Mingəçevir Dövlət Universiteti Türkiyənin universitetləri ilə əməkdaşlığını genişləndirir

27 Noyabr, 2024 - 10:51

Türkiyədə işgüzar səfərdə olan Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov və Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin müdiri dosent Asim Məmmədovdan ibarət nümayəndə heyəti Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetində səfərdə olublar. 

Mingəçevir Dövlət Universitetindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşlərdə universitetlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. 

AHBVU-nin prorektoru professor Kürşat Göktürk ilə görüşən keçirilmiş görüşdə hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyətinin və tələbələrinin qarşılıqlı mübadiləsi məsələsinə geniş yer verilib. K.Göktürk qeyd edib ki, universitetləri ən qısa müddətdə bu məsələ ilə bağlı konkret işlərin görülməsi üçün lazımi addımlar atacaq. 

AHBVU İqtisadiyyat və idarəetmə fakültəsi ilə MDU-nin müvafiq fakültəsi arasında geniş əməkdaşlığın yaradılması, bu məqsədilə müəllim və tələbələrin qısamüddətli mübadiləsi, müştərək layihələr və tədbirlərin həyata keçirilməsi, yaxın zamanda hər iki fakültənin rəhbərliyinin və kafedra müdirlərinin ilkin tanışlıq və qarşılıqlı fəaliyyət planının müzakirəsi üçün onlayn görüşün keçirilməsi ilə bağlı razılıq əldə edildi. 

Qazi Universitetində keçirilən görüşdə MDU-nun bir neçə əməkdaşının və tələbəsinin həmin ali təhsil müəssisəsində qısamüddətli mübadilə prosesində iştirak etmələri üçün lazımi addımların atılacağı barədə məlumat verildi.