Mir Cəlal Paşayev və müəllim təcrübəsi: insanlıq fəlsəfəsinin canlı təzahürü
İnsan təbiəti okeanın ənginliklərində kəşf olunmağı gözləyən zülmət qədər əsrarəngiz və sirlidir. Bəşər tarixi boyunca bu möcüzəvi təbiəti qaranlıqdan aydınlığa çıxarmaq təsir nöqtəsi subyekt olan sahələrlə maraqlanan 2 universal fiquru – yazıçını və müəllimi dərindən narahat edib, onları ucu-bucağı bilinməyən axtarışlara sövq edib.Nasir bu axtarışlara cavabı müşahidələrindən doğan, öz qələmindən çıxan və təxəyyülünün məhsulu olan obrazları kağız üzərində əks etdirməklə tapırsa, müəllim buna canlı obrazları, yəni öz şagirdlərini təhlil etmək və qiymətləndirməklə nail olur.
İlk baxışdan elə görünür ki, yazıçının öz hekayəsinin qəhrəmanı üzərində tam hakimiyyəti var, müəllim isə yalnız sərhədlər daxilində öz şagirdlərinə təsir göstərə, toxuna bilər. Bu nöqtədə pedaqoq və ədəbiyyat xadimini fərqləndirən ən əsas məqam üzə çıxır: yazıçı subyekti cansızdır və onun davranışları müəllifin təxəyyülü ilə hüdudlanır. Müəllimin sirayət etdiyi subyekt isə canlıdır, ideallıqdan uzaq, proqnoz edilən, amma nəticəsi dəyişkənlik göstərəndir. Müəllim onu idarə edə və subyektinin fəaliyyətinin nəticəsini əminliklə müəyyən edə bilməz, o yalnız öz toxunuşuyla subyektini məqsədyönlü istiqamətləndirmək iqtidarındadır. Müəllimin tələbəsinə verdiyi yönün onu çatdıracağı mənzil öz müxtəlifliyi, rəngarəngliyi və imkanlarının zənginliyi ilə yazıçının finalda obraz üçün uyğun gördüyü sonluqdan kəskin fərqlənir. Deməli, pedaqoqun təsiri ay işığına bənzəyir. Bütöv ayın yüz min kilometrlərlə uzaqdan nəhəng okeanın dalğalarını qabartdığı kimi, onun incə düşünülmüş toxunuşları tələbəsinin həyat trayektoriyasını bütünlüklə dəyişməyə qadirdir. Bu baxımdan müəllim baş qəhrəmanı şagird olan “Tədris” filminin rejissorudur. O, obrazını özü seçmədiyi, ssenarisinin müəllifi olmadığı incəsənət nümunəsini öz imzası ilə şah əsər səviyyəsinə də yüksəldə, yaxud tarixin tozlu səhifələrindən birinə də çevirə bilər.
İnsanın kamilliyinin ən uca zirvəsinə yüksəlməsinin yeganə yolu məqsədli istiqamətləndirilmiş özünüdərk mərhələsindən keçir. İnsan övladının daxili aləminin gizliliyinin aşkara çıxması yalnız təhsil və şüurlu təkamüllə mümkündür. Düzgün istiqamətləndirilmiş təlimdən keçən insan öz təbiətini nəinki tanıya və idarə edə, hətta, dəyişdirə də bilər. Öz taleyinin ağası olan insan isə təkcə öz həyat yolunun deyil, tarixin də gedişatını dəyişdirəcək qüvvəyə sahibdir. Şərqin fatehi, görkəmli tarixi şəxsiyyət Makedoniyalı İsgəndər öz müəllimi - dövrünün ən yüksək qiymətləndirilmiş filosofu Aristotel haqqında belə deyirdi: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə məni yerdən göyə qaldırdı”. Təsadüfi deyil ki, tarixə öz adını qızıl hərflərlə həkk etdirmiş İsgəndər məhz Aristotel kimi bir filosof tərəfindən yetişdirilirək öncə öz potensialının zirvəsini, daha sonra isə demək olar ki, bütöv bir qitəni fəth etmişdir.
Yazıçı və müəllimi bu nöqtədə bir vacib xüsusiyyət birləşdirir, hər ikisi öz əsərlərinin baş qəhrəmanlarının daxili aləmini açmağa, potensiallarını kəşf edib ortaya çıxararmaqla onları mümkünlük dairəsində ideallaşdırmağa çalışırlar. Azərbaycan mühitində həm ədib, həm də pedaqoq kimi uğurlu həyat və yaradıcılıq yolu keçmiş ən nümunəvi şəxsiyyətlərdən biri Mir Cəlal Paşayev olmuşdur. Yazıçı sadə hekayələrdəki adi mətləblərin yüksək bədii şəkildə təsviri ilə oxucusuna dərin hisslər, saf duyğular, pak əxlaqi-mənəvi keyfiyyətlər aşılayır. Mənəviyyat dərsləri kimi səslənən hekayələr yazmaqda ardıcıllıq nümayiş etdirməsi Mir Cəlalın həm də bütün ömrü boyu müəllimlik fəaliyyəti ilə məşğul olmasından irəli gəlirdi. Onun üçün hekayə sanki özünəməxsus bir auditoriya idi. Müəllifin hekayələrinin həcmi ilə dərs saatının vaxtı da bu baxımdan bir-birini tamamlayır.
