“Müəllim, əsgər olaq?” – Xıdırlı kənd bağçasından REPORTAJ
İşğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən canlanır, balacaların şən gülüşü isə yenidən qurulan kəndlərə xüsusi ab-hava qatır. Ağdam rayonunun Xıdırlı kəndində fəaliyyətə başlayan körpələr evi-uşaq bağçası da bu canlanmanın rəmzlərindən biridir.
120 yerlik bağçada qrup otaqları ilə yanaşı, musiqi otağı və idman zalları da var. Bağçada uşaqların özlərini rahat və qayğısız hiss etmələri üçün hər cür şərait yaradılıb. Hazırda bağçada 15 uşaq olsa da, bu say köç prosesinə uyğun olaraq getdikcə artır.
"Azərbaycan müəllimi" yenicə fəaliyyətə başlayan Xıdırlı kənd körpələr evi-uşaq bağçasından hazırladığı reportajı təqdim edir.
Saat 8:00-da artıq bağçanın əməkdaşları uşaqların yolunu gözləyirlər. Körpə fidanlardan kimisi yarıyuxulu, kimisi əlində oyuncağı ilə içəri daxil olur.
Bizi görüb çəkinənlər də var, gəlib salam verib, oynamağa dəvət edənlər də. Onları bağçanın binasına yola saldıqdan sonra bağçada tərbiyəçi kimi fəaliyyət göstərən Xoşqədəm xanımla söhbətə başlayırıq.
Xoşqədəm Səmədova "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə belə müasir müəssisələrin yaradılmasının dövlətimizin uşaqlara və gələcəyə verdiyi dəyərin göstəricisi olduğunu deyir.
O, Bakı şəhərində anadan olub. İlk fəaliyyətinə Xətai rayon 8 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi kimi başlayıb. 2000-ci ildə Nəsimi rayon 29 nömrəli körpələr evi-uşaq bağçasında davam edib. Hazırda isə Xıdırlıda fəaliyyət göstərir.
"İlk dəfə idi ki, işğaldan azad olunmuş Ağdama gəlirdim. Xıdırlıya. Həyat yoldaşım Xıdırlıdandır. Yaşadığımız evin açarları ölkə başçısının iştirakı ilə bizə təqdim olundu. Dövlət başçısı İlham Əliyev və qardaş Qırğızıstan dövlətinin rəhbəri Sadır Japarova minnətdarlığımız sonsuzdur. Bağçamızda körpələrin təlim-tərbiyəsi və hərtərəfli inkişafı üçün bütün zəruri şərait yaradılıb. Doğma torpaqlarımıza həyatın qayıtması, uşaqların gülüş səsinin eşidilməsi hər birimizi qürurlandırır".
Tərbiyəçi ana qayğısı, diqqəti ilə əhatələyir körpələrini. Özünün də dediyi kimi, yeri gələndə onların aşpazları, həkimləri, dərziləri, eləcə də digər peşə sahibi olur.
"Gün ərzində uşaqların təlim-tərbiyəsi ilə məşğul olur, oyunlar oynayır, onların davranışlarını müşahidə edir və fərdi inkişafına diqqət edirəm.
Bilirsiniz bu dövrdə aşkarlanan istedad və bunun diqqətdə saxlanması onların gələcək inkişafında əhəmiyyətli ola bilər.
Bir neçə il əvvəl fəaliyyət göstərdiyim bağçalardan birində Fərhad adlı bir uşaq var idi. Qrupda musiqi məşğələsi zamanı pianoya yaxınlaşır və eşitdiyi musiqini ifa etməyə çalışırdı. Mən də pianoda ifa etməsi üçün ona bir neçə musiqi dinlətdim. Fərhad cəmi 5 yaşının olmasına baxmayaraq, bacardığı qədər yaxşı ifa edirdi. Valideynləri ilə əlaqə saxladım, Fərhadın musiqi ifasını onlara bildirdim. Düzü valideynləri inana bilmədilər. Çünki evlərində heç pianonun olmadığını dedilər. Vaxt gəldi, Fərhad böyüdü və Musiqi Akademiyasında təhsilinə davam etdi. Zamanında belə uşaqları görmək, onlara dəstək olmaq, yeni bacarıqlar qazanmasını görmək sevindirici haldır. Bəzən insanlarda elə fikir olur ki, bağçada işləmək asandır. Xeyr. Bu, məsuliyyətli peşədir. Hər bir tərbiyəçidə ilk növbədə səbir, sevgi və peşəkarlıq olmalıdır ki, bütün çətinliklərin öhdəsindən gələ bilsin. Bir tərbiyəçi kimi üzərimdə daim işləyir, yeni təlim metodlarını öyrənir, uşaqların sağlam, savadlı, milli-mənəvi dəyərlərimizə bağlı böyüməsi üçün çalışıram".
