“Müəllimin geyimi və bəzəyi haqqında” – Qəzetimizin arxivindən
“Azərbaycan müəllimi” 20 noyabr 1968-ci il №93
Redaksiyaya gələn bir sıra məktublarda bəzi müəllimlər pedaqoqların geyimi və bəzəyi haqqında suallar verirlər. Redaksiya həmin müəllimlərin suallarına cavab verməyi professor M. Muradxanovdan xahiş etmişdir. Aşağıda biz onun bu xüsusdakı məqaləsini dərc edirik.
“Adamın necə geyinməsi və bəzək şeyləri gəzdirməsi məsələsi davranışda sadəliyə aiddir. Sadəlik isə əxlaqi keyfiyyətdir. Bunun həm də estetika ilə əlaqəsi vardır. Hələ qədim zamanlardan xalq həmişə insanın rəftarı və geyimində sadəliyi yüksək qiymətləndirmiş, rəftarda əzilib-büzülməyə, geyimdə həddini aşan təmtəraqlığa, zinətlərini gözə çarpdırmağa tənqidi münasibət bəsləmişdir.
Sadəlik vacib əxlaqi sifətdir. Peşəsindən və daşıdığı vəzifədən asılı olmayaraq hǝp bir insan işdə və məişətdə, ictimai və şəxsi həyatda özünün rəftarı və geyimindəki sadəliklə seçilməlidir.
Bütün sovet adamları üçün vacib olan bu sifət, başqa əxlaqi keyfiyyətlər kimi, pedaqoji işlə məşğul olan şəxslər üçün ikiqat əhəmiyyətlidir. Məsələ bundadır ki, həkim, mühəndis, aqronom və başqa mütəxəssislərin necə geyinməsi və bəzənməsi onların işinə təsir göstərmir, müəllimin geyimi və bəzəyi isə pedaqoji işə bu və ya başqa cür təsir edir. Məsələn, mühəndisin çox uzun bığ saxlayıb iş yerinə sırıqlı ilə və ya yun corabla, qaloşla gəlməsi tikilən evin keyfiyyətinə təsir etməz. Ancaq müəllimin uzun sırğalar taxıb, bəndrumi saç düzəldərək sinfə girməsi, özünü əzib-büzərək danışması onun dərsini poza bilər. Uşaqlar belə müəllimin izah etdiyi məsələnin məzmunundan daha artıq onun qeyri-adi sırğalarına, qəribə hala salınmış saçlarına, sözləri necə əzilə-əzilə ifadə etməsinə diqqət yetirəcəklər. Üz-gözünü həddən artıq rəngləyib məktəbə gələn və ya qəribə uzun bığ saxlayan müəllimə şagirdlər dərhal bir ləqəb qoyar, bu isə onun nüfuzuna mənfi təsir göstərər və deməli, uşaqlar üzərindəki əxlaqi təsirini xeyli zəiflədər.
Müəllim hələ ağılça tam yetişməmiş, lakin hər şeyi görüb-götürən uşaqlarla, yeniyetmələrlə işləyir. Onun bütün hərəkətləri, xarici görünüşü, geyimi, bəzəyi çox həssas uşaq gözlərinin müşahidəsi altında olur. Böyük dövlət xadimi M. İ. Kalinin əlaçı müəllimlərin müşavirəsində söylədiyi nitqində şagirdlər üzərində müəllimin bütün həyat boyu təsir göstərdiyini qeyd edərək deyir: “...Müəllim özünə fikir verməli və hiss etməlidir ki, onun hərəkətləri və özünü aparması dünyada heç bir adam üçün olmayan dərəcədə çox ciddi nəzarət altındadır. Onlarca uşaq gözü müəllimə baxır. Uşaq gözündən daha diqqətli, daha görücü, daha həssas bir şey yoxdur, bu gözlər insanın ruhi həyatının müxtəlif dəyişikliyini, bütün incəlikləri ilə dərhal sezir. Bunu möhkəm yadda saxlamaq lazımdır”.
