Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib
Türkiyə-Azərbaycan Universitetində (TAU) Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən iclas Ankarada Hacettepe Universitetindəki təcrübə səfərinə həsr olunub.
İclasda TAU-nun rektoru vəzifəsini icra edən. Vilayət Vəliyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, "Qida mühəndisliyi" ixtisasının tədris olunduğu TAU, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti iştirak edib.
İclas zamanı Ankarada keçirilən əvvəlki iclasda Hacettepe Universiteti Qida Mühəndisliyi Bölümünün elmi-tədqiqat laboratoriyaları və tələbə laboratoriyalarına edilən ziyarətin, qida mühəndisliyi proqram strukturunun (infrastruktur, avadanlıq və cihazlar, ixtisaslaşmış tədqiqatçılar - müəllim heyəti, magistr və doktorant tələbələr və s.) necə qurulmalı olduğuna dair qazanılmış mühüm təcrübələr barədə müzakirələr aparılıb. Platforma iştirakçıları həmçinin Ankara səfəri zamanı öz müşahidələrini də bölüşüblər.
Müzakirələr zamanı növbəti görüşün prioritetləri də müəyyən edilib.



