Müəllim olmaq istəyirdi, kimyaçı alim oldu - Bir gəncin hekayəsi

30 Yanvar, 2026 - 17:10
Müəllim olmaq istəyirdi, kimyaçı alim oldu

Müəllim olmaq üçün yola çıxsa da, sonradan elm yolu ona daha cəlbedici görünüb. Gəncliyini elmi araşdırmalara həsr edən gənc mütəxəssis Ülviyyə Qurbanova kimya üzrə fəlsəfə doktorudur. 

Təbiəti anlamaq üçin kimyaçı oldu

Gənc kimyagər 2010–2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya müəllimliyi” ixtisası üzrə bakalavr, 2014–2016-cı illərdə isə Bakı Dövlət Universitetinin “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Kimyaya aşiq bir gəncdir: “Mənim üçün kimya təkcə bir ixtisas deyil. Kimya təbiəti anlamaq, onun qanunauyğunluqlarını dərk etmək və bu biliklər vasitəsilə real problemlərə elmi əsaslarla yanaşmaqdır”.

Təbiəti daha dərindən anlamaq eşqi Ülviyyədə onu daha dərindən öyrənmək həvəsi yaradıb. Bu məqsədlə elmi müəssisəyə üz tutub, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda (həmin vaxt Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlanırdı) fəaliyyətə başlayıb: “2016-cı ildə institutda kiçik elmi işçi kimi fəaliyyətə başladım. Elmi mühit, laboratoriya işi və aparılan tədqiqatlar məni bu sahəyə daha da bağladı və 2017-ci ildə doktoranturaya qəbul oldum”.


Doktorantura təhsili müddətində çox fəal olan Ülviyyə Qurbanova qrant layihələrində iştirak edib, müxtəlif elmi-tədqiqat institutları ilə əməkdaşlıq imkanları qazanıb: “2022-ci ildə ilkin müzakirəm, 2023-cü ildə əsas müdafiəm baş tutdu və Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının 2024-cü il qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm. Elə həmin il böyük elmi işçi vəzifəsinə yüksəldim”.

Elm səbir tələb edir

Bu yol heç də həmişə asan olmayıb. “Alınmayan eksperimentlər, işləməyən avadanlıqlar, aylarla nəticə verməyən tədqiqatlar elmin ayrılmaz hissəsidir”, - deyən gənc kimyaçının fikrincə, insan işlədiyi sahədə özünü tapmalı, işini sevməli, daim axtarışda olmalı və bir nöqtədə dayanmaqla kifayətlənməməlidir. O da kifayətlənməyib. Hidrogen enerjisi və suyun elektrolizi prosesi üçün aktiv katalizatorların axtarışı ilə məşğul olub: “Məqsədim bahalı və nadir platin (Pt) katalizatorlarına alternativ ola biləcək, daha əlçatan və effektiv materialların sintezidir. Hidrogen enerjisi və yaşıl texnologiyalar gələcəyin əsas istiqamətlərindən biridir və bu sahədə aparılan tədqiqatlar yalnız elmi deyil, eyni zamanda ekoloji və iqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır”.

Elm yolunda işıq tutur

Gənc alim ilk ixtisasını – müəllimliyi də xüsusi həvəslə davam etdirir: “Bakı Dövlət Universitetində magistratura təhsili alsam da, Azərbaycan Dövlət Pedaqoji Universitetində qazandığım müəllimlik düşüncə tərzi bu gün də elmi fəaliyyətimdə və tələbələrlə ünsiyyətdə özünü göstərir. Hazırda iki magistrantın elmi rəhbəriyəm və biliklərimi gənc tədqiqatçılarla bölüşmək mənim üçün xüsusi mənəvi dəyər daşıyır”.

Gənc kimyagər zamanla anlayıb ki, elm səbir tələb edir. Səbir isə bir qadının ən yaxşı bacardığı keyfiyyətdir. Ancaq səbirlə də iş bitmir. Elm kifayət qədər böyük qurbanlar istəyir. O, bunu yaxşı bilir və yolundan dönməyəcək: “Məsələn,  polyak əsilli fransız kimyaçısı və fiziki Mariya Küri bütün həyatını elmə həsr edib, maddi çətinliklərə və cəmiyyətin qərəzli münasibətinə baxmayaraq, iki Nobel mükafatı qazanıb. Liza Meytner isə nüvə fizikasında fundamental kəşflərə imza atsa da, uzun müddət layiq olduğu elmi tanınmanı ala bilməyib. Bu qadın alimlərin həyatı göstərir ki, elm cinsiyyət tanımır, yalnız zəhmət və fədakarlıq tələb edir. Akademik Lev Landau ağır yol qəzasından sonra illərlə sağlamlığı üçün mübarizə aparsa da, elmi düşüncədən heç vaxt uzaqlaşmayıb. Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyev isə çətin tarixi dövrlərdə elmə sadiq qalaraq kimya elminin inkişafında mühüm rol oynayıb. Bu nümunələr bir daha sübut edir ki, elm rahat yol deyil, lakin mənalı yoldur”.

Gənclərə tövsiyə edir: “Elm yalnız istedadla deyil, səbir və davamlılıqla qazanılır. Əgər bir mövzu sizi həqiqətən maraqlandırırsa, qarşılaşdığınız çətinliklər yolunuzu kəsməməli, əksinə sizi daha da möhkəmləndirməlidir. Çünki elm yorulmaq sevmir - elm axtarış, yıxılıb yenidən qalxmağı sevir. İnanıram ki, elmə sevgi ilə yanaşan, daim öyrənən və inkişaf edən gənclər Azərbaycanın gələcək elmi uğurlarının əsasını təşkil edəcəklər. Biz üzümüzü günəşə çevirdikdə kölgəmiz arxamızda qalır. Ona görə də daim irəli getməliyik ki, kölgəmiz də bizim arxamızca qaçsın”.

Qazandığı bilik və təcrübəni ölkənin elmi potensialının inkişafına yönəldəcək

Gənc alim deyir ki, müxtəlif elmi müsabiqələrdə iştirak edib, sertifikatlarla təltif olunub. 2024-cü ildə “İlin gənc alimi” diplomuna layiq görülüb və bu onun elm yolunda etdiklərinin mükafatıdır. Fəallığını gələcəkdə də davam etdirmək niyyətindədir: “Azərbaycanda alim olmuşam və vətənimdə yaşayıram. Əsas məqsədim qazandığım bilik və təcrübəni ölkəmin elmi potensialının inkişafına yönəltməkdir. Bu məqsədlə xarici elmi konfranslarda iştirak etmək, beynəlxalq təcrübə qazanmaq və gələcəkdə xaricdə elmi-tədqiqat institutlarında çalışmaq planlarım da var”.