Öz vəzifəsini yaxşı dərk edən müəllimlər bunu həmişə yadlarında saxlayır, özlərinin bütün həyatında - sinifdə və sinifdən kənarda, məktəbdə və məktəbdən xaricdə uşaqlar və yaşlılarla rəftarında bütün keyfiyyətlərini ifadə edirlər. Onların bu keyfiyyətləri içərisində rəftar da, geyim də, bəzək də, sadəlik də müəyyən yer tutur.
Geyimdə sadəlik, hər şeydən əvvəl, geyimdə adilik deməkdir. Geyimdə adilik isə nəsə xüsusi gözə çarpdırmaq niyyəti olmadan hamı kimi geyinməkdir. Geyimdə adilik “stilyaqalığın” əksidir. Stilyaqa məzmunu formaya qurban edən, qeyri-adi geyinən, qeyri-adi saç saxlayan, qeyri-adi dərəcədə bəzək şeyləri gəzdirən və bununla da öz geyimi, saçı və bəzəyi ilə başqalarından fərqlənməyə can atan, öz xarici görünüşü ilə gözə çarpmağa çalışan şəxsdir. Müəllim üçün bu qeyri-adilik yaramaz. Çünki o, öz qeyri-adi geyimi, saçı və bəzəyi ilə həm tərbiyə etdiyi uşaqların diqqətini cəlb edər və həm də onlara pis nümunə verər. Hər ikisi təlim və tərbiyə prosesinə mənfi təsir göstərər.
Geyimlə əlaqədar olaraq biz müəllimin son paltar modasına münasibəti məsələsinə toxunmalıyıq. Müəllim geyimdə modadan çox geridə qalmamalıdır, eyni zamanda o, son modanın (yəni hələ adi şəkil almamış geyim) bayraqdarı da olmamalıdır. Məsələn, indi kişi və qadın paltarları gödəlmişdir. Belə bir vaxtda əgǝr müəllim uzun palto geysə, gen şalvar, uzun pencək, uzun yubka geyinsə, dərhal şagirdlərin diqqətini cəlb edər, köhnəliyin daşıyıcısı kimi nəzərə çarpar. Əksinə, tək-tək modabazların paltosu vǝ paltarı kimi həddən artıq gödək də geyinsə, yenə də öz geyimi ilə diqqəti cəlb edər. Deməli, bunların hər ikisi pisdir. Buradan belə bir nəticə çıxır ki, müəllim geyimdə moda məsələsində orta hədd mövqeyində durmalıdır, o nə yeni modanın carçısı olmalı, nə də modadan çox geri qalmalıdır. Başqa sözlə, modanın düşkünü olmaq, təzə modalı paltar görən təki onu dərhal təqlid etmək müəllimlik peşəsi üçün layiq olmadığı kimi, yeni modanı inkar etmək, köhnə dəbdən əl çəkməmək də yaramaz.
Həyatdan ayrı düşmüş inqilabdan qabaqkı məktəbdə müəllimlər üçün vahid geyim var idi. Qadın müəllimlər üçün bu, tünd rəngli, yaxası bağlı, uzun qollu düz paltar idi. Kişi müəllimlər üçün isə bu qara mahuddan düz şalvar və qızıl düyməli frenç idi.
Həyatla sıx əlaqəsi olan bizim məktəbdə müəllimlər də adi vətəndaşlar kimi sadə geyinir və öz geyimi ilə adi vətəndaşlardan seçilmirlər. Bu da tərbiyə nöqteyi-nəzərindən düzgündür.
