas alim Çərkəz Quliyevə həsr etdiyi “Sənsiz ötən 30 il və ya sən dözməzdin mənim dözdüklərimə” kitabının təqdimat mərasimi keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, kitabda alimin həyat yolu, elmi fəaliyyəti və onu tanıyan insanların xatirələri toplanıb.

Təqdimat mərasimində ədəbiyyat və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Sona Çərkəzin yaradıcılığından bəhs edib, mərhum Çərkəz Quliyevin Azərbaycan folklorşünaslığının inkişafındakı xidmətlərindən, alim və pedaqoq kimi fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb.

Daha sonra tənqidçi və şair Əsəd Cahangir müəllifin yaradıcılığı, həyat yolu və Çərkəz Quliyevlə bağlı xatirələrini oxucularla bölüşüb.

Akademik Nizami Cəfərov, xalq yazıçısı Elmira Axundova, filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva, yazıçı-publisist Şəfəq Nasir və digər çıxışçılar kitabın həm ədəbi, həm də mənəvi baxımdan əhəmiyyətini vurğulayıblar. Onlar Sona Çərkəzin həyat yoldaşının xatirəsini yaşatmaq istiqamətində gördüyü işi yüksək qiymətləndiriblər. Tibb elmləri doktoru, professor Paşa Qəlbinur və digər natiqlər müəllifin yaradıcılığında sədaqət, dostluq və mənəvi dəyərlərin xüsusi yer tutduğunu qeyd ediblər.

Tədbirin sonunda çıxış edən Sona Çərkəz kitabın ərsəyə gəlməsində və təqdimatın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

Daha sonra iştirakçılarla xatirə şəkilləri çəkdirilib.