Xoşqədəm müəllim danışır, bizə fikirlərini çatdırır. Amma diqqətini balacalardan ayırmır. Hər hərəkətlərinə incəliklə fikir verir, pəncərəyə çox yaxınlaşmamalarını bildirir.
Birdən "müəllim, əsgər olaq, onun kimi kimi edək?", - deyən balacanın səsi bizi söhbətdən ayırır. Maraq məni alır. Əsgər kimi? Bu necə olur?
Həmsöhbətim heç nə demədən əyani göstərməyin ən yaxşısı olduğunu deyir:
Sən demə, uşaqlar stol başında dövrə vurub, addımlamağı əsgərlərin hərəkətinə bənzədir və bu onların ən sevdikləri məşğuliyyətləridir. Sonra ətrafında dövrə vurduqları stolda əyləşib, rəngli kağız və yapışqanlardan istifadə edərək onlardan nələrsə hazırlamağa başlayırlar.
Xoşqədəm müəllim onlara yaxınlaşır, inşa etdiklərini, qurmaq istədiklərini öyrənməyə çalışır:
İlk Tofiqdən başlayır, o, körpü düzəldib. Müəllimi ona "Afərin" deyir, körpünün rəngini soruşur. Tofiq isə yanındakı dostunun onun "tikdiyi" körpüyə baxdığını görüb "sən də düzəlt", - deyə məsləhət də verir.
Sonra narıncı hasara baxırıq, o, hələ bitirmədiyini deyir. Rənginin qırmızı, ya narıncı olmasında özü də hələ tərəddüdlüdür.
Xalid isə düzəltdiyini göstərməmiş uçquna məruz qalır. Düzəltdiyinin nə olduğuna qərar verə bilməsə də, ciddi-cəhdlə bizə işini bitirdiyini deyənlər də var.
Sonra mavi kərpiclərdən kəpənək düzəldən Sərxana baxırıq. Böyük sevgi ilə "cöy" rəngdəki kərpiclərdən ərsəyə gətirdiyi qanadları bizə göstərir. Utanır, əllərini üzünə tutur, arabir üzündəki məsumluq qarışıq gülüşlərini də bizə göstərməyi unutmur.
Kərpiclərdən qurduğu yeni "tikilisini" bizə göstərmək istəyənlər, yoldaşının uçurduğu kərpicləri görüb kövrələnlər, hamısını qucaqlayıb, “mənimdir” deyən körpələrdən başqa, ortada gəzən, sakitliklə yoldaşlarına baxan körpələr də arabir bizə yaxınlaşır, sonra yenidən uzaqlaşırlar.
Müxtəlif rəngləri bir araya gətirib ev quran Fidan da müəllimindən "Afərin" alır. Bayaqdan dinc durmağa çalışan, amma bir o qədər də dəcəllik edən Uğura da növbə çatır. Maşın düzəltdiyini, ancaq böyük olduğunu deyir. Xoşqədəm müəllim gülümsəyir. Uğurun "evakuator" düzəltdiyini deyir. Mavi və yaşıl rənglərin seçimi arasında qalan Uğur sonda mavi kərpicdən istifadə etmək qərarını verir. Bayaqdan bəri əlləşib vuruşan Xalidin nəhayət ki, hündürmərtəbəli binasını görürük. Əlində olan oyuncağını da heç yerə qoymaq istəmir. Deyəsən inşa etdiyi "bina"nı elə oyuncağı üçün tikib.
Sonda bütün körpə fidanlar müəllimlərindən böyük bir "Afərin" alırlar. “Müəllim, su istəyirəm”, “axı mənim rəsmim qaldı”, “çölə çıxaq, mənim yuxum gəlir”, - deyən körpələrin nazını sevə-sevə çəkir Xoşqədəm Səmədova.
Onlara mane olmamaq üçün otaqdan yavaşca çıxırıq. Qəfil eşitdiyimiz qarışıq səslərə dönürük:
- Bəs sən bizimlə yemək yemirsən? Balacalardan gələn bu qəfil dəvət üçün təşəkkür edib bağçadan ayrılırıq.
İllərdir boş qalan küçələr, evlər indi doğma sakinləri ilə canlanır. Uşaqların bir-birinə qarışan gülüş səsləri hər yerə yayılır. Qurulan təkcə binalar deyil, ümidlərdir, gələcəkdir.