Bizim üçün əsas məsələ paltarın forması deyil, təmizliyi və səliqəsidir. Müəllim həmişə təmiz və səliqəli geyinməli, onun saçı daranmış, paltarı tam düymələnmiş olmalıdır. Bununla o, öz şagirdlərinə də yaxşı nümunə olur, yaxşı təqlid meyli oyadır. Əksinə, yaxalığı çirk köynək, ya kofta geymiş, paltarı və çəkməsi tozlu, palçıqlı, saçı səliqəsiz olan müəllim öz azyaşlı şagirdlərinə pis nümunə verir, böyük şagirdlərində isə istehzalı təbəssüm doğurur. Bunların hər ikisi tərbiyə üçün pisdir. O biri tərəfdən, qeyd etmək lazımdır ki, hər paltarın özünün geyinmək qaydası mövcuddur. Bunu gözləmək lazımdır. Məsələn, düz şalvarı uzunboğaz çəkmə ilə yox, adi çəkmə ilə geyərlər. Yaxalı köynəkləri soyuq aylarda qalstukla geyərlər. Bəzi müəllimlər buna etina etmirlər. Görürsən ki, düz şalvarın balaqlarını uzunqunclu çəkmənin içərisinə salıb, qış günü ağ köynəyi qalstuksuz geyirlər. Bəzi müəllimlər panama formalı papaq gəzdirməkdən çəkinirlər. Bəzi qadın müəllimlər isə məktəbdə və hətta sinifdə də baş örtüklərini çıxarmırlar. Bu, geriliyin əlamətləridir. Belə təsirlərin nəticəsidir ki, kənd yerindən gəlib Bakıda oxuyan tələbələr qalstuk taxmır, panama formalı papaq geymirlər. Qalstuk və panama formalı papaq gəzdirən tək-tək tələbələri səhv olaraq “stilyaqa” adlandırıb onlara rişxənd edirlər. Bir çox qız tələbələr isə auditoriyalarda da baş örtüyündən əl çəkmirlər.
…Müəllim, xüsusən kənd yerində çalışan müəllim mədəniyyətin ən başlıca carçısı olmalıdır. O özünün uşaqlara təsiri vasitəsilə kənddə ailələrdə mədəni-məişət qaydalarını yaymalıdır. Bu məsələlərdə başqa amillərlə bərabər geyim də müəyyən yer tutur. Əgər müəllim sinifdə yun corabla, qaloşlu, baş örtüklü dərs aparırsa, şagirdlər də onu təqlid edib sinifdə bu cür geyimdə oturacaqlar. Belə müəllim qızlara sinifdə baş yaylıqlarını açmağı da təklif edə bilməz. Əksinə, əgər müəllim adi hal almış modalı paltarda və soyuq da olsa, başıaçıq (alışmaq lazımdır!) dərs desə, o, əvvələn öz nümunəsi ilə uşaqlara təsir edər və ikincisi, bu nümunəni tez qəbul etməyən qızları başıaçıq sinifdə oturmağa məcbur edə bilər. Beləliklə, müəllim tək özünün mədəni geyiminin nümunəsi vasitəsilə yox, həm də şagirdlərə və onların valideynlərinə izahat yolu ilə təsir etməklə geyimdə mədənilik uğrunda mübarizə aparmalıdır. Bunun böyük əhəmiyyəti vardır.
Biz tələbə heyətinin əksəriyyətinin Azərbaycanın rayonlarından olan gənc oğlan və qızların ali məktəbin I və II kursunda oxuduqları müddətdə xarici görünüşcə necə dəyişdiklərinin şahidi oluruq.
Mənim işlədiyim V. İ. Lenin adına Pedaqoji İnstitutun pedaqoji fakültəsində indi III kursda oxuyan bir qrup qız tələbələrin I kursda fakültə dekanı ilə birlikdə çəkdirdikləri şəkli vardır. İndi həmin qızların paltarı da, baş örtüyü də, saç saxlaması da müqayisəedilməz dərəcədə dəyişmişdir. Biz inanırıq ki, indi adi moda səviyyəsində geyinən bu azərbaycanlı qızları kənd məktəblərində də kiçik qızların geyiminə müasir tələblər verəcəklər.
Bəzək məsələsinə gəldikdə, burada da məqaləmizin əvvəlində paltar modası haqqında dediyimiz orta həddi məsləhət görmək lazımdır. Adi həyatda, qonaq yerlərində qadın müəllim orta həddi aşmadan brilyant üzük də taxa bilər, muncuq boyunbağı və bəzəkli boğazlıq da gəzdirə bilər. Lakin məktəb, sinif cavahiratın, çoxlu qaş-daşın yeri deyildir. Buradan belə səhv nəticə çıxarılmamalıdır ki, müəllim məktəbdə adi üzük, sırğa, boyunbağı gəzdirməməlidir. Bunların hamısı olar. Ancaq orta hədd dairəsində. Müəllim mədəni rəftarı ilə şagirdlərə nümunə olduğu kimi, sadə geyimi və bəzəyi ilə də uşaqlar üçün örnək olmalıdır.

M.MURADXANOV,
professor




