Müəllim peşəsinin nə qədər çətin olduğunu hamımız bilirik - Emin Əmrullayev
"Təhsil yerində dayanan bir proses deyil, daim axan və dəyişən bir sistemdir. Ona görə də təhsilə dinamik bir sistemin dəyişən mühitə uyğunlaşdırılması məsələsi kimi baxmaq lazımdır. Əsas məqsəd isə dəyişmir: şagirdlər, uşaqlar, təhsilalanlar öyrənməlidirlər. Onlar öyrənirsə, problem yoxdur, öyrənmirlərsə, problem var".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, artıq səkkizinci sinfi bitirmiş bir insanın növbəti nəsli yetişdirməsi mümkün deyil: "Əvvəllər yeniliklər beş-on ildən bir baş verirdisə, indi hər il dəyişikliklər olur. Bu mənada müəllim peşəsinin nə qədər çətin olduğunu hamımız bilirik. Bu istiqamətdə daha yaxşı tədris edən müəllimlərin sayının artması, uzunmüddətli perspektivdə təhsilin daha keyfiyyətli olması deməkdir".
Emin Əmrullayev bildirib ki, yaxşı müəllim yalnız öz fənnini bilən müəllim deyil, həm də əməkdaşlıq edə bilən müəllimdir:
"Yaxşı müəllim, eyni zamanda, düzgün qiymətləndirə bilən müəllimdir. Düzgün qiymətləndirmək isə yüksək qiymət yazmaq demək deyil. Bu, şagirdə geribildirim verə, onun boşluqlarını izah edə bilən müəllim olmaq deməkdir".
Nazir söyləyib ki, qiymətləndirmə sahəsində də əsaslı dəyişikliklər etməliyik:
"Müəllimlərin uşaqlara hansı sualları verməsi, müəllimlərin işə qəbulunda hansı suallardan istifadə etməyimiz və müəllimi hansı meyarlarla seçməyimiz əsas məsələlərdir.
Biz hələ də insanın oxu bacarığını ölçən çox yaxşı suallar yaza bilmirik. Yazırıq, amma kifayət qədər yaza bilmirik. Riyazi təfəkkürü ölçən sual yazmaq, tarixdən düşüncə tərzini müəyyənləşdirən sual hazırlamaq hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaqdan daha çətindir. Təhsil sahəsində söhbət yalnız konkret bir imtahandan getmir. Sual hazırlamaq, düzgün sual vermək məsələsi son dərəcə önəmlidir. Gələcəyin standartları təkcə suallara cavab verməklə deyil, hansı sualların soruşulması ilə müəyyən olunacaq", – deyə nazir qeyd edib.




