Müəllim və şagirdlərin geyim tələbləri olacaq: Qanun təsdiqləndi

22 İyul, 2026 - 14:44
Müəllim və şagirdlərin geyim tələbləri olacaq:

Azərbaycan Prezidenti İlham Əliyev “Ümumi təhsil haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Azərbaycan müəllimi” xəbər verir ki, dəyişikliyə əsasən, “Ümumi təhsil haqqında” Qanuna ümumi təhsilin əsas prinsiplərindən biri kimi “millilik və dünyəvilik” prinsipi əlavə olunub. Artıq millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alacaq.

Qanuna edilən dəyişikliklərdən biri dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin qoyulmasıdır.
Qanuna görə,  dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Bununla yanaşı, qanuna əlavə edilən yeni maddəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər müəyyən edilmiş geyim tələblərinə riayət etməlidirlər.

Dəyişikliklər valideynlərin məsuliyyətini də əhatə edir. Belə ki, dövlət ümumi təhsil müəssisələrində valideynlər (və ya qəyyumlar) övladlarının məktəbli geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməsini təmin etməlidirlər.