Misir məktəblərində tədris ilinin müddəti uzadılıb

18 Avqust, 2026 - 11:32
Misir məktəblərində tədris ilinin müddəti uzadılıb

Misirin Təhsil və Texniki Təhsil Nazirliyi yeni təhsil proqramlarının Beynəlxalq Bakalavriat Təşkilatı tərəfindən təsdiqləndiyini açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Misirin təhsil naziri Məhəmməd Əbdüllətif 2026/2027-ci tədris ilində faktiki dərs günlərinin sayı əvvəlki illərdəki 116 gündən 183 günə çatdırılacağını açıqlayıb. Onun sözlərinə görə, bu dəyişiklik tədris proqramlarının tam mənimsənilməsi üçün kifayət qədər vaxtın yaradılması məqsədi daşıyır.

Yeni təhsil proqramlarında maliyyə savadlılığına da yer veriləcək. Şagirdlər fond bazarı, səhmlər və startap şirkətləri kimi mövzularla tanış olacaqlar. Həmçinin proqramlaşdırma və süni intellektin tədrisə daxil edilməsi nəzərdə tutulur. Bunun şagirdlərin problem həll etmə bacarıqlarının inkişafına xidmət edəcəyi bildirilir.

Yeni tədris ili beynəlxalq məktəblərdə sentyabrın 6-da, dövlət məktəblərində isə sentyabrın 12-də başlayacaq.