Türk Dünyası Ali Təhsil Məkanının yaradılması prosesində irəliləyiş var – Erol Özvar
Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu Təhsil Nazirləri Toplantısında başlıca olaraq Türk Dünyası Ali Təhsil Məkanının yaradılması məsələsi diqqətdə olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, qlobal dünyada ali təhsil sahəsindəki ümumi problemlərin də müzakirə edildiyi toplantıda çıxış edən Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar qeyd edib ki, 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Toplantısında qəbul edilmiş bəyannamədə yer alan “Türk Dünyası Ali Təhsil Məkanı”nın yaradılması ilə bağlı proses irəliləyir. “Dövlət başçılarımızın razılaşdığı kimi, Türk Dünyası Ali Təhsil Məkanının öz institutları və prinsipləri əsasında qurulması və fəal şəkildə fəaliyyət göstərməsi hamımızın ortaq məsuliyyətidir”, - deyə E.Özvar bildirib. O, bu istiqamətdə işlərin sürətlə başlanmasının və növbəti zirvə toplantısında görülən işlərin mərhələləri barədə dövlət başçılarına məlumat verilməsinin vacibliyini vurğulayaraq “Bu məsələdə irəliləyiş əldə edəcəyimizə inanıram”, - deyib.
E.Özvar qeyd edib ki, Ali Təhsil Şurası olaraq Şuşada keçirilən 8-ci Təhsil Nazirləri Toplantısında “Türk Dünyası Ali Təhsil Məkanı Məlumat Bankının yaradılması”, “Diplomaların tanınması və ekvivalentliyinə cavabdeh agentliyin yaradılması”, “Türk Dövlətləri Təşkilatının Ali Təhsil Fondunun yaradılması” və “Türk Dünyası Ali Təhsil Məkanı üzrə Keyfiyyət Təminatı Agentliyinin yaradılması” olmaqla dörd təklif irəli sürülüb.
E.Özvar bu təkliflərlə təşkilata üzv ölkələrin ali təhsil sistemləri arasında daha güclü uyğunluğun təmin edilməsini hədəflədiklərini vurğulayıb.
TDT-yə üzv ölkələrin liderlərinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılmasını dəstəklədiklərini qeyd edən E.Özvar bildirib: “Sizin dəstəyiniz və əməkdaşlığımız sayəsində Qəbələ Zirvəsində liderlərimiz tərəfindən Türk Dünyası Ali Təhsil Məkanının yaradılması vizyonuna dəstək verilməsi mümkün olub”.
O, həmçinin bildirib ki, Ali Təhsil Şurasının təklifləri Türk Universitetlər Birliyi (TURKUNIB) tərəfindən də ətraflı şəkildə müzakirə olunub və üzv ölkələrin milli qanunvericilikləri nəzərə alınmaqla texniki görüşlərin keçirilməsi barədə qərar qəbul edilib.