Necə ki, Mir Cəlalın yaradıcılığının zirvəsini bəzəyən Baharı, Qədiri, Ağcası vardı, mənim hekayələrimin də baş qəhrəmanları Fərid, Mələyin timsalında olan şagirdlərimdir.
Bir pedaqoq kimi inklüziv təhsillə olan ilk təcrübəm məhz Mələk adlı şagirdimlə 2009-cu ildə tanışlığımdan başlayır. Belə ki, kiçik yaşlarında sağlamlığı ilə bağlı müxtəlif çətinlikləri aşaraq ümumi orta təhsilin ilk pilləsinə qədəm qoyan Mələk öncə özünü yaşıdlarından fərqli görür, arxa plana qoyur və bu aydın sezilirdi. Tədris prosesindən məsul şəxs kimi mənim qarşımda Mələyə münasibət üçün 2 seçim dayanırdı. Birinci seçim kimi mən şagirdimə xüsusi diqqət, qayğı və zaman ayırmaqla onun üçün yoldaşlarından fərqli qiymətləndirmə meyarları, güzəştli tələblər qoya bilərdim. Bu yanaşmam, nə qədər xoşniyyətli və intuitiv səslənsə də, onun kimi həssas, emosional intellekti yüksək şagirdin özünü fərqli hiss etməsinə səbəb olaraq psixoloji durumuna və dolayısı yolla tədris nəticəsinə də neqativ təsir göstərə bilərdi. Bu halda mən özünü məsuliyyətli, bacarıqlı və əzmkar şagird kimi sübut edən Mələk üçün tədris prosesinin tələblərinə uyğun qiymətləndirmə meyarlarını tənzimləmədən onun potensialına güvənməyi seçdim. Bu da onun qətiyyətli xarakterinə tam müvafiq idi.
Mələyə olduğu kimi yanaşmaq mütləq idi. Çox keçmədən onunla işləyərkən topladığım informasiya, gəldiyim qənaətlərə əsasən tutduğum mövqe öz töhfəsini şagirdimin zamanla özünü aid olduğu kollektivin tamhüquqlu üzvü kimi görən və ən əsası, buna inanan fərdə çevrilməsi ilə verdi. Sağlam öyrənmə mühiti keçdiyi terapiyalarla bərabər, motorikasının inkişafını daha da sürətləndirirdi. Bir müəllim kimi ən böyük mükafatım isə artıq özü də ixtisas sahibi olmuş şagirdimdən illər sonra eşitdiyim “Mənim üçün məktəb illərimin ən yaddaqalan personajı, sevimli müəllimi siz olmusunuz” cümləsi oldu.
İbtidai sinif rəhbəri kimi pedaqoji fəaliyyətimin birinci günündə- 2012-ci il 15 sentyabr tarixində şagirdlərlə ilk dəfə tanışlığım zamanı arxa partada əyləşmiş ucaboylu, qarabəniz, irigözlü bir oğlan ayağa qalxarkən dərin və mənalı baxışlarıyla mənim diqqətimi xüsusilə cəlb etmişdi. Aram-aram danışan, nitqində lakonikliyi qoruyan kiçikyaşlı məktəblinin çəkingənliyi diqqətimdən kənarda qalmamışdı. Onun bu ürkəkliyi özünü arxa planda qoymaq istəyində, ünsiyyət qurarkən göz kontaktından yayınmasında, keçirdiyi güclü həyəcandan dolayı səsinin titrəməsində özünü aydın büruzə verirdi. Lakin mən ilk gündən təhsilalanın işığının bütün maneələri kölgədə qoyacaq qədər parlaq olmasını müşahidə edirdim. Məhz bu səbəbdən “Elm ağlın çırağıdır” adlı sinif guşəsi yaratdığım, elə həmin şüar ilə də rəhbərlik etdiyim sinifdə məramlı şəkildə şagirdlərin mənə dərsdən əlavə öyrənmənin təşkili ilə əlaqədar rahatlıqla müraciət edə biləcəyi əlçatan tədris mühiti formalaşdırdım. Sözügedən əlçatanlığın yaranması isə təlim prosesində məzmun standartlarını mənimsəməklə paralel onları möhkəmlətmək və öyrənilmiş bacarıqları daha da inkişaf etdirmək üçün istifadə olunmuş resurslarla birbaşa bağlıdır. Qısa bir müddətdə səylərimin tumurcuqlanmağa başlamasını görmək səadəti mənə Fərid və onun simasında digər şagirdlərimin şəxsi inkişafını addım-addım izləməklə nəsib oldu. Öyrənmə resurslarını zənginləşdirmək kimi dünya üçün kiçik, mənim və şagirdlərim üçün böyük olan bu addımın məktəblilərin təkcə müəllimə və məktəbə deyil, eyni zamanda ümumilikdə təhsilə olan baxışını formalaşdırdığını, onlara tədrisdə sərbəstlik, öyrənmə azadlığı və həvəsi kimi dəyərlər aşıladığını görmək məndə də identik hisslər oyadaraq şagirdlərin rifah səviyyəsini daha da yüksəltməyim üçün stimul verirdi.
