MİQ ikincisi Naxçıvanda ən yüksək bal toplayan müəllim oldu

24 İyun, 2026 - 16:09
MİQ ikincisi Naxçıvanda ən yüksək bal toplayan müəllim oldu

Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin beşinci günündə tarix, riyaziyyat, coğrafiya, informatika müəllimləri iştirak edib. Muxtar Respublika üzrə ən yüksək nəticəni isə Şərur rayon Muğanlı kənd tam orta məktəbinin tarix müəllimi Gözəl Rəhimova toplayıb. 

“Azərbaycan müəllimi” 57 bal toplayan müəllimlə həmsöhbət olaraq sevincini bölüşüb və imtahan haqqında təəssüratlarını öyrənib. 

Gözəl Rəhimova artıq 7 ildir ki, müəllim işləyir, 2019-cu ildə MİQ-dən 71 bal toplayaraq Muxtar Respublika üzrə ikinci olub. Özü Şərurun Düdəngə kəndində yaşasa da, şagirdlərini öyrətmək üçün hər gün Muğanlı kəndinə gəlib-gedir. Deyir ki, imtahana özü hazırlaşıb: 

“Ətrafımda olan tarix müəllimlərini bir yerdə toplayaraq qrup yaratdım və onlara da onlayn dərs keçməyə və özüm də öyrənməyə başladım. Hazırlıq dövründə 10-15 min arası test işləmişəm. Uğurumun əsas səbəbi məhz bu idi. İxtisasdan bütün sualları düz yazdım”. 

Sertifikasiya prosesindən danışan müəllim deyir ki, suallar normal idi: “Fikrimcə, hər bir müəllimin orta səviyyədə yaza biləcəyi suallar idi. Amma mütləq ki, hazırlıqlı olmaq lazımdır. Mən də öz üzərimdə işləyərək bunu nəticəni əldə edə bildim”. 

Sertifikasiya imtahanı verəcək olan müəllimlərə isə yalnız çoxlu test işləməyi tövsiyyə edir:

“Belə olanda suallar daha asan gəlir. Mən sualları görəndə sanki hamısı mənə tanış gəldi. Bir də komanda şəklində imtahana hazırlaşmaq da insana dəstək olur. Sullar diqqət üzərində qurulub, diqqəti də inkişaf etdirməyin ən gözəl yolu çoxlu test işləməkdir. İmtahan qabağı da təmkinli olmaqda fayda var”.  

Xatırladaq ki, sabah sertifikatlaşdırma  prosesinin test mərhələsinin son günüdür.