Şagirdlərimdən geridönüş olaraq gələn xarici motivasiya daxili motivasiyamla səsləşərək vəhdət yaradırdı. Həmin vəhdətin meyvəsi də onların saysız-hesabsız uğurlarına şahid olmaq və həyatlarındakı kiçik toxunuşlarıma görə minnətdarlıqlarını öz dillərindən eşitmək olurdu. Fəridin gündən-günə inkişaf edən səlis nitqi, çalışqanlığının təkmilləşməsi mənim proqnozlarımın doğruluğunu təsdiq edərək artan tədris rifahının şagirdin potensialının aşkarlanması və reallığa çevrilməsindəki rolunu sübuta yetirir. İllər bir-birini əvəz etdikcə öz üzərində dayanmadan çalışıb zehni və mənəvi keyfiyyətlərini təkmilləşdirən Fəridin yerli və beynəlxalq riyaziyyat olimpiadalarında əldə etdiyi ardıcıl uğurlar, tam orta təhsili qızıl fərqlənmə nişanı ilə başa vurması və hazırda dünyanın ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil alması təqdirəlayiqdir. Lakin şagirdin bu uğuruna zəmini akademik təməldən ziyadə kiçikyaşlı məktəbli dövründən başlayaraq mənim simamda pedaqoqları tərəfindən aldığı düzgün istiqamətləndirmə, gördüyü mənəvi dəstək və aldığı güvən hissinin onda yaratdığı özünəinam, motivasiya və əzmkarlıqdan meydana gəlir. Fərid, hətta, bir neçə il əvvəl təyinat aldığım və hazırki iş yerim olan ümumitəhsil müəssisəsində olimpiada ənənəsi formalaşdırmaq məqsədilə şagirdlərlə könüllü olaraq, tam təmənnasız məşğul olub. Materikin digər tərəfində çıxdığı inkişaf yolunda qətiyyətlə irəliləyən Fərid bugünkü gün də öz müəllimi ilə sıx ünsiyyətdədir.Geriyə dönüb baxanda biz həmişə ilk “Bilik günü”nü və o gündən bəri keçdiyimiz inkişaf yolunu xatırlayır, hər ikimiz də qürur hissi keçiririk.
Beləliklə, müəllim insanın daxili aləminin dərinliklərinə enib onu kəşf etmək axtarışında qismən ədibə bənzəyir: Öz hekayəsinin baş qəhrəmanını potensialı çərçivəsində ideallaşdırmağa cəhd edərkən o, əsərin kulminasiya nöqtəsində xarakterlərin mənəvi dünyasını açmağa çalışan yazıçını xatırladır. Müəllimin öz subyekti üzərindəki toxunuşlarının taleyüklü əhəmiyyəti müəllifin obrazının müqəddəratını təyin etməsi qədər qəti və müəyyən deyil: O, heç bir süjet xətti, stabil obrazlar, məkan və ya zamanla məhdudlaşmır, onun limitləri yalnız subyektin öz zehnində, ruhundadır və onlardan azad olmaq da öz əlindədir.
Pedaqoq yalnız fərdin daxilindəki potensialı aşkara çıxararaq onu sərhədlərindən azad edə və bu istiqamətdə onu doğru yönləndirərək, ən yüksək insanlıq zirvəsinə - öz təbiətini tanıyan, idarə edən və dəyişdirən individuallığa qaldıra bilər. Pedaqoji təcrübəmdən seçdiyim hər iki şagird nümunəsi müəllimin verdiyi yönlə hədəfə gedən yoldakı maneələri dəf edərək məqsədlərinə çatanlardır. Nəticə önəmlidir, lakin ondan da önəmlisi nəticəyə gedən yolda qarşılaşılaşdığımız çətinliklər və onları aşmaq üçün kəşf edilmiş həll yollarıdır. İnsanlıq fəlsəfəsi humanizm pedaqogikasının amalı ilə ahəngdardır. Diferensiallığın təmin edilməsilə paralel inklüziv öyrənmə mühiti yaradılması müəllimin qayəsidir.
Mir Cəlal Paşayevin müəllimliklə bağlı idealogiyasında olduğu kimi, müəllimin vəzifəsi yalnız bilik öyrətmək deyil, şagirdlərinin qəlbinə toxunuş etməyi bacarmaqdır. Müəllimlik yükü insanlığı zülmətdən aydınlığa çıxarmaq, bəşər övladının özünün ən yüksək səviyyəsinə çatmasından məsuliyyət daşımaqdır. Əgər ən yüksək mərtəbə insanlıqdırsa, ondan da yüksəyi müəllimlikdir.

Oksana Əliyeva,
Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini



